Azərbaycanda Kənd Təsərrüfatı Subsidiyaları

2021-ci ildə Azərbaycan hökuməti kənd təsərrüfatı subsidiyaları üçün 506 milyon manat ayırıb, hansı ki ümumi büdcə xərclərinin 1.8%-ə bərabərdir. Subsidiya proqramının kifayət qədər yüksək xərcini, habelə kənd təsərrüfatının böyük şəhərlərdən kənarda yaşayan əhali üçün əhəmiyyətini nəzərə alaraq subsidiya proqramını qısa olaraq təhlil etmək qərarına gəldim.

Azərbaycanın kənd təsərrüfatı 90-cı illərin əvvəllərində həm Sovet İttifaqının dağılması, həm də Qarabağ müharibəsi səbəbindən tənəzzülə uğradı. 2005-2011-ci illər ərzində yaşanan neft bumu kənd təsərrüfatının milli iqtisadiyyatda rolunun arxa plana atılmasına yol açıb. İqtisadiyyata birdən-birə yüksək məbləğdə daxil olan xarici valyuta kütləsi Azərbaycan manatının məzənnəsini gücləndirərək yerli fermer və yüngül sənaye istehsalçılarını həm beynəlxalq, həm də yerli bazarlardakı rəqabətliliyinə ziyan vurub, paytaxt Bakıda mərkəzləşən neft sektoru insan kapitalı da daxil olmaqla ölkənin ən inkişaf etmiş resurslarını özünə çəkməklə digər sektorların artımını çətinləşdirib. Bütün bu faktor və proseslər kənd təsərrüfatı sektorunun inkişafdan kənarda qalması ilə nəticələnib.

Kənd təsərrüfatı sektorunun tənəzzülü təkcə iqtisadi yox, həm də sosial və siyasi problemlər gətirdiyindən son illər ərzində hökumət hər hansı bir addım atmaq məcburiyyətini ilə qarşılaşır. Məsələn, 2020-ci ildə Azərbaycanın idxal etdiyi məhsullar arasında 1-ci yerdə ərzaq malları dururdu, hansı ki ümumi idxalın 15.29%-ə bərabər olub. Təkcə buğda idxalımız bizə ildə 300 milyon dollar-a başa gəlir. Bundan savayı, daha yaxşı iş imkanları axtaran gənc əhali rayon yerlərindən paytaxta yollanır, bununla da Bakıda sıxlıq, kənd yerlərində isə əhali azlığı yaranır.

Qeyd olunan problemlərlə mübarizə etmək və kənd təsərrüfatı sektorunu dirçəltmək məqsədi ilə hökumət 2019-cu ildə kifayət qədər geniş subsidiya proqramını elan edib. 2020-ci ilin 1 yanvar tarixində qüvvəyə minən proqram aşağıdakı subsidiyaları nəzərdə tutur:

  • Dənli bitkilərin, tərəvəzlərin, bostan bitkilərinin, paxlalıların, zəfəran, tütün, pambıq, şəkər çuğunduru, kartof və bir neçə digər kənd təsərrüfatı məhsullarının əkini üçün illik subsidiya. Subsidiya hər hektar üzrə baza məbləği (hazırda 200 AZN-ə bərabərdir) ilə əkin əmsallarının hasili şəklində hesablanır. Əkin əmsalları hər il hökumət tərəfindən təyin olunur. Məsələn, 2020-ci il üçün buğdanın əkin əmsalı 1.0-a bərabərdir. Bu o deməkdir ki, buğda əkini ilə məşğul olanlar hər hektar ərazi üçün ildə 200 AZN subsidiya alır. Bəzi məhsulların əkin əmsalı 1-dən yüksək (məsələn çəltik (1.4), zəfəran (2.0), tütün (1.4), pambıq (1.1) və başqaları), digərlərinin isə 1-dən aşağıdır (məsələn qarğıdalı (0.8), darı (0.8), qarabaşaq (0.9), yer fındığı (0.9) və başqaları). Fərqli əkin əmsalları təyin etməklə hökumət müəyyən bitkilərin əkinini digərlərinə nisbətən stimullaşdırmağa nail olur.
  • 6 meyvə üzrə yeni intensiv bağların salınması üçün bir dəfəlik subsidiya verilir. Subsidiyanın dəyəri limon bağları üçün 11,000 AZN/hektar, naringi və portağal üçün 9,000 AZN/hektar, nar üçün 5,000/hektar, zeytun üçün 4,900/hektar, fındıq üçün isə 4,400/hektar olaraq təyin olunub.
  • Heyvandarlıq sahəsində hər bir buzov üçün 100 manat, hər arı ailəsi üçün ildə 10 manat, yaş baramanın hər kilosu üçün isə 5 manat məbləğində subsidiya verilir.
  • Pambıq, tütün və şəkər çuğunduru üzrə hər ton məhsul üçün əlavə olaraq məhsul subsidiyası da verilir. Məhsul subsidiyasının məbləği pambıq üçün 100 manat/ton, quru tütün üzrə 50 manat/ton, şəkər çuğunduru üzrə isə 4 manat/ton olaraq təyin olunub.
  • Müəyyən bitkilərin toxumları, habelə meyvə tingləri üçün də müvafiq olaraq kilo və ədədə uyğun illik subsidiyalar verilir.
  • Verilən subsidiya məbləği xüsusi “fermer kart”-larına əkin zamanı depozit edilir. Kart sahibləri həmin məbləğin maksimum 25%-i nağdlaşdira bilər, qalan hissəsini isə kənd təsərrüfatı məhsullarının satıldığı xüsusi yerlərdə nağdsız şəkildə (məsələn toxum və gübrə almaq üçün) istifadə edə bilər.

Subsidiya proqramı kifayət qədər geniş olduğundan onun bütün aspektlərini bir yazıya sığdırmaq mümkün deyil. Bu səbəbdən bu yazıda sırf fikrimcə proqramın əsas hissəsi olan bitkiçilik üzrə verilən subsidiyalara baxacağam.

SUBSİDİYALAR NƏ ÜÇÜN LAZIMDIR?

Əksər mövzularda adətən hökumətin bazar iqtisadiyyatında rolunun minimuma endirilməsinin tərəfdarı olmağıma baxmayaraq kənd təsərrüfatı üzrə subsidiyaları müəyyən qədər başa düşmək olar. Burada əsas iki arqument var. Birincisi Azərbaycanın milli ərzaq təhlükəsizliyidir. Belə ki, ölkəmiz özünü ərzaqla təmin etmək üçün hər il başda buğda olmaqla külli miqdarda məhsul idxal edir. Ən fundamental ərzaq məhsullarında xarici dövlətlərdən asılı olmaq isə hər bir suveren dövlət üçün arzuolunmaz haldır. Beləliklə, düzgün təşkil olunduqda, subsidiyalar kənd təsərrüfatı məhsullarının yerli istehsalını təşviq etməklə Azərbaycanın milli ərzaq təhlükləsizliyini təmin edə bilər.

İkinci məsələ isə məhz iri şəhərlərdən kənarda məskunlaşan əhalinin yaşayışıdır. Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 47%-i kənd yerlərində yaşayır (real rəqəm bundan aşağı olsa da, yenə də kifayət qədər yüksəkdir). Kənd təsərrüfatının milli iqtisadiyyatda o qədər də önəmli rol oynamamasına baxmayaraq (2020-ci ildə ÜDM-in cəmi 5.7%-i kənd təsərrüfatının payına düşüb), rayon yerlərində yaşayan əhali üçün əsas iş və dolanış mənbəyidir. “Holland Sindromunun” qeyri-resurs sektorlara olan ciddi mənfi təsirini nəzərə alaraq neft gəlirlərinin müəyyən hissəsinin bu və ya digər yollarla kənd təsərrüfatına yönəldilməsi məqsədəuyğun hesab oluna bilər. Fermerləri subsidiyalar ilə təşviq etməklə hökumət rayon yerlərində işsizliyi azalda, orta gəliri artıra, və kənd təsərrüfatı istehsalını yüksəldə bilər.

SUBSİDİYALARIN PROBLEM VƏ ÇATIŞMAZLIQLARI

Kənd təsərrüfatı üzə subsidiya proqramlarının ən başlıca problemi fikrimcə azad bazarların sabitliyinin pozulmasıdır. Hökumətlər tərəfindən bazara süni şəkildə yeridilən bu proqramlar müəyyən məhsulların optimal həddindən artıq istehsalına, habelə əkilən məhsul seçiminin təhrif olunmasına gətirib çıxa bilər. Məsələn, Azərbaycanda da hökumət bəzi məhsulların əkinini digərlərinə nisbətən daha çox həvəsləndirir. Təşviq edilən məhsulları və onların məhsul əmsalları çox yüksək dəqiqlikdə təyin edilmədiyi hallarda iqtisadi və ekoloji problemlər ortaya çıxa bilər. Azərbaycanda statistikanın nə qədər etibarsız olduğunu nəzərə alsaq Aqrar Şuranın[1] məhsul əmsallarını nə qədər dəqiqlikdə təyin edə biləcəyi haqqında xeyli şübhələr yaranır.

İkinci olaraq, bəzi hallarda subsidiyalar yüksək sürətlə iri həcmli fermaların salınması üçün ölkədəki otlaqların zəbti, meşələrin qırılması, kolluq və seyrək meşəliklərin isə kürənməsinə gətirib çıxarır. Təsadüfü deyil ki, mal-qara ilə məşğul olan kəndli əhalinin əksəriyyəti bugün otlaq tapmaqda çətinlik çəkir, çünki əvvəllər otlaq olmuş torpaqların əksəriyyəti subsidiyaların yaratdığı böyük maliyyə təşviqi nəticəsində qanuni və ya qanunsuz yollarla iri biznes sahiblərinə satılıb. Digər tərəfdən isə, keçən aylar ərzində biz Ecofront adlı təşkilatın fəaliyyəti nəticəsində Azərbaycanın fərqli bölgələrində (məsələn Lənkəranın Haftoni kəndi, Şəkinin Bideyiz kəndi və başqaları) davam edən meşələrin məhv edilməsi faktları ilə tanış olduq. Düzdür, meşələrin qırılması faktları subsidiya proqramından əvvəl də mövcud olub, amma proqramın bu prosesdəki mənfi təsirini görməzdən gəlmək olmaz. Məsələn, gəlin baxaq Haftoni kəndindəki məsələyə. Əvvəl qeyd etdiyim kimi, subsidiya proqramı çərçivəsində hökumət yeni salınmış çay plantasiyalarının hər bir hektarı üçün birdəfəlik 11,000 manat verir. Ecofront-un ortaya çıxardığı müqavilədən aydın olur ki, Haftonidə məhv edilən 30 hektar meşənin əvəzində salınacaq çay plantasiya üçün şirkət illik cəmi 780 manat ödəməli imiş (hər hektarı üçün cəmi 26 manat!). Deməli 780 manata icarəyə götürdüyü torpaq üçün həmin şirkət düz 330,000 manat subsidiya almalı imiş. Şübhəsiz ki, verilən bu 330,000 manatın müəyyən hissəsi bu işlərlə məşğul olan qurumların məsul şəxslərinə rüşvət olaraq verilib ki, onlar da həm meşələrin məhv edilməsi faktına, həm də absurd şəkildə aşağı olan müqavilə qiymətinə “fikir verməyiblər”.

Yuxarıda qeyd olunan hallar bizi subsidiya proqramının korrupsiya və fırıldaqçılıq üçün yaratdığı münbit şəraiti də nəzərdə tutmağa vadar edir. Məsələn, yenə də korrupsiya və rüşvət hesabına böyük əkin ərazilərinə malik olan biznesmen/oliqarxlar asanlıqla əkdikləri məhsulun rəsmi qeydiyyatını dəyişdirə (məsələn faktiki əkilən məhsulun arpa olduğu halda sənəddə buğda kimi göstərilməsi) və qanunla nəzərdə tutulduğundan çox daha yüksək subsidiya ala bilərlər. Uzun sözün qısası, Azərbaycan kimi bir ölkədə belə mexanizmlərin korrupsiya predmentinə çevrilmə ehtimalı xeyli yüksəkdir.

Üçüncüsü, fikrimcə subsidiya proqramın ən böyük problemi ona ayrılan məbləğin məhz həqiqətən də bu subsidiyaya ehtiyacı olan kənd əhalisinə deyil, əvəzində böyük kənd təsərrüfatı şirkətlərinə və yüksək imkanlı şəxslərə getməsidir. Bunun belə olmasının bir neçə səbəbi var. Birincisi odur ki, böyük şirkətlərin və ya imkanlı şəxslərin informasiyaya çıxışı ucqar kəndlərdə yaşayan orta yaşlı əhalinin çıxış imkanlarından çox daha yüksəkdir. Məsələn mən Qax rayonunun kəndli əhalisi ilə danışdıqda öyrəndim ki, əksər kiçik fermerlər fərqli məhsul əmsalları, və ya meyvə bağları üçün olan subsidiyalardan demək olar ki tam xəbərsizdirlər. Hökumətə yaxın olan oliqarxlar isə bu məlumatları hələ qanun layihələri təsdiq olunmamışdan əvvəl bilir və addımlarını ona uyğun olaraq atırlar. İkinci olaraq isə, subsidiya proqramında nəzərdə tutulan subsidiya məbləği əkinlə məşğul olan şəxsin və ya şirkətin nə qədər sahəyə malik olduğunu hesaba qatmır (burada buğda yeganə istisna təşkil edir[2]). Yəni 1 hektarı olan kəndli ilə 1,000 hektara malik olan biznesmen hər ikisi də hektar başına eyni subsidiyanı (eyni məhsulların əkildiyini fərz etsək) alırlar. Düşünürəm ki, bu yanaşma fundamental olaraq yanlışdır, çünki subsidiya proqramının əsas məqsədi dövlət büdcəsi hesabına hər hansı bir oliqarxa əlavə milyonlar qazandırmaq deyil, əksinə dolanışıqda çətinlik çəkən kənd əhalisinə yardım etməkdir. Onsuzda kənd təsərrüfatı ilə məşğul olan böyük şirkət/biznesmenlər yüksək fiziki kapitala malik olduqlarından (məsələn kombayn və traktorlar) daha yuxarı mənfəət marjası ilə fəaliyyət göstərirlər, hansı ki onlara verilən subsidiyaların məntiqini biraz da sual altına alır.

Subsidiya proqramının başqa bir problemi də kirayə olunan torpaqlara aiddir. Belə ki, müəyyən torpaqlar öz sahibləri tərəfindən əkilmək əvəzinə başqa şəxslərə bir və ya çoxillik olaraq icarəyə verilir. Bəzi hallarda torpaq sahibi ya fermer kartını özündə saxlayır, ya da subsidiya məbləğini “premium” olaraq kirayə qiymətinə əlavə edir. Burada birinci halda subsidiya ümumiyyətlə nəzərdə tutulan şəxsə (yəni torpağı əkən fermerə) çatmır, ikinci halda isə torpaqların qiymətini süni şəkildə artıraraq onun kəndli əhali üçün əlçatanlığını aşağı salır. Üstəlik torpaq sahibinin daha yüksək subsidiya almaq üçün kirayəçinin təcrübəsini nəzərə almayaraq hərhansı bir spesifik məhsulu əkməyi tələb etməsini görmək mümkündür, hansı ki torpağın potensial məhsuldarlığını aşağı salır.

NƏ ETMƏK OLAR?

Mövcud subsidiya proqramı azərbaycanlı vergiödəyicilərinə hər il yarım milyard manata başa gəlir. Proqram yeni olduğundan hələlik statistikaya baxmaq, və onun üçün çəkilən yüksək xərcə nisbətən hər hansı ciddi bir qazancın olub-olmaması qənaətinə gəlmək üçün tezdir. Buna baxmayaraq, proqramı daha da təkminləşdirmək üçün aşağıdakı addımların atıla biləcəyini düşünürəm.

Birincisi, ayrılan vəsaitin bəzi oliqarxlara yox, həqiqətən bu subsidiyaya ehtiyacı olan fermerlərə çatmasını təmin etmək üçün hər əlavə hektar üçün verilən subsidiya məbləği bütün məhsullarda proqressiv olaraq azalmalıdır. Məsələn, torpaq sahibinin ilk 10 hektarı üçün subsidiya məbləği tam verilirsə, ikinci 10 hektarı üçün 90% məbləğində, üçüncü 10 hektar üçün 70%, dördüncü 10 hektar üçün 40% məbləğində verilə bilər. Bu mexanizmə uyğun olaraq 40 hektardan artıq ərazilər üçün subsidiya verilməməklə xərclərə xeyli qənaət etmək mümkündür.

Qraf 1: Hər hektar üçün verilən subsidiya əmsalı

Qraf 1

Beləliklə, qeyd edilən mexanizmin icra edilməsi halında dövlət büdcəsindən ayrılan vəsaitin əsas hissəsi yüzlərlə və ya minlərlə hektar əraziyə malik (və bir çox hallarda vəzifəli şəxslərlə əlaqəsi olan) oliqarxlara deyil, çox daha az sahəyə malik olan aşağı-gəlirli kəndli əhalisinə yönəldilə bilər. Bir digər tərəfdən, bu dəyişikliyi etməklə biz həm də nəhəng fermalar yaratmaq məqsədi ilə aparılan meşələrin kütləvi qırılması prosesini də müəyyən qədər dayandıra bilərik. Ancaq bir məqamda diqqətli olmaq lazımdır: sözügedən dəyişikliyin reallıq olarsa çox güman ki böyük torpaq mülkiyyətçiləri öz subsidiyalarını “qorumaq” məqsədi ilə torpaqlarını bir çox ailə üzvləri və qohumları arasında kağız üzərində bölüşdürəcəklər. Bu praktikanın qabağının alınması məqsədi ilə müəyyən tədbirlər (məsələn, bir torpaq sahəsinin bir neçə hissəyə bölünməsi üçün nəzərdə tutulan rüsumların əhəmiyyətli dərəcədə artırılması[3]) həyata keçirilə bilər.

İkinci olaraq, yüksək kapital tələb edən bitkilərə (məsələn buğda, çovdar, arpa, darı, və s.) subsidiya verilməsi qeyri-bərabər olaraq kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə (əsasən də Azərbaycanda hökumət bürokratlarına məxsus olmaları ilə bilinən Aqroparklara) çox böyük mənfəət verir, çünki bu obyektlər adi fermerlərin əksinə əkin və biçin üçün lazımı texnikaya sahib olurlar. Böyük kənd təsərrüfatı şirkətlərinin bu və digər səbəblərdən onsuzda daha yuxarı mənfəət marjası olduğunu nəzərə alaraq onlara verilən subsidiyanın məbləğini azaltmaqla (məsələn hər hektar üçün 50% daha az) əhəmiyyətli dərəcədə xərcə qənaət edərək onu aşağı təminatlı fermerlərə yönəldə bilərik.

Üçüncü olaraq, Azərbaycanda müşahidə etdiyim başqa bir problem budur ki, aztəminatlı fermerlər pula ehtiyacları olduğundan məhsullarını elə yığım bitdikdən dərhal sonra satırlar. Bu o deməkdir ki, onlar əkib-becərdikləri meyvə və ya tərəvəzi onların qiymətinin ən aşağı olduğu dövrdə satırlar. İri ticarət müəssisələri bu məhsulları aşağı qiymətə yay-payız aylarında kəndlilərdən alır, qış aylarında isə daha baha qiymətə bazara çıxarırlar. Beləliklə məhsulun əsas əziyyətini çəkən kəndlinin mənfəət marjası az, spekulativ ticarətçilərin isə çox olur. Bu çətinliyi aradan qaldırmaq üçün subsidiya proqramına yeni bir mexanizm əlavə etmək olar: xüsusi faizsiz məhsul kreditləri. Bu kreditlərin miqdarı yığılmış məhsulun cari dəyərinə bərabər olmaqla biçin vaxtı az sahəyə məxsus fermerlərə verilir, qış aylarında isə geri qaytarılır. Beləliklə aztəminatlı fermerlər öz məhsulları dəyər-dəyməzə ticarət müəssisələrinə satmaq məcburiyyətində qalmaz, əvəzində isə onları saxlaya və qış aylarında daha yaxşı qiymətə bazara çıxara bilərlər. Belə bir mexanizmin inflyasiyanı artırmaq riski də yoxdur, çünki onsuzda bu praktikanı (yəni qışda məhsulu daha yüksək qiymətə satmaq) ticarət müəssisələri həyata keçirilər. Bu kreditlərin müsbət tərəfi odur ki, daha yüksək mənfəət marjası ilə üzləşən fermerlər həm daha yüksək gəlirə sahib olur, həm də daha səmərəli əkinə həvəslənirlər. Sözügedən mexanizmin maddi xərci məhz kredit kimi verilən vəsaitin itirilmiş alıcılıq qabiliyyətidir, hansı ki onun potensial faydası ilə nisbətdə çox cüzi olacağını düşünürəm.

Sonuncu olaraq, yuxarıda qeyd etdiyim korrupsiya hallarının azaldılması üçün subsidiyaların hansı sahə üçün, hansı məhsul üçün, kimə və hansı məbləğdə verildiyini göstərən məlumatlar ictimaiyyətə açıq şəkildə verilməlidir. Beləliklə bu işlərlə məşğul olan vətəndaş cəmiyyəti təşkilatları açıq statistikadan istifadə edərək ayrılan subsidiyaların nə qədər düzgün istifadə edildiyini araşdıra bilərlər. Məsələn, əkilən məhsulun bu databazada konkret olaraq göstərilməsi halında oliqarxların rüşvət verərək sənəddə daha yüksək əmsala məxsus başqa məhsulu qeydiyyata alması kimi praktikaların (və bir çox başqalarının) qarşısı alına bilər.

Hesab edirəm ki, bu təkliflərin daha təkmilləşdirilmiş formalarda həyata keçirilməsi subsidiya proqramının Azərbaycanda daha effektiv olmasına kömək edə bilər.

QEYDLƏR

[1] 7 nəfərdən ibarət olan Aqrar Şura hər il məhsul əmsalları və baza məbləğ də daxil olmaqla subsidiya proqramını tənzimləməklə məşğuldur.

[2] Buğda sahələrində hər hektar üçün verilən subsidiya məbləği 20-ci hektardan sonra 80% məbləğdə verilir.

[3] Rüsumların artırılması praktikasının aşağı təminatlı ailələrə mənfi təsir göstərə biləcəyi arqumenti ortaya çıxa bilər, lakin fikrimcə bu haqda çox da narahat olmağa dəyməz, çünki sadəcə böyük torpaq sahələri bölünməyə məruz qala bilər. Nəzəri olaraq baxdıqda isə aşağı gəlirli ailələrin bu qədər böyük torpaq sahələrinə malik olması o qədər də real deyil.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s