Manat: Stabillik yoxsa Dayanıqlılıq?

Keçən ilin Aprel ayında manatın məzənnəsinə olan təzyiqlər haqqında yazaraq, 2020-ci ildə devalvasiyanın gözlənilən olduğu qənaətinə gəlmişdim. Amma zaman göstərdi ki, manat öz stabilliyini qoruyub saxlamağı bacardı. Həmin mövzuda həm niyə yanıldığımı təhlil etmək, həm də müvafiq bir neçə məsələyə toxunmaq üçün bu yazını yazmaq qərarına gəldim.

2020-ci ildə koronovirus epidemiyasının əsasən də mart ayında sürətlə yayılmağa başlaması ilə dünya iqtisadiyyatı xeyli çalxalandı. Onsuz da pandemiyanın təsirlərindən əziyyət çəkən Azərbaycan iqtisadiyyatı bir də neft qiymətlərinin tarixi düşüşə keçməsi ilə daha da çətin vəziyyətdə qalmışdı. Keçən ilin mart ayında valyuta hərraclarında xarici valyutalara olan tələbin birdən-birə 1.9 milyard ABŞ dollarına çatması (müqayisə üçün deyək ki, 2019-cu ilin mart ayında bu göstərici 600 milyon ABŞ dollarına bərabər idi) manatın məzənnəsinə ciddi təzyiq formalaşdırırdı.

Valyuta hərraclarında 2015-ci ildən bəri mövcud olan ən yüksək tələb, habelə neft qiymətlərinin sürətlə düşməsi təbii olaraq Azərbaycanda növbəti devalvasiya qorxusu yaratmışdı. Elə bu vaxt mən də valyuta hərraclarındakı dinamika, Neft Fondu və Mərkəzi Bankın rezervlərinin vəziyyəti, büdcə qaydasının qoyduğu limitlər və bir neçə başqa faktoru da nəzərə alaraq devalvasiyanın 2020-ci il üçün gözlənilən olduğu fikrinə gəlmişdim. Amma bu belə olmadı. Düşünürəm ki, yanılmağımda rol oynayan əsas səbəblər aşağıdakılardır.

EPİDEMİYANIN YIĞIMLARA TƏSİRLƏRİ

Yazıda epidemiyanın davam etməsi şəraitində Azərbaycan əhalisinin yığımları təbii olaraq azalması və bunun nəticəsində əhalinin xarici valyuta tələb etmə qabiliyyəti aşağı düşməsini qeyd etsəm də, düşünürdüm ki, bu faktor xarici valyutalara olan ümumi tələbə çox da mənfi təsir edə bilməz. Məsələyə bir il sonra yenidən baxdıqda isə vəziyyət fərqli görünür. Keçən ilin mart-aprel aylarında koronovirus epidemiyasının yay aylarında aradan qalxacağı və iqtisadi vəziyyətin yavaş-yavaş normala qayıdacağı gözləntisi var idi. Reallıqda isə epidemiyanın ən kəskin 3 dalğası hələ qabaqda idi. Epidemiyaya qarşı olan tədbirlərin əvvəlki yazını yazdığım vaxtda gözlədiyimdən sərt və uzunmüddətli olması nəticəsində həmin tədbirlərin əhalinin yığımlarına təsiri də mənim düşündüyümdən çox daha güclü olub. Əvvəlki yazıda da qeyd etdiyim kimi, əhalinin yığımları azdırsa, onlar manata etimad eləməsələr belə xarici valyuta tələb edə bilməzlər.

Yığımların ciddi azalmasını statistikadan da təqribi şəkildə görmək olar. Aşağıdakı diaqramda 2020-2021-ci illər ərzində əhalinin real gəlirlərinin (yəni inflyasiyanı nəzərə almaqla) necə dəyişdiyini görə bilərsiniz. Aydın şəkildə görünür ki, sərt karantin tədbirlərinin başlaması ilə əhalinin real ifadədə gəlirlərinin əvvəlki ilə nisbətən azalması qeydə alınmışdır. Gəlirlərin faktiki olaraq azalması da öz növbəsində yığımların azalması deməkdir. Düşünürəm ki, yığımlardakı azalmanın təsirini həm də buradan görmək olar ki, 2020-ci ilin aprel–dekabr aylarında neft qiymətlərinin aşağı və devalvasiya gözləntilərinin yuxarı olmasına baxmayaraq bu ayların demək olar ki hamısında valyuta hərraclarında satılan məbləğ 2019 və 2018-ci ildəki məbləğlərdən aşağıdır. Aydın məsələdir ki, əhalinin real ifadədə gəlirləri, habelə yığımları daha yüksək olduğu halda valyuta hərraclarında satılmış məbləğ də şübhəsiz ki 2018/2019-cu illərdən daha artıq olmalı idi.

Diaqram 1: Əhalinin gəlirlərinin real dəyişimi

Diaqram 1

Mənbə: Statistika Komitəsi (nominal gəlir), Mərkəzi Bank (inflyasiya) və müəllifin öz hesablamaları (real dəyişim)

MƏRKƏZİ BANKIN AQRESİV SİYASƏTİ

Keçən il ərzində Mərkəzi Bank tərəfindən devalvasiyanın qarşısını almaq üçün xeyli aqressiv siyasət yeridildi, hansı ki mən bunun bu qədər kəskin olacağını gözləmirdim. 2015-ci ildən fərqli olaraq bu dəfə Mərkəzi Bankın niyyətinin mümkün olan bütün alətlərdən istifadə edərək devalvasiyanı təxirə salmaq olduğu aydındır. Belə ki, 2020-ci ildə bu məqsəd üçün bir sıra qeyri-ənənəvi addımlar atılıb. Məsələn, banklarda bir dəfədə 300 dollardan artıq xarici valyuta almaq istəyən şəxslər xüsusi blanklar doldurmalıdırlar. Bundan əlavə, bir şəxs maksimum 20,000 manat ekvivalentində xarici valyuta ala bilər (bu məhdudiyyətin hansı tarixə qədər qalacağı və ya limitin nə vaxt sıfırlanacağı haqqında məlumat yoxdur). 20,000 manatdan artıq xarici valyuta almaq istəyən şəxslər bunun üçün müvafiq sənəd təqdim etməlidirlər (məsələn satış müqaviləsi, idxal əməliyyatı və s.). Bəzi banklarda isə xarici valyuta satışı ancaq günün birinci yarısı həyata keçirilir.

Mərkəzi Bankın niyə belə siyasət apardığı əslində başa düşüləndir. Əvvəlki yazımda da qeyd etmişdim ki, pandemiya dövründə devalvasiyaya getmək Azərbaycan əhalisi üçün çox ağır olacağından devalvasiyanı epidemiyanın bitənə qədər təxirə salmaq lazımdır. Görünür ki, Mərkəzi Bankın da niyyəti elə budur. Aşağıdakı diaqramadan da biz bunu əyani şəkildə görə bilərik.

Diaqram 2: Əhali tərəfindən alınan valyutanın satılan valyutaya nisbəti

Diaqram 2

Mənbə: Azərbaycan Mərkəzi Bankı

Diaqramdakı şaquli göstəricilər əhali tərəfindən 2014-cu ildən bəri hər ay alınan cəmi valyutanın yenə də əhali tərəfindən satılan cəmi valyuta dəyərinə olan nisbətini göstərir. Məsələn, həmin göstəricinin 5-ə bərabər olması o deməkdir ki, həmin ay ərzində Azərbaycan əhalisi 1 manat ekvivalentində xarici valyuta satmış, 5 manat ekvivalentində xarici valyuta isə almışdır. Arada qalan 4 manat ekvivalentində xarici valyutaya olan əlavə tələb isə Dövlət Neft Fondunun hərracları, Mərkəzi Bankın rezervləri və bankların öz ehtiyatları hesabına ödənilib.

2014-cu ildə neft qiymətlərinin kəskin düşməsi ilə Azərbaycanda xarici valyutaya olan tələb xeyli yüksəlmiş, nəticədə devalvasiyanın olduğu fevral ayında “valyuta nisbəti” 7.5-ə çatmışdır. İkinci devalvasiyanın olduğu dekabr ayında isə eyni göstərici yenə də xeyli yüksək, dəqiq desək 7.2-ə bərabər idi. İndi isə baxaq 2020-ci ilə: mart ayında həmin nisbət 13.5 olub. Aprel ayının da göstəricisi 7.2 olmaqla xeyli yüksək idi. Bəlkə də bu yüksək tələb sırf pandemiya yox, başqa bir vaxtda baş versəydi Mərkəzi Bank artıq mart-aprel aylarında devalvasiyaya gedəcəkdi, lakin koronovirus epidemiyasının yaratdığı fövqəl-təbii vəziyyətlə əlaqədər olaraq Bank daha aqressiv valyuta siyasəti yeritməyə məcbur olub. Fikrimcə, aprel – dekabr ayları ərzində yığımların azalması, neft bazarlarının stabilləşməsi kimi faktorlarla bərabər Mərkəzi Bankın apardığı qeyri-ənənəvi metodların da xarici valyuta satışını məhdudlaşdırmaqda müəyyən rol oynayıb. 

MANATIN GƏLƏCƏYİ HAQQINDA

Vaksinasiya prosesinin həm Azərbaycanda, həm də dünyada stabil şəkildə davam etməsi ilə artıq qlobal iqtisadi vəziyyət yavaş-yavaş normala qayıdır. OPEC+ ölkələrinin istehsalat məhdudiyyətlərinə riayət etmələri fonunda BRENT markalı neftin orta qiyməti cari ilin may ayında artıq 68 ABŞ dollarına qədər yüksəlib. Neft qiymətlərinin qısamüddətli proqnozları da 65-70 dollar ətrafındadır. Pandemiyanın yaratdığı iqtisadi-sosial vəziyyəti nəzərə aldıqda 2020-ci il ərzində devalvasiyaya gedilməməsi müsbət bir hal olsa da, biz yenə də Mərkəzi Bankın hazırkı manat siyasətinin dayanıqlı olmadığını unutmamalıyıq. Vurğulamağa ehtiyac var ki, 2020-ci ildə devalvasiya olmaması sırf Dövlət Neft Fondunun vəsaitləri hesabına başa gəlib. 2015-ci ildə devalvasiyaların nə qədər problemlərə yol açdığını xatırlayaraq mümkün olan ən tez zamanda manatı düzgün siyasət apararaq həqiqi üzən məzənnəyə keçirmək lazımdır. Çünki Neft Fondu 2020-ci ildə bazara yüksək məbləğdə valyuta çıxararaq (və əlbəttə zərərə gedərək) manatı dəstəkləməyi bacardı, amma növbəti dəfə bu belə olmaya bilər. Tez-tez bu məsələ haqqında danışılarkən rəsmilər “Dövlət Neft Fondunun kifayət qədər vəsaitləri/aktivləri var” arqumentini gətirirlər. Düşünürəm ki bu çox yanlış yanaşmadır, çünki tükənən təbii sərvət hesabına formalaşan Neft Fondunun vəsaitləri milli valyutanın qısamüddətli stabilliyi üçün havaya sovrulmamalıdır. Neft Fondunun vəsaitləri onun həqiqi missiyasına uyğun olaraq, daha uzunmüddətli, daha səmərəli və daha dayanıqlı məqsədlər üçün istifadə olunmalıdır.

Manatın məzənnəsi nə qədər uzun müddətdə süni yollarla stabil saxlanılırsa, növbəti devalvasiya o qədər də kəskin olacaq. Bunun qarşısını almaq üçün Mərkəzi Bank və müvafiq hökumət qurumları indidən qısa və orta müddətli strategiya hazırlamalı, əhalini bu məsələdə maarifləndirməli, və maliyyə təşkilatlarının portfelinin diversifikasiyanı stimullaşdırmalıdırlar. Bunların hamısı indi, yəni neft qiymətlərinin yüksək olduğu dövrdə etmək lazımdır, çünki ancaq neft qiymətləri yüksək olduğu dövrdə Azərbaycanda xarici valyutalara olan “psixoloji tələb” mövcud olmur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s