Uçulmayan Aeroportun Hekayəsi – Zaqatala Beynəlxalq Hava Limanı

Azərbaycan kimi ərazisi və əhalisi böyük olmayan, habelə az inkişaf etmiş turizm sektoruna sahib bir ölkədə 6 beynəlxalq aeroportun olması mənə son illərdə çox qəribə gəlirdi. Bu azmış kimi, hökumət Füzulidə növbəti beynəlxalq aeroportun tikintisinə başlayıb. Növbəti illərdə Kəlbəcərdə də hava limanı tikiləcəyi söyləntiləri var. Bunları nəzərə alaraq, bu yazımda Zaqatala Beynəlxalq hava limanı nümunəsinə baxaraq Azərbaycanda belə layihələrin niyə potensialının olmadığını araşdıracam. 

Zaqatala Beynəlxalq hava limanının tikintisi 2006-cı ildə başlayıb və 2008-ci ildə istifadəyə verilib. Tikinti üçün çəkilən ilkin xərclər 2006-2020-ci illər arasındakı inflaysiyaya uyğun tənzimlədikdə 67.1 milyon manatdır. Tikinti xərclərindən əlavə 2017-ci ildə hava limanının yenidən qurulması üçün əlavə olaraq 29.1 milyon manat (inflyasiyanı nəzərə alındıqdan sonra) vəsait ayrılıb. Bunlardan başqa, bu illər ərzində aeroportun saxlanılması üçün də külli miqdarda xərc çəkilib, hərçənd ki bu istiqamətdə dəqiq məbləği tapmaq mümkün olmadı. Çəkilən xərclərə baxmayaraq aeroport son 12 ildə demək olar ki fəaliyyət göstərməyib. Bunun səbəbini aydınlaşdırmaq üçün ilk olaraq biz avia səyahət sektorunun necə işlədiyini başa düşməliyik. 

Hava nəqliyyatı üçün olan tələbi ümumi olaraq 2 hissəyə bölmək olar: karqo və sərnişin. Aydın məsələdir ki, təyyarə vasitəsi ilə karqo daşınmasının qiyməti çox baha olduğundan bu kateqoriya üzrə hava nəqliyyatı yaxın və orta gələcəkdə Zaqatala aeroportu üçün heç bir rol oynaya bilməz. Deməli geriyə qalır sərnişin daşınması. Sərnişin daşınmasını da ilkin olaraq 2 qrupa ayıra bilərik, beynəlxalq və ölkədaxili daşımalar. Başlayaq beynəlxalq sərnişin uçuşlarından.

ZAQATALA AEROPORTUNUN BEYNƏLXALQ POTENSİALI

Xarici ölkələrdən Azərbaycanın hərhansı aeroportuna uçmaq üçün 4 əsas səbəb ola bilər: (a) biznes\işgüzar, (b) turizm, (c) xaricdə yaşayan vətəndaşların gediş-gəlişi, və (d) tranzit uçuşlar.

Yerləşdiyimiz bölgə aviasiya baxımından yetəri qədər rəqabətcil məkandır, belə ki, qonşuluğumuzda dünyanın ən böyük havayolu şirkətlərindən biri olan Türk Hava Yollarının baza aeroportu olan İstanbul Beynəlxalq Aeroportu yerləşir. Bu səbəbdən, nəinki Zaqatala kimi kiçik aeroportlar, heç Bakı aeroportu belə yaxın gələcəkdə tranzit aeroport rolunu oynamaq imkanına malik deyil.

Xaricdə yaşayan vətəndaşlarımızın sayı da kifayət qədər məhduddur. Məsələn, həftədə 1 dəfə Airbus 340-500 təyyarəsinin İstanbul – Zaqatala – İstanbul reysi üzrə uçması üçün hər iki istiqamətdə ən az 200 nəfər sərnişin olması vacibdir. Düzdür, Balakən – Şəki regionundan olan və xaricdə yaşayan şəxslərin sayı az deyil, amma onlar ilin 12 ayı hər həftə İstanbul – Zaqatala reysi üzrə 200 nəfərlik təyyarəni ən azından 80% belə dolduracaq qədər çoxsaylı deyillər. Həmin şəxslərin sayı yetəri qədər olsa belə bu həmin istiqamətdə mütəmadi uçuşların həyata keçiriləcəyi mənasına gəlmir. Məsələn, Avropada yaşayan həmvətənlilərimiz Balakən, Zaqatala, Qax, və Şəki rayonlarına gəlmək qərarına gələndə Zaqatala aeroportundan savayı Tbilisi aeroportuna da uça bilərlər. Minsk, Münxen, Varşava, Kiyev, Ankara, Riga, Afina, Amsterdam, Viena, Brüssel, Praqa, Paris, London və bir çox başqa Avropa şəhərlərində yaşayan Azərbaycanlılar həmin şəhərlərdən Tbilisi Aeroportuna olan birbaşa uçuşlardan yararlana bilərlər. Hələ öz mərkəzi aeroportu olan Bakı Heydər Əliyev hava limanından belə əsas istiqamətlərdə AZAL-ın bilet qiymətləri Gürcüstan Hava Yollarından çox yüksək olmasını nəzərə alaraq deyə bilərik ki, Avropada yaşayan və əslən Balakən – Şəki regionundan olan Azərbaycanlıların qarşısında çox bəsit (fərz edək ki Zaqatala – İstanbul reysi mövcuddur) bir seçim durur: ya baha qiymətə həftədə cəmi 1 gün uçan və İstanbuldan tranzit eləyib Zaqatala aeroportuna gedən AZAL biletini alacaqlar, ya da ucuz qiymətə, həftədə bir neçə dəfə Avropanın bir çox böyük şəhərlərindən birbaşa Tbilisiyə uçan Gürcüstan Hava Yollarını seçəcəklər. Fikrimcə əksəriyyətin hansı bileti alacağı çox açıqdır. Məhz bu səbəbdən də mən düşünürəm ki, Zaqatala aeroportunun (hazırki vəziyyətdə) xaricdə yaşayan Azərbaycanlılar üçün də heç bir potensialı yoxdur.

Beynəlxalq uçuş üçün potensial səbəblərdən geriyə ikisi qalır, biznes və turizm. Əvvəla baxaq biznes uçuşlarına. Belə uçuşların olması üçün, Balakən – Şəki regionunda beynəlxalq əlaqələrə malik xeyli sayda sahibkarlıq subyektləri, stabil makroiqtisadi vəziyyət, liberal beynəlxalq ticarət tənzimlənməsi, və müəyyən dərəcədə ixtisaslı kadrların mövcudluğu kimi faktorlardan ən azı bir neçəsi olmalıdır. Faktiki olaraq isə, Azərbaycanda paytaxt Bakı xaricində heç bir regionda bu faktorların heç biri mövcud deyil. Bakıda belə onların bəzilərinin mövcudluğu ciddi şübhə altındadır. Deməli beynəlxalq biznes uçuşları da Zaqatala Aeroportuna lazımı sərnişin tələbini verə bilmir.

Son olaraq, Zaqatala aeropotu üçün əsas beynəlxalq potensiala malik olan, aeroportun layihəsi, tikintisi, açılışı, və yenidən açılışı zamanı yüzlərlə dəfə təkrarlanan “xarici turistlər” arqumentinə baxaq. Açılışının üzərindən 12 il keçməsinə baxmayaraq Zaqatala aeroportundan heç bir beynəlxalq sərnişin uçuşu (hökumət rəsmilərini daşıyan çarter reyslər istisna olmaqla) həyata keçirilməyib. Əslində burada təəccüblü heç nə yoxdur. Yaxınlıqda Avropanın loukoster hava yollarına qollarını açmış Kutaisi aeroportuna ucuz uçuşların, habelə turizm cəlbetmə sahəsində bizdən dəfələrlə daha müvəffəqiyyətli Gürcüstanın olduğu zaman hansı xarici turist Balakən – Şəki zonasına gəlsin ki? Düzdür, bu zonaya başqa nəqliyyat metodları ilə gələn azsaylı əcnəbi turistlər mövcuddur, amma onların sayı xarici aeroportlardan Zaqatalaya daimi uçuşu dəstəkləyəcək səviyyədən çox aşağıdadır. Yəni, məsələn Avropa və Asiyadan Balakən – Şəki regionuna hər həftə hava nəqliyyatı ilə ən azı 150 turist gəlməlidir ki, Zaqatala aeroportuna beynəlxalq uçuş baş tutsun. Belə situasiya üçün ən yaxşı namizəd yenə də İstanbul – Zaqatala reysidir, çünki İstanbul şəhərinin aeroportlarının demək olar ki həm Avropanın, həm Yaxın Şərqin, həm də Asiyanın bütün iri şəhərləri ilə avia əlaqələrinə malikdir. Amma burada başqa bir problem üzə çıxır: Zaqatala aeroportunun (və həmçinin Balakən – Şəki regionunun) birbaşa rəqabətdə olduğu Kutaisi aeroportu (və Gürcüstanın Batumi zonası) xarici turistlər üçün çox daha cəlbəcidi səyahət və turizm imkanları təqdim edir. Belə ki, Zaqatalaya gəlməli olan turist İstanbuldan transfer ilə gəlməlidir, lakin Kutaisi aeroportuna isə Varşava, Vienna, Berlin və Dotrmund kimi 21 Avropa şəhərindən birbaşa uçuşlar mövcuddur. Deməli xaricdə yaşayan Azərbaycanlılarda olduğu kimi, əcnəbi turistlərin də Zaqatalaya uçmaqda elə də marağı yoxdur, çünki qiymətdən savayı Gürcüstana olan uçuşlar birbaşa olduğundan əcnəbilərin gözündə həm də daha rahatdır. Bütün bunları nəzərə alanda Zaqatalaya beynəlxalq uçuş olmaması aydın məsələdir. Bəs bu qədər açıq siqnalların olmasına baxmayaraq hökumət rəsmiləri həm 2008-dəki açılışda, həm də 2017-ci ildə yenidənqurma işlərinə başa çatdıqda niyə “xarici turistlər” arqumentləri ilə Zaqatala aeroportuna xərclənən milyonlarla vəsaitə bəraət qazandırırdılar?

Zaqatala Aeroportunun beynəlxalq potensialının olmaması artıq hamıya aşkar olmalıdır. Bəs ölkədaxili uçuşlar necə?

ZAQATALA AEROPORTUNUN ÖLKƏDAXİLİ POTENSİALI

Ölkədaxili uçuşları biz şərti olaraq 3 qrupa bölə bilərik: (a) biznes\işgüzar, (b) turizm, və (c) yaxınlarını\ailəsini ziyarət edən şəxslər. Əyani olaraq burada baxmalı olduğumuz yeganə reys Bakı – Zaqatala reysidir. Çünki Qəbələ və Gəncə aeroportları Zaqatalaya həddindən artıq yaxın, Lənkəran və Naxçıvan aeroportlarından isə bu istiqamətdə daimi uçuşları dəstəkləyəcək əhali və alıcılıq qüvvəsi yoxdur.

Bakı – Zaqatala reysi üzrə uçuşlar aeroportun yeni açıldığı illərdə fəaliyyət göstərib. Tapa bildiyim çox azsaylı məlumatlar arasından birində qeyd edilir ki, 2008-ci ildin payızında Bakı – Zaqatala – Bakı reysi üzrə həftədə 3 dəfə ATR markalı təyyarələr ilə uçuş mövcud olub. Həmin tarixdə bir tərəfli uçuş üçün təyin edilən qiymət 52 manata bərabər idi. Həmin məbləğ 2009-2020-ci illərinin inflyasiyanı nəzərə alaraq tənzimlədikdə 89.97 manata bərabər olur.

Ölkədaxili uçuşlarda Zaqatala aeroportunun potensialını göstərmək üçün aşağıdakı diaqramı hazırladım. Soldakı göstəricilər Bakıdan Şəki, Qax, Zaqatala və Balakən şəhərlərinə Zaqatala aeroportundan istifadə edərək hava nəqliyyatı ilə səyahətin müddətini göstərir. Həmin göstəricilər Bakının mərkəzindən Heydər Əliyev Hava limanına gediş, hava limanında lazımı prosedurlardan keçiş, ümumi uçuş müddəti, Zaqatala Beynəlxalq Hava limanında lazımı prosedurlardan keçiş və son olaraq Zaqatala aeroportundan müvafiq şəhərlərə avtomobil vasitəsi ilə gediş üçün sərf olunan cəmi vaxtı təmsil edirlər. Sarı rəngdəki göstəricilər isə Bakı şəhərinin mərkəzindən müvafiq şəhərlərə dörd nəfərlik taksilər ilə gedişin müddətidir (buraya sərnişinlərin toplanması üçün vaxt da əlavə edilib). Tünd göy rəngdəki xətt isə eyni istiqamətlərdə hava yolu nəqliyyatı seçimi ilə taksi seçimi arasındakı cəmi qiymət fərqidir[1].

Diaqram 1: Zaqatala Aeroportunun ölkədaxili uçuşlarda rəqabətliliyi

Mənbə: Google Maps, Waze, Taksi Şirkətləri, Azərtac, Müəllifin öz hesablamarı

Diaqram bizə deyir ki, məsələn Bakıdan Zaqatala istiqamətində gedən şərnişinlər hava nəqliyyat növünü seçərərək getdikləri məntəqələrə 2 saat 10 dəqiqə daha tez çata bilərlər, lakin onlar bunun müqabilində taksi xidməti ilə müqayisədə 74 manat əlavə ödəməlidirlər. Balakənə gedən şəxslər 77 manat ödəməklə 2 saat 7 dəqiqə daha tez səyahət edə bilərlər. Qax şəhəri üçün eyni göstəricilər müvafiq olaraq 1 saat 15 dəqiqə üçün 85 manatdır. Şəki şəhərinə gedənlər üçün isə hava nəqliyyatını seçmək demək olar ki məntiqsizdir. Belə ki, Bakı – Şəki istiqamətində taksi xidməti ilə müqayisədə hava nəqliyyatı cəmi 11 dəqiqə daha sürətli olsa da, qiymətdə 105 manat daha bahadır. Oğuz da daxil olmaqla Azərbaycanın digər bütün rayonları üçün isə taksi xidməti Zaqatala aerportuna uçmaqla nisbətdə həm daha ucuz həm də daha sürətlidir, ona görə də qalan rayonları ümumiyyətlə bu hesablamalara qatmağın mənası yoxdur.

İndi gəlin fikirləşək, Zaqatala Aeroportu yuxarıda müqayisə edilən 4 şəhər arasında təbii olaraq ən çox Zaqatala şəhəri üçün rəqabətcildir. Hətta bu istiqamətdə belə, 2 saat 10 dəqiqə daha tez səyahət üçün 74 manat əlavə xərc çəkəcək adam sayı həddindən artıq azdır. Nəzərə almaq lazımdır ki, 74 manat Zaqatala rayonu üzrə əhalinin orta aylıq əmək haqqının 22%-ə bərabərdir. Düzdür, bu istiqamətdə gedən azsaylı adamlar olacaq, amma onların hər həftə bir təyyarəni dolduracaq sayda olması mümkün deyil. Şəki şəhərinin əhalisi üçün isə Zaqatala Aeroportu bütovlükdə mənasızdır, çünki eyni istiqamətdə taksi ilə səyahətə nisbətən cəmi 11 dəqiqə daha tez çatmaq üçün Şəki sakinləri öz aylıq əməkhaqqılarının 29%-i ödəməlidirlər.

Bütün bunlardan əlavə, başqa bir faktoru da nəzərə almaq lazımdır. Taksi xidməti ilə sərnişinlər həftənin bütün günləri, gün boyu çoxsaylı fərqli saatlarda yola düşə bilərlər. Bakı – Zaqatala istiqamətində uçular isə həftədə bir və ya bir neçə dəfə həyata keçirilirdi. Yəni qiymət fərqinin çox, səyahət vaxtları arasındakı fərqin az olmasından savayı səyahət zamanların uyğunluğunda da taksi xidməti Bakı – Zaqatala istiqamətində hava nəqliyyatını üstələyir.

Bütün bunları nəzər alaraq deyə bilərik ki, Zaqatala Beynəlxalq hava limanının ölkədaxili potensialı da birmənalı olaraq yoxdur.

ZAQATALA AEROPORTUNUN STRATEJİ POTENSİALI?

Bir neçə dəfə fərqli şəxslərdən bu aeroportun tikintisinin “strateji hərbi səbəbi” olduğu arqumentini eşitmişəm, hansı ki heç bir məntiqə əsaslanmır. Əvvəla hərbi məqsədlər üçün 100 milyon manatlıq yeni beynəlxalq aeroport tikmək lazım deyil. İkincisi təyyarlərə üçün eniş zolaqları həm Şəkidə, həm də Balakəndə onsuzda Sovet vaxtlarından bəri mövcuddur. Sonuncu olaraq, Azərbaycan ərazi baxımından xeyli kiçik ölkədir, və Gəncə\Yevlaxdan havaya qalxan qırıcı təyyarələr onsuzda 15-20 dəqiqə ərzində Zaqatala səmalarına çata bilərlər. Belə olan halda, Zaqatala aeroportu hansı strateji məqsədə xidmət edə bilər?

NƏTİCƏ

Deməli biz bu yazıda Zaqatala Beynəlxalq hava limanının həm beynəlxalq, həm də ölkədaxili potensialına baxaraq nəticəyə gəldik ki, həmin aeroportun xidmət etdiyi Balakən – Şəki zonasının heç bir istiqamətdə daimi uçuş dəstəkləyəcək tutumu yoxdur. Bu faktın arxasında regiondakı beynəlxaq rəqabətin yüksək olması (Tbilisi və Kutaisi aeroportları), biznes mühitinin primitivliyi, region əhalisinin sayının və alıcılıq qabiliyyətinin aşağı olması (bir başqa sözlə, hava nəqliyyatını dəstəkləyəcək orta gəlirli kütlənin olmaması), turizm sektrounun yetərincə inkişaf etməməsi və ölkədaxili nəqliyyatda avtomobil səyahətini çox daha əlçatan və uyğun olması kimi səbəblər durur. Son 10 ildə hava limanına sərnişin uçuşlarının olmaması da bu faktorların mövcudluğunu bir daha təsdiq edir.

Bəs sual yaranır, hökumət niyə 96 milyon manatı uçulmayan aeroporta xərcləyib? Bu proyektin bizim üçün hansı faydası var? Yəni bu layihəyə başlamazdan qabaq heç bir analiz aparılmayıbmı? Çünki ən cuzi bir analizdə belə Zaqatalada Beynəlxalq hava limanının mövcudluğunun tam lazımsız olması ortaya çıxmalı idi. Həmin 96 milyon manatı çox daha səmərəli, daha çox iş yeri yaradan, milli iqtisadiyyata daha çox xeyir gətirən başqa bir proyekt\sahədə xərcləmək olmazdımı?

 

QEYDLƏR

[1] Hava yolu ilə səyahət seçiminin cəmi xərclərinə Bakının mərkəzindən (nəzəri olaraq mən 28 May metro stansiyasını götürmüşəm) Heydər Əliyev hava limanına, habelə Zaqatala Beynəlxalq hava limanından müvafiq şəhərlərə olan taksi səyahətinin xərcləri də daxil edilib. Bakının mərkəzindən Heydər Əliyev hava limanına olan taksi xərci “Bolt” tətbiqindən, Zaqatala Aeroportundan müvafiq rayon mərkəzlərinə olan taksi xidmətini qiymətləri Zaqatala şəhərində fəaliyyət göstərən 2 taksi xidmətindən (“062” və “Uğur Taksi”), Bakı ilə rayonlar arasında olan taksi xidmətinin qiymətləri isə həm “189” taksi xidmətindən, həm də bu istiqamətlərdə fəaliyyət göstərən fərdi sürücülərdən öyrənilmişdir. Avtomobil səyahəti üçün çəkilən müddətlər isə “Google Maps” və “Waze” tətbiqlərindən əldə edilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s