Azərbaycanın 2021-ci il Dövlət Büdcəsi

Keçən aylarda Qarabağ müharibəsi yenidən alovlandığından Azərbaycanın 2021-ci il dövlət büdcəsinin layihəsi, müzakirəsi, və qəbul olunması dekabr ayının son günlərinə qədər gecikdirilməli oldu. Dövlət büdcəsinin Azərbaycan iqtisadiyyatında oynadığı mühüm rolu nəzərə alaraq bu qısa yazıda öz fikirlərimi bölüşmək qərarına gəldim.

DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ

2021-ci ilin büdcə gəlirləri əvvəlki ilə nisbətən 5.4% artmaqla 25.4 milyard manata bərabər olacaq. Həmin artımı dəstəkləyən əsas faktorlar əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi, və dövlət şirkətlərindən gələn gəlirlərin önümüzdəki ildə daha yüksək olması gözləntiləridir. ƏDV və dövlət şirkətlərindən daxilolmalardakı artım böyük ehtimalla 2020-ci ilə nəzərən 2021-ci ildə iqtisadi aktivliyin daha fəal olacağı proqnozudur. Yəni cari ildə istehsal və istehlak əvvəlkinə nisbətən daha stabil olacağından həm vergi orqanları daha çox ƏDV toplaya, həm də dövlət şirkətləri mənfəət ilə fəaliyyət göstərə biləcəklər. Bir digər tərəfdən isə, aksiz vergisindən daxilolmaların cari ildə 13% artması (müqayisə üçün qeyd edim ki, ƏDV-də olan artım cəmi 2%-dir) bizə deyir ki, burada başqa bir faktor da var. Büdcəyə daha diqqətlə baxsaq görərik ki, gömrük orqanları tərəfindən büdcəyə keçirilən aksiz vergisinin (gömrükdən gələn aksiz gəlirləri ümumi aksiz gəlirlərinin subkateqoriyasıdır) məbləğinin gələn il 15% azalması gözlənilir. Beləliklə biz hesablaya bilərik ki, hökumət 2021-ci ildə daxili bazarda istehsal/istehlak olunan (yəni xaricdən idxal olunmayan) aksiz mallarından 21% daha çox vergi toplamaq fikrindədir. Belə olan halda biz 2021-ci il ərzində tütün və alkoqollu içkilərə şamil edilən aksiz vergilərinin məbləğinin, və ya aksiz vergisinə tabe olunan məhsulların özlərinin qiymətlərinin artımını gözləyə bilərik (mən bu yazını bitirib tərcümə edənə qədər Tarif Şurası artıq Aİ-92 və dizel markalı yanacaqlarda 20-30%-lik qiymət artımını təsdiqlədi. Fikrimcə, cari il ərzində tütün və alkoqol içkilərində də eyni tendensiyanı izləyəcəyik).

2020-ci ilin dövlət büdcəsi gəlirlərində mövcud olmayan iki yeni mənbə 2021-ci ildə öz əksini tapıb. Bunlar “Təminat Fondundan transfert” və “Mərkəzi Bankın mənfəətindən ayırmalar”-dır. Onu da qeyd etmək lazımdır ki, yeni büdcədə mənfəət və sadələşdirilmiş vergilər kimi bəzi gəlir mənbələrindən olan daxilolmaların məbləğləri azaldılıb. Mənfəət vergilərindəki 5% dəyərindəki düşüş əsasən OPEC+ ölkələrinin razılaşdırılması əsasında Azərbaycanın da neft istehsalının azaldılması nəticəsində neft şirkətlərinin mənfəətinin azalması ilə izah edilir. Sadələşdirilimiş vergidəki azalma isə həmin verginin bazasının daraldılması, habelə bəzi sahibkarları könüllü sürətdə mənfəət vergisinə keçməsi ilə baş tutacaq.

DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİ

Dövlət büdcəsinin xərcləri də artırılaraq 27.5 milyard manata çatdırılıb, hansı ki əvvəlki ilin göstəricisindən 3.8% (və ya 1.1 milyard manat) yüksəkdir. Xərclərin artırılmasının əsas səbabkarları müharibə ilə əlaqədardır: həm “Müdafiə və Milli Təhlükəsizlik” xərcləri 21% artıb, həm də Qarabağda yenidənqurma işlərinin aparılması üçün 2.2 milyard dəyərində maliyyə vəsaiti ayrılıb. Bu iki istiqamət dövlət büdcəsinin xərclərini keçən illə müqayisədə 3 milyard manat artırıb.

2021-ci ildə ən çox azalan xərc kateqoriyası isə “dövlət əsaslı vəsait qoyuluşu kateqoriyasıdır”, hansı ki 4.9 milyard manatdan 2.8 milyard manata qədər geriləyib. Bu o deməkdir ki, Qarabağda yenidənqurma üçün ayrılan vəsait əslində dövlət əsaslı vəsait qoyuluşunun yenidən yönləndirilməsi nəticəsində yaranıb. Bu başa düşülən addımdır, çünki 2 milyard manatdan çox vəsaiti başqa bir kateqoriyadan (məsələn təhsil, səhiyyə, və ya sosial müdafiə) kəsmək ciddi iqtisadi, sosial və siyasi fəsadlarla nəticələnə bilərdi. Dövlət əsaslı investisiya qoyuluşunun azaldılması sözsüz Bakı və regionlara (Qarabağ və ətraf rayonları istisna olmaqla) mənfi iqtisadi effekt göstərəcək, lakin həmin effektin təsir dairəsi nisbətən balacadır. Düzünü desək, məncə bu müsbət haldır ki, daha önəmli xərc kateqoriyaları əvəzində korrupsiyaya ən çox bulaşmış və dayanıqlı olmayan dövlət əsaslı investisiya xərcləri azaldılıb.

Səhiyyə xərcləri də 2021-ci ildə 18% azaldılacaq. Bu ilk baxışdan qəribə görünə bilər, nəzərə alsaq ki pandemiya hələ də Azərbaycanda və dünyada tam sürətlə davam edir. Lakin səhiyyə xərclərindəki azalma sadəcə 2020-ci illə müqayisədə mövcuddur, çünki 2019-cu illə müqayisə etdikdə 2021-ci ilin nəzərdə tutulan səhiyyə xərcləri hələ də 61% daha yüksəkdir. Beləliklə mənim fikrimcə səhiyyə xərclərindəki nisbi azalmanın səbəbi budur ki, 2020-ci ilin əvvəlində koronavirus birdən-birə ölkələri iflic edəndə hökumətlər qısa müddət ərzində böyük vəsaitləri səhiyyə sahəsinə yönəltməli olmuşdular. 2021-ci ildə isə vəziyyət bir qədər fərqlidir, belə ki, keçən illə müqayisədə cari ildə virusa qarşı mübarizə dünyada daha effektiv və koordinasiyalı şəkildə aparılır və bu səbəbdən hökumətlər səhiyyə xərclərini bir qədər azalda bilirlər. Həmçinin onu da nəzərə almaq lazımdır ki, Azərbaycan büdcəsindən birbaşa olaraq koronavirus ilə mübarizəyə ayrılmış vəsait (261 milyon manat) səhiyyə xərclərinə daxil edilmir, əvəzində ayrıca subkateqoriya kimi “əsas bölmələrə aid edilməyən xərclər”-də öz əksini tapır.

Aşağıdakı diaqramdan 2021-ci il büdcəsinin xərclərinin qrafik şəklində görə bilərsiniz.

Diaqram 1: 2021-ci il Dövlət Büdcəsi xərcləri

Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

NEFT FONDU, BÜDCƏ KƏSİRİ VƏ ONUN MALİYYƏSİ

Dövlət Neft Fondundan Dövlət Büdcəsinə edilən transfertlərin həcmi 2021-ci ildə dəyişməyib və əvvəlki ildə olduğu kimi 12.2 milyard manat olaraq müəyyənləşdirilib. Bu bir tərəfdən yaxşı xəbərdir, çünki büdcə qaydasının implementasiyası 2022-ci ilin yanvarına kimi dayandırılıb, yəni hazırda hökumətin Neft Fondundan çox daha böyük məbləği transfert etməsinin qarşısını alan heç bir qanuni maneə yoxdur. Hətta belə yüksək transfertlərə asanlıqla müharibə və işğaldan azad edilmiş ərazilərin yenidənqurulmasını misal gətirərək bəraət qazandırıla bilərdi. Reallıqda isə bərpa və müdafiə üçün artırılan xərclər yuxarıda da qeyd etdiyim kimi digər xərc kateqoriyalarının azaldılması, habelə ƏDV və mənfəət vergisindən gələn gəlirlərin artırılması hesabına maliyyələşib, hansı ki mövcud alternativlərə nisbətən məqsədəuyğun və fiskal olaraq daha məsuliyyətli addımdır.

Oxşar səbəblərdən mən həm də 2021-ci ilin dövlət büdcəsinin kəsirinin keçən ilə nisbətən 7.5% azalmasını müsbət addım kimi dəyərləndirirəm. Buna baxmayaraq, kəsirin ÜDM-dəki payının 4.1% olması hələ də narahat edicidir. Müqayisə üçün deyək ki, heç bir böyük təbii resursu olmayan, habelə pandemiya səbəbindən iqtisadiyyatında ciddi rol oynayan turizm sektorunu demək olar ki itirən qonşu Gürcüstanda həmin göstərici 2020-ci ildə 2.6% idi. Ümumiyyətlə, Avropa Valyuta Birliyinin üzvü olan ölkələr başda olmaqla, dünyanın bir çox ölkələri adətən büdcə kəsirinin ÜDM-dəki nisbətinin maksimum həddi kimi 3%-i qəbul edirlər. Yəni kəsirin nisbəti 3%-i keçirsə, deməli narahat olmaq üçün əsas var. Azərbaycanda isə kəsirin 3%-i keçməsindən əlavə onu da yadda saxlamalıyıq ki, bu kəsir Dövlət Neft Fondunun etdiyi nəhəng transferlərə baxmayaraq (2020 və 2021-ci ildəki transfertlərin Neft Fondunun tarixindəki ən böyük məbləğlərdir) yenə də yüksək səviyyədə qalır.

Aşağıdakı cədvəldən dövlət büdcəsinin əsas göstəricilərinin son illərdə dəyişməsini görə bilərsiz.

Cədvəl 1: 2018 – 2021-ci illər ərzində Azərbaycan Dövlət Büdcəsi

Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Əvvəlki illərlə müqayisədə 2021-ci ilin büdcəsində daxili borclanma da daha mühüm rol oynayacaq. Hökumət il ərzində 2 milyard manatlıq istiqraz emissiyasını planlayır. Onlardan 681.5 milyon manatı 2021-ci ildə geri ödənilməsi lazım olan istiqrazların yenidən maliyyələşdirilməsinə sərf olunacaq. Geriyə qalan 1.3 milyard dəyərindəki hissə isə büdcə kəsirinin bir hissəsinin bağlanmasına sərf ediləcək. Kəsirin geri qalan hissəsi isə vahid xəzinə hesabının ehtimal olunan qalığı, özəlləşdirmədən daxilolmalar və layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər hesabına təmin olunacaq.

Daha problemli məsələlər Dövlət Neft Fondunun büdcəsinə baxdıqda üzə çıxır. Büdcənin ilkin versiyasında BRENT markalı neftin bir barelinin qiyməti 35 ABŞ dolları olaraq götürülmüşdü, hansı ki, kifayət qədər mühafizəkar və fikrimcə məqsədəuyğun yanaşma idi. Lakin Fondun büdcəsi təsdiqlənənə qədər bu göstərici dəyişdi və qəbul olunan sonuncu büdcədə Fondun gəlirləri 5.9 milyard manatdan 8 milyard manata, BRENT neftinin bir barelinin orta qiyməti isə 35 ABŞ dollarından 40 ABŞ dollarına yüksəldildi. Görünür Azərbaycan hökuməti əvvəlki səhvlərindən hələ də tam olaraq dərs çıxarmayıb.

Belə ki, Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsi onsuzda 4.2 milyard manatlıq büdcə kəsirinə malikdir (2020-ci ilin büdcə qanununda bu göstərici 4.6 milyard idi). Kəsirin müəyyən qədər azalmasına baxmayaraq, yeni büdcə neft qiymətləri haqqında nisbətən optimistik proqnozlara bel bağlamaqla yenə də kifayət qədər risk daşıyır. Hərçənd ki ABŞ-ın Enerji İnformasiya Administrasiyası və oxşar digər təşkilatlar 2021-ci il üçün BRENT neftinin bir barelinin orta qiymətini 49 ABŞ dolları olaraq təxmin edirlər, belə proqnozlar əsasında büdcə tərtib etmək yaxşı strategiya deyil. Qlobal iqtisadiyyatda kiçik amma gözlənilməz bir dəyişim həqiqi neft qiymətlərinin gözləniləndən çox daha az olmasına səbəb ola bilər, 2020-ci ildə epidemiya sayəsində olduğu kimi. 2020-ci ilin əvvəlində bütün proqnozlar BRENT barelinin orta qiymətini 60 ABŞ dolları səviyyəsində göstərirdilər, lakin reallıq 33% daha az olaraq 40 dollar səviyyəsində idi. Düzdür, koronavirus kimi ciddi olan başqa bir hadisənin 2021-ci ildə baş verməsi ehtimal olunmur, amma gözləniləndən daha zəif iqtisadi bərpa, və ya kütləvi peyvəndlənmənin effektsiz olması belə neft qiymətlərinə kəskin təsir edə bilər.

Bir digər tərəfdən isə, həm Dövlət Büdcəsində, həm də Neft Fondunun büdcəsində onsuzda ciddi kəsir var. Deməli birdən qlobal iqtisadi vəziyyət yenə pişləşərsə, onda Azərbaycan əhalisi  pandemiyanın davam edən iqtisadi əziyyətini çəkməkdən əlavə Dövlət və Neft Fondunun büdcəsində yaranan əlavə kəsirin də yükünü bir təhər daşımalı olacaq. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, belə optimist proqnozlar üzərində büdcə tərtib etmək düzgün siyasət deyil. Uzun sözün qısası, səhv olan nikbin proqnoza bel bağlamaqdansa yanlış bədbin proqnoza güvənmək daha yaxşıdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s