Büdcə Dəyişiklikləri 2020

Bir neçə həftə əvvəl Azərbaycanın 2020-ci il dövlət büdcəsinə yenidən baxılaraq bəzi dəyişikliklər edilib. Dəyişikliklərin edilməsi mövcud iqtisadi vəziyyəti nəzərə aldıqda gözlənilən idi, lakin bəzi məqamlar, əsasən də Büdcə Qaydası və Dövlət Neft Fonduna aid olan hissələr haqqında biraz yazmaq istədim.

DƏYİŞİKLƏRƏ ÜMUMİ BAXIŞ

Yenidən baxılmış büdcədəki ədədi “düzəlişlər” elə də mübahisəli deyil. Aydın məsələdir ki, pandemiya səbəbi ilə bəzi gəlirlər aşağı düşüb, səhiyyə, sosial müdafiə kimi xərclər isə artırılıb. Ümumi vəziyyəti görmək üçün siz hazırladığım cədvələ nəzər yetirə bilərsiniz.

Cədvəl  1: Büdcə dəyişikliklərindəki əsas məqamlar

Dovlet Budcesi AZE

Mənbə: Azərbaycan Maliyyə Nazirliyi

Maliyə Nazirliyinin yaydığı izahatda[1] qeyd edilir ki, cari ilin büdcə gəlirləri büdcə zərfi hazırlanarkən (yəni 2019-cu ilin noyabr ayı) nəzərdə tutulan məbləğdən 927.5 milyon manat daha az olacaq. Bir digər tərəfdən isə, koronavirus ilə bağlı yeni xərc istiqamətləri büdcə xərclərini 1.4 milyard manat artıracaq. Buna görə də, azalan gəlirlər və artan xərclər fonunda əlavə 2.3 milyard manatlıq maliyyə vəsaiti ayırmaq zərurəti yaranır. Aşağıdakı illüstrasiyadan siz nazirliyin bu əlavə vəsaiti qarşılamaq üçün təklif etdiyi planı görə bilərsiniz. 

Sxem 1: Əlavə xərclərin təklif olunan maliyyə mexanizmi

Kəsir qrafik

Mənbə: Azərbaycan Maliyyə Nazirliyi

Plana əsasən, Dövlət Neft Fondundan büdcəyə edilən transflerlərin həcmi 850 milyon manat artırılaraq 12.2 milyard manata çatdırılacaq, hansı ki büdcənin ümumi gəlirlərinin 51%-i deməkdir. Daha 30 milyon əlavə vəsait isə “sair daxilolmalar”-dan gələcək[2]. Hazırda o qədər də önəmli olmayan, əvvəl nəzərdə tutulmuş 774 milyon manat dəyərindəki xərclərə qənaət edilib, həmin vəsaitlər daha aktual xərclərə yönəldilib. Son olaraq nazirlik həm keçən ilin dövlət büdcəsinin vəsait qalığını istifadə etməyi, həm də dövriyyəyə yeni istiqrazlar buraxmağı planlayır. Bununla da 2020-ci ilin dövlət büdcəsinin kəsiri 3.4 milyard manat olmaqla ümumi xərclərin 12.3%-ə bərabər olacaq.

İzahatda nazirlik qeyd edir ki, cari və gələn il ərzində 2019-cu ilin yanvarından qüvvədə olan büdcə qaydası müvəqqəti olaraq dayandırılır. Müvəqqəti dayandırılmanın əsaslandırılması az da olsa adekvat olsaydı bu gedişi başa düşmək olardı. Amma nazirlik absurd bir izahat verərək sanki “qaş düzəldərkən göz çıxarıb”. Buna görə də mən bu yazımın əsas hissəsini məhz büdcə qaydasının dayandırılmasına həsr edəcəm.

BÜDCƏ QAYDASININ DAYANDIRILMASI   

İlk olaraq Maliyyə Nazirliyinin izahatda nə yazdığına baxaq:

“Dövlət büdcəsi qarşısında yeni çağırışların təmin olunması, büdcənin gəlir və xərcləri arasında  tarazlığın  bərqərar  edilməsi  məqsədi  ilə büdcə qaydasının  tətbiqini  müvəqqəti dayandırmaqla  cari ildə yumuşaq  kontrsklik  büdcə siyasətinin  həyata  keçirilməsini  və bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun  23-cü maddəsinə müvafiq olaraq dövlət və icmal büdcələrinə yenidən baxılmasını zəruri etmişdir”

Deməli belə başa düşürük ki, büdcə qaydasının dayandırılması 3 əsas istiqamətdə izah olunur: (a) pandemiya nəticəsində yaranan yeni çağırışların təmin olunması, (b) büdcənin gəlir və xərclərinin balanslaşdırılması və (c) yumuşaq kontarsikl büdcə siyasətinin həyata keçirilməsi.

Ümumi olaraq baxdıqda (a) və (b) arqumentlərini müəyyən qədər başa düşmək olar. Çünki, Azərbaycanın büdcə qaydasının əsas funksiyalarına qeyri-neft baza kəsirinin azaldılması, habelə Neft Fondundan büdcəyə olan transferlərin həcminin məhdudlaşdırılması daxildir. Maliyyə Nazirliyinin fikrincə, hazırki iqtisadi vəziyyətdə lazımlı addım Fonddan gələn transferlərin artırılması hesabına büdcə xərclərini artırmaqdır, hansı ki qeyri-neft baza kəsirinin yüksəldilməsi deməkdir. Mən bu iqtisadi filosofiya ilə razılaşmasam da, qəbul edirəm ki arqument başa düşüləndir.

Problemli məsələ isə məhz (c) arqumentidir. Belə ki, Azərbaycan kimi təbii resurslarla zəngin olan ölkələrdə büdcə qaydalarının fundamental məntiqi məhz hökumətləri maliyyə cəhətdən daha məsuliyyətli etmək, eyni zamanda onlara kontrasikl fiskal siyasət aparmaq imkanını yaratmaqdır. Daha ətraflı desək, büdcə qaydaları elə tərtib olunur ki, iqtisadiyyatın genişləndiyi zaman hökumət öz xərclərini (milli ÜDM-ə nisbətən) azaldır və əsas rolu özəl sektora ötürür. Digər tərəfdən iqtisadiyyat resessiyaya yönəldiyində isə (məsələn indiki kimi), hökumət öz xərclərini artırmaqla iqtisadiyyatdakı məcmu tələbə təkan verərək resessiyanın iqtisadi krizisə çevrilməsinin qarşısını alır. Azərbaycanın büdcə qaydası da, ideal olmasa da, məhz bu prinsiplər əsas götürülərək tərtib olunub və kontrasikl büdcə siyasəti aparmaq üçün kifayət qədər əlverişlidir. Maliyyə Nazirliyi isə deyir ki, biz kontrasikl siyasət aparacayıq, ona görə də büdcə qaydasını dayandırırıq…

Nazirliyin belə açıqlama verməsinin səbəbi odur ki, bu il büdcə qaydasının tətbiqi dayandırılmadığı halda Neft Fondundan dövlət büdcəsinə edilən transferlər əvvəlki 11.3 milyard manat səviyyəsindən 8.9 milyard manata, yəni 2.46 milyard manat düşürülməlidir. Yenidən baxılmış büdcədə nəzərdə tutulmuş əlavə 850 milyon manatlıq transferi də bura qatdıqda fərq 3.31 milyard manata gəlib çatır. Uzun sözün qısası, büdcə qaydası cari il üçün dayandırılmasa, onda Dövlət Neft Fondundan yenidən baxılmış büdcəyə olan transferlərin həcmi Maliyyə Nazirliyinin hazırda nəzərdə tutduğu məbləğdən 3.3 milyard manat az olmalıdır. Bu isə büdcənin xərclərinin də təqribən eyni məbləğdə azaldılması deməkdir. İqtisadiyyatın resessiyaya yönəldiyi bir vaxtda büdcə xərclərini kəskin azaltmaq əlbəttə kontrasikl fiskal siyasət məntiqinə uymur, onda deməli Nazirlik düz edib büdcə qaydasını dayandırıb? Xeyr.

İlkin baxışda sizə də elə gələ bilər ki, problem büdcə qaydasındadır, amma bu belə deyil. Problem 2020-ci il dövlət büdcəsinin özündədir. Dövlət büdcəsinin nöqsanlı tərtib olunması hazırda Azərbaycan iqtisadiyyatını və dövlət büdcəsini çıxılmaz vəziyyətdə qoyub və buna görə də büdcə qaydasının dayandırılması məcburi hala çevrilib. Belə ki, büdcə qaydasına əsasən, 2020-ci ildə hər şey qaydasında gedib, neftin bir barelinin orta qiyməti 55 dollar (büdcə tərtib olunarkən neftin qiyməti 55 dollar olaraq nəzərdə tutulmuşdu) olsa idi, onda Dövlət Neft Fondundan büdcəyə ediləcək transferlərin maksimum həddi 11.3 milyard manat olacaqdı. Lakin neftin orta dəyəri həqiqətən də 55 dollara bərabər olub, Fonddan büdcəyə bu məbləğ bütövlükdə köçürülsəydi belə 2020-ci ilin dövlət büdcəsində 2.8 milyard manata bərabər büdcə kəsiri olacaqdı, hansı ki ümumi büdcənin 10.2%-ə bərabərdir.      

Bir dəqiqənizi ayırıb bunun haqda fikirləşin: büdcə qaydası deyirdi ki, hər şey yaxşı olan halda Neft Fondundan dövlət büdcəsinə ən çox 11.3 milyard manat köçürmək olar. Büdcəni hazırlayan Maliyyə Nazirliyi, habelə bu büdcəyə səs verən Milli Məclis üzvləri isə nəinki bu 11.3 milyard manatlıq məbləği bütövlükdə büdcə xərclərinə daxil ediblər, hələ bundan əlavə 2.8 milyard manatlıq kəsir də yaradıblar. Onlar tərtib etdikləri büdcədəki sadə amma çox ciddi problemi görə bilməyiblər: iqtisadi vəziyyət birdən pisləşsə (epidemiya səbəbində hazırda olduğu kimi) onda büdcənin gəlirləri gözləniləndən daha az olacaq və büdcə kəsirinin həcmi daha da artırılmalı olacaq. Maliyyə Nazirliyinin hazırda istinad elədiyi iqtisadi fəlsəfə isə bizə deyir ki, iqtisadiyyatın belə vaxtlarında büdcənin xərclərini biraz da artırmaq lazımdır. Əgər büdcə onsuzda əvvəldən ciddi kəsirlə tərtib olunub, hələ bu azmış kimi gəlirlər gözləniləndən daha da az olacaqsa, onda hökumət büdcə xərclərini büdcə qaydasını pozmadan necə artıra bilər?

İqtisadiyyat üzrə təhsil alan birinci kurs tələbə belə tərtib olunan büdcədəki bu ciddi nöqsanları görə bilərdi. Hətta büdcənin belə nöqsanlı tərtib olunması halı birinci dəfə də deyil. Oxşar hallar əvvəlki illərdə də mövcud idi, sadəcə olaraq iqtisadi vəziyyət əvvəllər belə kəskinləşmədiyindən biz indiki kimi çıxılmaz vəziyyətdə qalmamışdıq.

Bir sual ortaya çıxır ki, nəyə görə keçən ilin noyabr ayında tərtib olunan dövlət büdcəsində bu qədər ciddi kəsir var? Həmin ərəfədə Dövlət Statistika Komitəsi ÜDM-in artımını 2.1%, qeyri-neft ÜDM artımı isə 3.5% olaraq göstərirdi. İnflyasiya 2.6%-də idi, rəsmi işsizlik isə həmişəki kimi “5%” idi. Bundan əlavə BRENT markalı neftin bir barelinin qiyməti də 60 dollar ətrafında idi. Bəs onda niyə Maliyyə Nazirliyi, habelə millət vəkilləri dövlət büdcəsində bu qədər ciddi kəsir yaratmaq qərarına gəliblər? Axı iqtisadiyyat üçün heç bir aydın təhlükə və ya deflasiyaya yönəlmiş bir hərəkat yox idi. Qeyri-neft sektorunun da, işsizlik dərəcəsinin də vəziyyəti əvvəlki illərdə deyilən statistikadan demək olar ki fərqlənmirdi. Əgər hökumət və millət vəkilləri biraz da olsa məsuliyyətli iş görsəydi onda dövlət büdcəsində artıq vəsait qalardı, kəsir yox. Əgər Neft Fondundan dövlət büdcəsinə transferlərin yuxarı həddi 11.3 milyard manat idisə onda büdcənin xərclərində təqribən (misal üçün) 9 milyardlıq vəsaiti daxil etmək, beləliklə geriyə qalan 2.3 milyard manatı isə ehtiyatda saxlamaq olardı. Əgər dövlət büdcəsi bu prinsiplər ilə tərtib olunsa idi, onda 2020 və 2021-ci illərdə büdcə qaydasının tətbiqinin dayandırmaq məcburiyyətində qalmazdıq.

Sizə elə gələ bilər ki, mən dövlət qaydasının üzərində çox dayanıram. Deyə bilərsiz ki, hazırda davam edən epidemiya, habelə onun mənfi təsirləri çox daha vacib məsələlərdir nəinki büdcə qaydasının müvəqqəti dayandırılması. Bəli, orası düzdür, hazırda epidemiya daha vacib problemdir, lakin onu da başa düşmək lazımdır ki, epidemiya nə vaxtsa bitəcək, amma elə ilk xırda maneədə büdcə qaydasının dayandırılması vərdişi orta və uzunmüddətli dövrlər üçün çox daha təhlükəlidir. Bu məsələ ətrafında dayanmağımın bir başqa səbəbi isə Maliyyə Nazirliyinin rəsmilərinin və Parlamentin deputatların bariz şəkildə ciddi səhv buraxdıqları halda heç kimin onları məsuliyyətli tərəf kimi tanımamasıdır. Bütün günah koronavirus epidemiyasının yaratdığı fövqəl-təbii vəziyyətin üzərinə yıxılır, bəs kontrasikl fiskal büdcə fəlsəfəsinin demək olar ki bütün fundamental qaydalarını pozan, lazımsız yerə 10%-lik kəsirə malik olan büdcə tərtib edən, habelə onu təsdiqləyən rəsmilərin heç günahı yoxmu? Əslində büdcə özü düzgün tərtib olunsa idi onda büdcə qaydası hazırda büdcənin xərclərinin haqlı olaraq artırılmasına təkan verən birinci qüvvə olardı. Amma büdcə elə tərtib olunub ki, büdcə qaydası hal-hazırda büdcə xərclərinin artırılması qarşısında “maneə”-yə çevrilib. Bugün büdcə qaydasının dayandırılmasını məcbur edən səbəblərin ən başında Maliyyə Nazirliyi və deputatların səhv mövqeləri, yanlış qərarları, və həddindən artıq optimist yanaşmalarıdır. Əgər biz indi bu sadə reallığı tanımasaq, onda sabah yenə də eyni səhvləri edəcəyik. 

DÖVLƏT NEFT FONDU      

Bu yazımı yekunlaşdırmaqdan əvvəl istəyirəm ki, qısa olaraq da Dövlət Neft Fondunun vəziyyətinə baxaq. Aşağıdakı cədvəldən də görə biləcəyiniz kimi, büdcə dəyişikliklərindən sonra Fondun gəlirlərinin 41% düşməsi, xərclərinin isə 7% artması gözlənilir. Bununla da Neft Fondunun cari il üzrə büdcə kəsiri 5 milyard manat olmaqda Fondun tarixindəki ən böyük kəsir olacaq.

Cədvəl  2: Neft Fondunun büdcə dəyişikliklərindəki əsas məqamlar

SOFAZ budcesi AZE

Mənbə: Azərbaycan Maliyyə Nazirliyi

Fondun cari ildəki büdcə kəsirinin nə qədər böyük olduğunu göstərmək üçün sadə bir diaqram qurmaq qərarına gəldim. 2005-ci ildən bəri (2005-dən əvvəlki illərin büdcə məlumatı yoxdur) Fond cəmi bir dəfə büdcə kəsiri ilə, 2015-ci ildə qlobal neft bazarının çökdüyü vaxt üzləşib. Həmin ildə belə büdcə kəsiri 1.5 milyard manat idi, hansı ki həmin ilin Fondun büdcə gəlirlərinin 19%-ə bərabər idi. Bu ilin kəsiri isə gəlirlərin 70%i dəyərindədir.

Diaqram 1: Neft Fondunun illər üzrə büdcə balansı

SOFAZ timeline AZE

Mənbə: Azərbaycan Dövlət Neft Fondu

Büdcə qaydası dövlət büdcəsindən savayı həm də Neft Fondu üçün də önəmlidir, çünki qaydanın müəyyən bəndləri hər il ərzində neft gəlirlərinin xərclənə bilən həcmini müəyyən edirdi. Bu kifayət qədər ciddi məsələdir, çünki Fondun yaranmasında əsas səbəblərdən biri Azərbaycanın təbii sərvətlərdən gələn gəlirlərini gələcək nəsillər üçün saxlamaqdır. Bəs gəlirinin il ərzindəki gəlirlərinin hamısının, hələ bundan əlavə 5 milyard manat da xərcləyən Dövlət Neft Fondu bunu necə bacara bilər?    

Bu məsələ təkcə gələcək nəsillər haqqında da deyil əslində. Təbii resurslar sayəsində formalaşan Fondlar həmişə hökumətlərin əlində siyasi məqsədlər uğrunda istifadə edilib, beləliklə də iqtisadi inkişafa və siyasi irəliləməyə mənfi təsir göstəriblər.

NƏTİCƏ 

Cari iqtisadi vəziyyəti nəzərə aldıqda Azərbaycan dövlət büdcəsinə dəyişikliklərin edilməsi gözlənilən hal idi. Dəyişikliklərin ədədi hissəsi o qədər də mübahisəli deyil, lakin iki məqam diqqətəlayiqdir. Birincisi, 2019-cu ilin yanvarında qüvvəyə minən büdcə qaydasının tətbiqi 2020 və 2021-ci illər ərzində dayandırılır. İkinci olaraq isə Dövlət Neft Fondu 2020-ci ildə tarixinin ən böyük büdcə kəsirinə sahib olacaq.

Maliyyə Nazirliyinin büdcə qaydasının dayandırılması ilə bağlı gətirdiyi arqumentlər xeyli absurddur. Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, büdcə qaydalarının prioritet məqsədlərindən başlıcası məhz hökumətləri həm maliyyə cəhətdən daha məsuliyyətli etmək, həm də onlara kontrasikl fiskal siyasət həyata keçirmək imkanı yaratmaqdır. Nazirlik isə deyir ki, onlar kontrasikl büdcə siyasəti həyata keçirməyi planlayırlar və bu səbəbə görə də büdcə qaydası dayandırılır.

Situasiyaya daha diqqətlə baxdıqda aydın olur ki, problem heç də büdcə qaydasında deyil, əslində fundamental problem 2020-ci il dövlət büdcəsinin özünün necə tərtib olunmasındadır. Belə ki, büdcə qaydasına əsasən Neft Fondundan büdcəyə olan transferlərin maksimum həddi 11.3 milyard manat olaraq hesablanmışdı. Nazirliyin hazırladığı, Milli Məclis üzvlərinin isə səs verdiyi büdcədə isə nəinki bu məbləği bütünlükdə xərclərə daxil edilib, hələ bundan savayı 2.8 milyard manatlıq büdcə kəsiri yaradılıb. Nəzərə alsaq ki 2020-ci ilin dövlət büdcəsi hazırlandığı zaman (keçən ilin noyabr ayı) Azərbaycan iqtisadiyyatının qısa müddətli proqnozu hökumət mənbələrinə istinadən müsbət idi, onda belə böyük büdcə kəsirinin yaradılmasının, habelə xərclənə bilən neft gəlirlərinin hamısının xərclənməsinin iqtisadi sferada məntiqi izahatı yoxdur.     

Koronavirus epidemiyası, və onun səbəb olduğu neft bazarlarının çökməsi sözsüz ki Azərbaycan Dövlət Neft Fonduna da mənfi təsir göstərəcəkdi. Lakin 2020-ci ilin dövlət büdcəsinin səmərəsiz və israfçı şəkildə hazırlanması vəziyyəti biraz da gərginləşdirib. Onsuzda son 20 ilin ən aşağı neft qiymətlərindən əziyyət çəkən Fond bir tərəfdən də büdcəyə əvvəl nəzərdə tutulandan da əlavə vəsait köçürməli olacaq. Nəticədə Fondun cari ildəki büdcəsində 5.1 milyard manatlıq defisit ortaya çıxıb, hansı ki qabaqkı defisitdən (söhbət 2015-ci ildən gedir) 3 dəfə daha böyükdür. Neft Fondunun 2020-ci ilin əvvəlinə olan maliyyə aktivlərinə nisbətən isə büdcənin bu ilki kəsiri 7%-ə bərabərdir. Özünüz fikirləşin, cəmi 20 yaşı olan və əsas öhdəliklərindən birinin Azərbaycanın neft sərvətini gələcək nəsillərə ötürmək olar Fond bir il ərzində öz aktivlərinin 7%-i itirəcək…

Hərçənd ki Azərbaycanın büdcə qaydası ideal deyil və onu daha da təkminləşdirmək olar, hazırkı vəziyyətdə onun tətbiqinin dayandırılmasına haqq qazandırmaq olmur. Onun dayandırılmasına bəraət verməyin yeganə yolu Maliyyə Nazirliyinin və Parlamentin deputatlarının kobud səhv buraxmaqla sağlam olmayan, səmərəsiz və israfçı büdcə hazırladıqlarını və bu səhvlər nəticəsində Dövlət Neft Fondunun çiyinlərinə nəhəng yük düşməklə büdcə qaydasının tətbiqinin dayandırılmasının məcburiyyətə çevrilməsi faktını tanımaqdır. Biz bu səhvləri tanımalı, məsuliyyətli şəxsləri tənqid etməliyik ki, gələcək üçün buradan müəyyən nəticə çıxarılsın.

QEYDLƏR

[1]http://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/5f2486962c071.pdf

[2] Sair daxilolmalar kateqoriyasına daxil olan bəzi gəlirlər, məsələn ödənişli xidmətlər və kreditlər üzrə faiz ödənişləri azalıb. Digər tərəfdən isə yenə də bu kateqoriyaya daxil olan müəyyən gəlirlər isə artıb, məsələn əhalidən yığılan cərimələr və bəzi rəsmilərin əmlaklarının dövlət hesabına müsadirə edilməsi. Yekun nəticə olaraq büdcənin sair daxilolmalar kateqoriyası üzrə gəliri 30 milyon manat artıb. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s