Azərbaycanın Neft Sektorunun cari vəziyyəti

Koronavirus epidemiyası 2020-ci ilin ilk 6 ayında qlobal iqtisadiyyatın demək olar ki hər bir sahəsinə öz təsirini göstərib. Virusdan savayı, Azərbaycan iqtisadiyyatı həm də ciddi şəkildə düşən neft qiymətlərindən də əziyyət çəkir. Bu yazımda mən Azərbaycanın neft sektorunun hazırkı vəziyyətini və mövcud situasiyanın dövlət büdcəsinə necə təsir edə biləcəyini qısa şəkildə araşdıracam.

Neft bazarlarının 2020-ci ildəki ağır vəziyyəti heç kimə sirr deyil. BRENT markalı xam neftin 2019-cu ildə ortalama qiyməti 65 ABŞ dollarına yaxın olmasına baxmayaraq cari ilin aprel ayında həmin qiymət 23 dollara qədər düşmüşdü. Bu düşüşün başlıca səbəbkarı koronavirus epidemiyası səbəbindən qlobal istehsal və istehlakın zəifləməsi, nəticədə enerjiyə olan tələbatın kəskin azalması olub. Bundan əlavə OPEC+ ölkələrinin, daha dəqiq desək Səudi Ərəbistan və Rusiya Federasiyasının mart ayının 6-da xam neft istehsalı barəsində razılığa gəlməməsi də böyük rol oynayıb. Beləliklə 2020-ci ilin yanvar – aprel periodunda BRENT 63% dəyər itirib.

Lakin aprel ayında OPEC+ ölkələrinin may – iyun aylarında gündəlik qlobal xam neft istehsalını 9.7 milyon barel azaltmaq qərarı ilə vəziyyət nisbətən yaxşılaşmağa doğru getməyə başladı. Nəzərinizə çatdırım ki bu OPEC+ koalisiyasının indiyə qədər əldə etdiyi ən böyük razılaşmadır. Razılaşmaya əsasən 2022-ci ilin aprel ayına qədər istehsalda azalmalar qüvvədə olacaq. Koalisiyanın ortaq məxrəcə gəlməsindən sonra neft qiymətləri stabil şəkildə artmağa başlayıb. May ayında bir barel xam neftin orta qiyməti  31 dollar, iyun ayında isə 39.4 dollar olub. Razılaşmanın müsbət nəticə verdiyi gördükdən sonra OPEC+ ölkələri əvvəldən sadəcə may və iyun ayları üçün nəzərdə tutulmuş ilkin istehsal məhdudiyyətlərini iyul ayı üçün də şamil etmək qərarına gəlib.

OPEC+ koalisiyasının bir hissəsi olaraq Azərbaycan da öz xam neft istehsalını azaltmaq öhdəliyini qəbul edib. Razılaşmaya əsasən Azərbaycan ilkin mərhələdə (yəni may – iyul ayları) gündəlik xam neft istehsalını 2018-ci ilin oktyabr ayındakı səviyyəsinə nəzərən 164 min barel qədər azaldacaq. Bu o deməkdir ki, 2020-ci ilin ilk 4 ayına nisbətən, may – iyul ayları ərzində Azərbaycanda xam neft istehsalı 18.2% aşağı olacaq. 2020-ci ilin avqust ayından 2021-ci ilin yanvar ayına qədər olan dövrdə (ikinci mərhələ) Azərbaycan gündəlik istehsalını 33 min, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayına qədər isə (üçüncü mərhələ) daha 33 min barel artıra bilər. Başa düşmək daha asan olsun deyə OPEC+ razılaşmasının Azərbaycan qarşısında yaratdığı öhdəlikləri aşağıdakı cədvəl və diaqramdan da oxuya bilərsiniz:

Cədvəl 1: Azərbaycanın OPEC+ razılaşması əsasında öhdəlikləri

  Dövr Gündəlik Hasilat Həddi Nisbi Azalma[1]
Mərhələ 1 May – İyul 2020 554,000 barel 18.2%
Mərhələ 2 İyul 2020 – Yanvar 2021 587,000 barel 13.3%
Mərhələ 3 Yanvar 2021 – Aprel 2022 620,000 barel 8.4%

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi

Diaqram 1: Azərbaycanın OPEC+ razılaşması əsasında öhdəlikləri

diaqram1.png

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi

OPEC+ razılaşmasının üzərində bu qədər dayanmağımın əlbəttə bir səbəbi var. Hazırda çoxları neftin qiymətinin dinamikasına baxdıqdan sonra iddia edirlər ki, artıq iqtisadi cəhətdən pis vaxtları geridə qoyduq, neft qiymətləri artır və Azərbaycan büdcəsi və iqtisadiyyatı koronavirus epidemiyasından o qədər də təsirlənməyib. Lakin reallıq bu fikirdən çox uzaqdadır. Düzdür, neft qiymətləri yüksəlir, lakin biz unutmamalıyıq ki, bu yüksəliş neft istehsalının azaldılması hesabına yaranıb. Yəni biz bir tərəfdən qalxan neft qiymətlərindən qazanırıqsa, digər tərəfdən isə azalmış neft hasilatından uduzuruq. Həmçinin biz dövlət büdcəsinin bu ilki vəziyyətinin təqribən necə olacağını təxmin etməyə çalışırıqsa onda sadəcə cari neft qiymətləri yox, həm də qiymətlərin kəskin düşdüyü mart – may aylarının təsirini də nəzərə almalıyıq. Deməli beləliklə biz iki suala cavab axtarırıq: (1) OPEC+ razılaşması Azərbaycan üçün mənfəətlidirmi və (2) ilin geri qalanı üçün neft qiymətləri hansı səviyyədə olmalıdır ki, bizim dövlət büdcəmizdə ciddi kəsr yaranmasın.

Birinci suala cavab vermək asandır: bəli, razılaşma Azərbaycan üçün xeyli mənfəətlidir. Mənim hesablamalarıma əsasən, BRENT markalı xam neftin qiyməti 27.6 ABŞ dolları səviyyəsindən yuxarıdadırsa deməli razılaşma bizim xeyrimizə işləyir[2]. Nəzərə alsaq ki, may ayında faktiki orta qiymət 31 dollar səviyyəsində idi, biz deyə bilərik ki hələlik OPEC+ razılaşması bizim üçün uğurlu hesab oluna bilər.

İkinci suala cavab vermək isə biraz daha qəlizdir və bir neçə hesablama tələb edir. Biz bilirik ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 1 barel neftin orta qiyməti 55 ABŞ dolları səviyyəsində təxmin edilib. 2019-cu ilin aylıq neft hasilatı, habelə OPEC+ ölkələrinin 2018-ci ilin dekabr ayına aid razılaşmasına əsasən 2020-ci ildə Azərbaycanın gözlənilən gündəlik xam neft hasilatını da 680 min barel olaraq təxmin edə bilərik. Deməli biz 2020-ci il dövlət büdcəsində nəzərdə tutulan neft qiyməti və gözlənilən xam neft hasilatını bilirik.

Digər tərəfdən isə biz faktiki olaraq cari ilin ilk 6 ayında xam neftin orta qiymətini və Azərbaycandakı hasilatını bilirik. Bundan əlavə sonuncu OPEC+ razılaşmasına əsasən də Azərbaycanın 2020-ci ilin sonuna qədər nə qədər neft hasilat edəcəyini də asanlıqla təxmin edə bilərik. Beləliklə bizə məlum olan bütün bu rəqəmlərdən istifadə edərək biz aşağıdakı düsturdan istifadə edərək 2020-ci ilin iyul – dekabr aylarında neftin ən azı hansı qiymət səviyyəsində olması lazım olduğunu tapa bilərik:

dustur1

burada “t” yanvar (t=1) ayından başlayaraq illin aylarını bildirir.

Qeyd edim ki, yuxarıdakı bərabərlikdə bizə məlum olmayan yeganə dəyişən məhz neftin iyul – dekabr aylarındakı qiymətidir. Riyazi bərabərliyi həmin dəyişən üçün həll etdikdə biz 83.4 ABŞ dolları cavabına varırıq.

Deməli biz bu nəticəyə gələ bilərik ki, 2020-ci ilin dövlət büdcəsi qanununda nəzərdə tutulan səviyyədə büdcəyə neft gəlirlərinin daxil olması üçün iyul – dekabr ayları arasında xam neftin orta qiyməti ən azı 83.4 ABŞ dollarına bərabər olmalıdır. Əgər növbəti 6 ay ərzində neftin qiyməti bu göstəricidən az olarsa, onda Azərbaycan dövlət büdcəsində daha da böyük kəsr əmələ gələcək.

Bir digər tərəfdən isə biz unutmamalıyıq ki, dövlət büdcəsinin qeyri-neft gəlirləri də pandemiya nəticəsində azalıb, çünki iqtisadiyyatın bir çox sahələri ciddi itki ilə üzləşib və onların vergi ödənişləri şübhəsiz ki, azalacaq. Həm də, pandemiya səbəbi ilə sahibkara, habelə işsizlərə edilən sosial yardım da büdcə üzərindəki təzyiqləri daha da artırır. Deməli ilin sonunda dövlət büdcəsinin kəsri çox daha da böyük ola bilər. Bunun qarşısını almaq üçün hökumət Dövlət Neft Fondunun bir qisim aktivlərini satıb əldə olunan məbləği dövlət büdcəsinə köçürə bilər[3]. Bu halda isə Neft Fondunun gələcəyi o qədər də ürəkaçan görünməz, çünki (a) Fond onsuzda dövlət büdcəsinin gözləniləndən artıq olan xərclərini qarşılayan əsas mənbə olacaq, baxmayaraq ki onun öz neft gəlirləri də ciddi şəkildə düşüb və (b) Fond təkcə neft gəlirlərindən yox, həmçinin xarici bazarlarda etdiyi investisiyalardan da külli miqdarda gəlir itirəcək, hətta böyük ehtimalla zərərə gedəcək. Neft Fondu növbəti rüblük hesabatını ictimailəşdirdikdə mən bu məsələ barəsində ayrıca bir yazı yazmağı planlayıram.

NƏTİCƏ

OPEC+ ölkələrinin aprel ayındakı razılaşması neft istehsalçılarının, həmçinin Azərbaycanın neft sektoruna müsbət təsir göstərib. Hazırda bu razılaşmanın Azərbaycan üçün olan “gəliri” (yəni neft qiymətinin artması) onun “xərcindən” (yəni itirilən potensial xam neft hasilatı) açıq olaraq daha yüksəkdədir. Lakin dövlət büdcəsinin fiskal vəziyyəti hələ də ürəkaçan deyil. Mənim hesablamalarım göstərir ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsi qanununda (hansı ki 2019-cu ilin noyabr ayında hazırlanıb) nəzərdə tutulan qədər neft gəlirlərinin olması üçün cari ilin iyul – dekabr aylarında xam neftin orta qiyməti ən azı 83.4 ABŞ dolları səviyyəsində olmalıdır. Nəzərə alsaq ki neft qiymətlərinin bu qədər yüksəlməsi ehtimalı aşağıdır, onda hökumət dövlət büdcəsindəki kəsri bağlamaq üçün iki addım ata bilər (devalvasiyadan başqa): (a) Dövlət Neft Fondunun müəyyən aktivlərini dəyər-dəyməzə sataraq əldə olunan məbləğin dövlət büdcəsinə köçürülməsi və ya (b) xarici borc alınması. Əslində xarici borcun alınması da faktiki olaraq bu yükü Neft Fonduna yükləməkdir. Nəticə olaraq əminliklə deyə bilərik ki, illərdir neft gəlirlərinin yanlış idarəedilməsindən, habelə düzgün büdcə qaydasının vaxtında qurulmamasından dolayı koronavirus epidemiyası Dövlət Neft Fonduna ciddi zərər vuracaq.

QEYDLƏR

[1]Bu göstərici yeni tətbiq olunan məhdudiyyətlərin Azərbaycanın 2020-ci ilin Yanvar – Aprel dövründəki orta gündəlik istehsalatına olan çəkisini göstərir.

[2] Nəzərə alın ki mənim hesablamalarım sadə metodologiya ilə aparılıb. Belə ki, mən fərz eləmişəm ki OPEC+ razılaşması olmasa idi onda neft qiymətlərinin orta qiyməti iyun – dekabr aralığında dəyişməz qalacaq. Reallıqda isə bu əlbəttə belə deyil, çünki qlobal iqtisadiyyat pandemiyadan yavaş-yavaş qurtulduqca enerjiyə olan tələbat yenidən qalxacaq, nəticədə neft qiymətləri artmağa başlayacaq. Lakin nəzərə alsaq ki iqtisadiyyatçıların bir çoxu may – iyun aylarındakı neft qiyməti artışlarını əksərən OPEC+ razılaşmasının səbəbi hesab edir, onda deyə bilərik ki mənim istifadə etdiyim sadə metodologiya müəyyən qədər məqsədəuyğun hesab edilə bilər.

[3] Belə bir addım əslində Azərbaycanın Büdcə Qaydasının pozulması deməkdir. Lakin hökumət bu qaydanın icrasını epidemiyanın fövqəladə bir vəziyyət olduğu arqumenti ilə müvəqqəti olaraq dayandıra bilər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s