Qızıl Manata Yardım Edə Bilərmi?

Sonuncu yazımda Azərbaycan Manatının yaxın gələcəkdəki aqibətini araşdırmış, nəticədə 2020-ci il ərzində devalvasiya riskinin olduğu qənaətinə gəlmişdim. Bu yazımda isə hökumətin potensial olaraq bu devalvasiyanı necə təxirə sala biləcəyini, və beləliklə onsuzda epidemiyadan əziyyət çəkən ölkə iqtisadiyyatını başqa bir zərbədən necə qoruya biləcəyi haqqında öz fikirlərimi bölüşəcəm.

VALYUTA BAZARLARINDA NƏ BAŞ VERİR?

Qeyd edəcəyim təklifi tam olaraq başa düşmək üçün ilkin olaraq qısaca Azərbaycanda xarici valyuta bazarlarının necə çalışdığını bir daha qeyd edək. Ölkənin neft satışından əldə etdiyi gəlirin əsas hissəsi birinci növbədə Dövlət Neft Fonduna daxil olur (gəlirin əsas hissəsi ona görə deyirəm ki, həmin gəlirin müəyyən bir miqdarı Dövlət Neft Şirkətinin vergiləndirilməsi nəticəsində birbaşa büdcəyə daxil olur).  Hər il öz büdcəsini tərtib edərkən Dövlət Neft Fondu dövlət büdcəsinə nə qədər vəsait transfer edəcəyini müəyyən edir. Fondun gəlirlərinin ABŞ Dolları, dövlət büdcəsinin valyutasının isə Azərbaycan Manatı olduğundan bu məbləği büdcəyə köçürməzdən əvvəl mübadilə etmək zərurəti yaranır. Bu səbəbdən hər ay bir neçə dəfə Mərkəzi Bankın təşkilatçılığı ilə Neft Fondunun təklif etdiyi valyutaların hərracları keçirilir. Ümumi olaraq baxdıqda, bu hərraclarda satılan məbləğ bizə bir növ Azərbaycanda xarici valyutalara olan tələbin göstəricisi rolunu oynayır. 2020-ci ilin əvvəlində isə həmin valyuta hərraclarında qeyri-adilik müşahidə olunub. Belə ki, aşağıdakı diaqramdan da görə biləcəyiniz kimi, Mart ayında xarici valyuta satışı kəskin şəkildə artıb.

Diaqram 1: Xarici valyuta hərraclarındakı satışın dinamikası

qraf1.png

Mənbə: Azərbaycan Dövlət Neft Fondu

Qısa şəkildə təsvir etsək, neft qiymətlərinin düşməsi insanları kütləvi şəkildə manatlarını satmağa, əvəzində isə ABŞ Dolları kimi xarici valyuta almağa yönləndirib. Xarici valyutalara olan bu tələb dalğasını görən banklar isə öz növbələrində hərraclara üz tütüb və külli miqdarda valyuta alıblar. Lakin biz başa düşməliyik ki, xarici valyutaya olan tələbin bu ciddi artımı sırf əhalinin manata olan etimadsızlığından irəli gəlir. Əvvəlki illərin dinamikasına nəzər yetirərək deyə bilərik ki, əslində neft qiymətləri düşməsəydi Mart ayında hərraclardakı tələb ən yüksək halda belə təxminən 800 milyon ABŞ Dolları olmalı idi. Lakin faktiki olaraq həmin göstərici bu il 1,925 milyon Dollar olub. Buradan belə qənaətə gələ bilərik ki, 1.1 milyard Dollarlıq əlavə tələb məhz insanların 2015-ci il devalvasiyaları zamanı aldığı psixoloji travmanın fəsadlarıdır.

Əgər bu trend gələcəkdəki aylarda da davam edərsə, onda Azərbaycan Manatının devalvasiyası qaçınılmaz ola bilər. Belə bir hal isə onsuzda neft qiymətlərinin düşməsindən xeyli əziyyət çəkən iqtisadiyyata başqa bir ağır zərbə deməkdir.

Aprel ayındakı xarici valyuta hərraclarına ötəri olaraq baxanlar tələbin artıq aşağı düşdüyü qənaətinə gələ bilərlər, lakin belə düşünmək o qədər də düz deyil. Çünki ola bilsin ki, Aprel ayında tələbin az olmasının səbəbi məhz əhalinin yığım imkanlarının zəifləməsinin nəticəsidir. Yəni insanlar hələ də Martda olduğu kimi manata etimad etmirlər, sadəcə Mart ayından fərqli olaraq Aprel ayında karantin və kəskin iqtisadi durğunluq nəticəsində onların mübadilə edəcək vəsaitləri azalıb və ya qalmayıb. Ona görə də mümkündür ki, May ayında karantin rejimi yumşaldıldıqdan və biznes mühiti tədricən normallaşdıqdan sonra, habelə insanların yığımları nisbətən əvvəlki səviyyəyə yaxınlaşdıqca biz yenə də xarici valyutaya olan tələbin artmasını görə bilərik. Çünki koronavirus epidemiyasının ən kəskin müddətini artıq arxada qoymuş olduğumuza baxmayaraq Azərbaycan nefti olan Azerlight-ın qiymətinin qalxmasını gözləmək üçün hələ çox tezdir. Bunun əsas səbəbi bizim neftimizin məhz ən çox aviasiya sektorunda istifadə edilməsidir, hansı ki, bu sektor hazırda qlobal olaraq virusdan ən çox zərər görən 2-3 sektordan biridir və hələlik ilin sonuna qədər uçuşların əvvəlki səviyyədə bərpa olunmasını gözləmək olmaz.

Bunların hamısını nəzərə alaraq deyə bilərik ki, hökumət və Mərkəzi Bankın qısa müddətdə əsas hədəfi manatın devalvasiyasını mümkün qədər, ən azından koronovirusun yaratdığı iqtisadi resessiyanın bitməsinə qədər gecikdirmək olmalıdır. Bu hədəfə çatmaq isə elə də asan deyil.

QISA MÜDDƏTLİ DÖVRDƏ DEVALVASİYADAN QAÇIŞ

Xarici valyutalara gözlənilən tələb artımı reallaşdıqda Mərkəzi Bank və hökumət rəsmilərinin standart “təşvişə qapılmayın” və “milli valyutaya güvənin” kimi çağırışları işə yaramayacaq, çünki bu qurum və şəxslərin reputasiyası Azərbaycan xalqının zehnində artıq xeyli şübhəlidir. Hökumət və Mərkəzi Bank da öz növbəsində bu reallığı tanımalı, və vəziyyətin gərginləşməsi halında əvvəlcədən alternativ mexanizmlər hazırlamalıdır. Fikrimcə sadə bir plan ilə, yəni əhaliyə qızıl qəpiklərin təklif edilməsi isə bu hədəfə müəyyən dərəcədə varmaq olar.

Etdiyim bu təklif biraz köhnəsayaq görünə bilər, lakin daha dərindən baxdıqda görərik ki, əslində qızılın satışı eyni zamanda bir neçə problemin qarşısını da kəsə bilər. Uzun sözün qısası, biz hazırda elə bir vaxtda yaşayırıq ki, Dövlət Neft Fondunun qızıl satmaqda, əhalinin isə qızıl almaqda marağı var. Əhali və Neft Fondu arasındakı bu mübadilə isə manatın üzərində olan təzyiqi müəyyən müddətdə yumşalda bilər. Aşağıdakı abzaslarda bu 3 arqumenti isbat etməyə çalışacağam.

ƏHALİNİN QIZIL ALMAQDA MARAĞI

Fikrimcə bizə artıq aydındır ki, Azərbaycanda əhalinin xarici valyuta almasında əsas marağı məhz milli valyutanın devalvasiya gözləntiləridir. Bu gözləntiləri nəzərə alaraq əhali öz sərvətini xarici valyutalara çevirərək potensial devalvasiyalardan özünü qorumaq istəyir. Məhz buna görə də Manatın hansı valyuta/maddəyə mübadilə edildiyinin elə də önəmi yoxdur, yetər ki satılan Manatın əvəzində alınan valyuta/maddə stabil olsun. Bu faktın sübutunu biz həm də onda görə bilərik ki, insanlar Türkiyə Lirəsi və ya Rus Rublu kimi qeyri-stabil valyutalara yox, əvəzində əsasən ABŞ Dolları və Avro kimi əhalinin gözündə yüksək reputasiyaya malik valyutalara üz tuturlar. Qızıl da öz növbəsində həm Azərbaycanda, həm də dünyada etibarlı bir dəyərli metal kimi tanınır. Tarixən də, elə müasir dövrdə də insanlar iqtisadi çətinlik dövrlərində kütləvi şəkildə qızıla üz tutmuşlar. Koronavirus epidemiyasının başlanğıcından bəri də qızıl qiymətləri stabil şəkildə artmaqdadır və növbəti bir neçə ildə də qiymətinin artması gözlənilir[1]. Ona görə də fürsət verilərsə əhalinin qızıl almaq istəyi haqqında heç bir şübhə yoxdur. Deməli mübadilənin birinci tərəfi, yəni qızılı alan tərəfdən problem yoxdur.

DÖVLƏT FONDUNUN QIZIL SATMAQDA MARAĞI

2020-ci ilin Aprel ayının əvvəlində Neft Fondunun 101.6 ton qızıl ehtiyatı mövcuddur[2]. Bugünün qiymətlərinə əsasən bu təqribən 5.6 milyard dollar dəyərində qızıl deməkdir, hansı ki Neft Fondunun məcmu aktivlərinin 13.5%-ə bərabərdir. Fond öz səhifəsində qeyd edir ki, qanuna əsasən, investisiya portfelinin diversifikasiyası səbəbindən qızılın xüsusi çəkisi 10%-dən yuxarı olmamalıdır. Deməli hüquqi cəhətdən Fondun qızıl satmaqda marağı var.

Bundan əlavə, qızıl satışı Neft Fonduna nağd pul kütləsi təmin etməklə də yardım edəcək. Fond 2020-ci ilin Yanvar – Mart aylarında Dövlət Büdcəsi qarşısındakı transfer öhdəliyini ona görə qarşılaya bilmişdi ki, həmin dövr ərzində satılan xam neft məhsulları fyuçers müqavilələri əsasən Dekabr, Yanvar və Fevral aylarının qiymətləri ilə satılıb. Bu müddət ərzində satılan neftin bir barelinin orta qiyməti 59 ABŞ dolları olub, hansı ki, Yanvar – Mart aylarının faktiki qiymətlərindən xeyli yüksəkdir[3]. Bu o deməkdir ki, neftin qiymətinin tarixi olaraq aşağı düşdüyü Mart və Aprel aylarının qiymətlərini biz ancaq Aprel və May ayında hiss edirik/edəcəyik, məhz buna görə də ilin ilk 3 ayında Neft Fondunun elə də bir nağd pul problemi olmayıb. Gələcək aylarda isə bu tam əksinə olacaq. Hətta Aprel ayında Azerlight neftinin barelinin qiymətinin onun istehsal xərcindən də aşağı olması bu deməkdir ki, bu aylar ərzində neftin satışından Fonda demək olar ki heç nə daxil olmayacaq (əlbəttə burada “heç nə” ifadəsi Dövlət Neft Fondunun öhdəliklərinə nəzərən istifadə edilir). Neft Fondu bu çətinlikdən çıxmaq üçün öz aktivlərinin müəyyən bir hissəsini istifadə etməlidir. Fond ya qızılı satmalı, ya vaxtından əvvəl istiqrazları satmalı, ya iqtisadi resessiya vaxtında əlində olan səhmləri satmalı, ya da onsuzda qiymətlərin düşdüyü bir müddətdə sahib olduğu əmlakları satmalıdır. Bu versiyalar arasında hazırkı dövrdə ancaq qızıl satmaq məntiqlidir, çünki epidemiya səbəbi ilə səhm və əmlakların qiyməti düşüb, istiqrazı isə vaxtından əvvəl satmaq onsuzda zərər deməkdir. Deməli qızıl satışı həm də Dövlət Neft Fondunun gələcək aylarda üzləşəcəyi nağd vəsait probleminin də ən optimal həll yoludur.

Dəqiq olaraq nə qədər qızılın satılmasının lazım olduğunu söyləmək biraz çətindir. Məsələn Fond qızılın öz portfelindəki xüsusi çəkisini 10%-ə düşürmək istəyirsə onda təqribən 1.4 milyard ABŞ Dolları qədərində qızıl sata bilər. Ümumi olaraq baxdıqda 1.4 milyard o qədər də çox görünməyə bilər, lakin fikrimcə bu miqdar belə Mərkəzi Banka ən azından potensial bir devalvasiyanı gecikdirmək imkanı yaradar.

NƏTİCƏ

Bu yazımda mən Azərbaycanda xarici valyutalara olan tələbi azaltmaq məqsədi güdən bir təklifi araşdırdım. Belə ki, bu hədəfə Dövlət Neft Fondunun qızıl aktivlərinin müəyyən hissəsini satmaqla çatmaq mümkündür. Qızılın öz investisiya portfelində qanunda nəzərdə tutulmuş 10%-lik limitdən artıq olması həm də Dövlət Neft Fondunu qızıl satmaqda maraqlı tərəf edir. Bundan əlavə qızılın satışı Fonda ağır keçməsi gözlənilən May – İyun aylarında nağd pul kütləsi ilə müəyyən qədər təmin edə bilər.

Digər tərəfdən isə Azərbaycan əhalisinin 2015-ci ildən aldığı psixoloji travmanı, və bunun nəticəsi olaraq neftin qiymətinin aşağı olduğu dövrlərdə kütləvi şəkildə banklarda manat satmaq “ənənəsini” nəzər almalıyıq. Koronavirus epidemiyasının yaratdığı vəziyyəti, əsasən də aviasiya sektorunun hazırkı durumuna baxdıqda deyə bilərik ki, gələn aylar ərzində də Azərbaycan nefti olan Azerlight-ın qiyməti bizim öyrəşdiyimiz qiymətlərdən xeyli aşağıda olacaq. Neftin qiymətinin aşağı olması gələcək aylarda əhalini xarici valyuta almağa sövq edəcək. Belə olan halda Mərkəzi Bank və Hökumətin standart “panika yaratmayın”, “milli valyutaya etimad edin” və s. kimi çağırışları qeyri-effektiv olacaq, çünki əhalinin baxışında artıq bu institutların manatın məzənnəsi məsələsində reputasiyası qalmayıb. Buna görə də Hökumət və Mərkəzi Bank alternativ mexanizmlər hazırlamalıdır. Yuxarıda qeyd etdiyim kimi, bu alternativ mexanizmlərdən biri məhz əhaliyə qızıl qəpiklərin satılması ola bilər.

Ümumi olaraq Azərbaycan əhalisinin mentalitetinin, habelə qızıl qiymətlərinin son zamanlarda yüksəlişə keçməsi nəticəsində əminəm ki, insanlar qızıl almaqda həvəsli olacaqlar. İnsanlar ABŞ Dolları və ya Avro əvəzində qızıl aldıqda isə bu xarici valyutalara əvvəl yaranan süni tələbin bir hissəsi yoxa çıxacaq, nəticədə Azərbaycan Manatı üzərində olan təzyiq azalacaq. Buna oxşar vəziyyət əvvəllər xarici dövlətlərdə də qeyd olunub. Məsələn, keçən il Çində Yuanın devalvasiya gözləntilərinin artmasından sonra əhali kütləvi şəkildə qızıl alışına yönlənmişdi[4]. Qızıl qəpiklərin əhalinin əksəriyyəti üçün əlçatanlığını təmin etməkdən ötrü onların satışını ASAN mərkəzlərinə həvalə etmək olar.

Lakin nəzərə alın ki, mənim bu təklifim heç bir halda orta və ya uzun müddətli həll yolu ola bilməz. Ümumiyyətlə qızılın, və ya hər hansı başqa bir məhsulun (buraya xam neft də daxildir) satışı Azərbaycan Manatının süni şəkildə qərarlaşdırılmış məzənnəsini saxlaya bilməz. Gec və ya tez məzənnə dəyişdirilməli olacaq, çox güman ki mənfi istiqamətdə. Ona görə də hazırkı vəziyyətdə ən dayanıqlı siyasət məhz potensial devalvasiyanı epidemiyanın fəsadlarının bitəcəyi tarixə qədər təxirə salmaq, daha sonra isə Manatı tam və həqiqi üzən məzənnəyə keçirmək olardı. Bu keçidin onsuzda 2016-cı ildən bəri yubandırılması səbəbindən Azərbaycan iqtisadiyyatı yenə çıxılmaz vəziyyətdə qalıb…

 

QEYDLƏR

[1]https://www.cnbc.com/2020/04/21/bank-of-america-raises-gold-forecast-by-a-whopping-1000-to-3000-because-of-zero-rates.html

[2]https://www.oilfund.az/investments/gold

[3]https://www.oilfund.az/report-and-statistics/get-download-file/6_2020_1.pdf

[4]https://www.theepochtimes.com/chinese-people-are-buying-gold-taking-money-out-of-banks-and-stock-market_2989072.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s