Azərbaycanda Ümumi Təhsil Siyasəti

Azərbaycanın mövcud sosial, iqtisadi və siyasi problemlərini bir neçə cəhətdən izah eləmək olar. Fikrimcə, biz hər şeydən qabaq bu situasiyanın yaranmasında əsasən qeyri-adekvat təhsil sisteminin rolunu tanımalıyıq. Beləliklə mən növbəti yazımı milli təhsil siyasəti haqqında yazmağı qərara aldım.

Bu birinci yazıda, mən, 6 və 17 yaş aralarında olan şagirdlərin təhsilindən, bir digər sözlə ümumi orta təhsildən danışacam. Nəzəriyyədə orta məktəblərin məzunları artıq öz azad həyatlarına başlamaq və ya təhsillərini davam etdirmək seçimini etmək bacarığında olmalıdırlar. Reallıqda isə onlar əksərən bu önəmli seçimi etməyə qadir deyillər. Bizim təhsil sistemimiz ali təhsil almaqda yeganə hədəfinin sahəsindən və ya bu sahəyə gələcəkdə olacaq tələbdən asılı olmayaraq bakalavr diplomu almaq olan məzunlar yetişdirir. Sistem tələbələri onların vecinə almadığı universitet dərslərinə, məhsuldar olmayacaqları iş yerlərinə, zövq almadıqları karyeralara yönləndirir. Sistemin yaratdığı məzunlar triqonometrikada ekspert olsalar da, Mendeleyevin cədvəlini tam əzbər bilsələr də, və yaxud 16-cı əsrdəki bir döyüşün dəqiq tarixini (günü də daxil olmaqla!) xatırlasalar da, sadə məntiqi analiz yürüdə bilmir.

İctimai təhsilin (yəni dövlət tərəfindən maliyyələşən tədris) çatışmazlığı təkcə akademik sfera ilə də məhdudlaşmayıb. Bu təhsil ocaqlarındakı ümumi atmosfer də heç ürəkaçan deyil. Elə keçən il biz Bakının məktəblərinin birində Elina adlı şagird qızın məktəb ərazisində intihar etdiyinin şahidi olmuşuq. Şəhərlərin nisbətən kasıb hissələrindəki, habelə kənd yerlərindəki əksər məktəblərin hazırkı vəziyyəti neft ilə zəngin bir ölkə üçün ancaq rüsvayçılıq adlana bilər. Bəs vəziyyət belədirsə, biz harada səhv eləmişik?

Azərbaycan hökuməti rəsmi olaraq ictimai məktəblərdə “pulsuz” təhsil təmin edir. 2018-ci ilin statistikasına əsasən ölkədə 4,411 ictimai , 28 özəl məktəb fəaliyyət göstərir. Şübhə yoxdur ki, özəl ümumi təhsil mərkəzləri çox daha yaxşı təhsil verir, lakin bu məktəblər yüksək təhsil haqqı səbəbi ilə Azərbaycandakı əksər valideynlər üçün əlçatan deyil. Digər tərəfdən, şagirdlərin 99.2%-i hökumət tərəfindən maliyyələşən müəssisələrdə təhsil alır.

Doğrudur ki, ölkədə çox yüksək nəticə göstərən ictimai məktəblər də mövcuddur, lakin onların sayı ciddi azlıqdadır. Bu yazımda mən əvvəlcə nəyə görə dövlət məktəblərinin qeyri-effektiv olduğunu, daha sonra onları düzəltmək üçün potensial olaraq nə edə biləcəyimizi qeyd edəcəyəm.

  1. İCTİMAİ TƏHSİLİN PROBLEMİ NƏDİR?

Mən bilirəm ki, indi yazacağım fikir əhali arasında o qədər də populyar deyil, lakin bu onun doğru olduğu həqiqətini gizlətmir: ölkə üzrə keyfiyyətli təhsil hədəfinə çatmaq istəyiriksə, onda azad bazar dünyasını idarə eləyən qüvvələr təhsil sektorunu da idarə etməlidir. Fikir qeyri-populyardır çünki biz artıq təhsili insan hüququ kimi dəyərləndiririk – mənim fikrimcə də təhsil insan hüququ olmalıdır. Hər bir vətəndaş, onun valideynlərinin maliyyə vəziyyətində asılı olmayaraq, stabil və demokratik cəmiyyətin üzvü olmaq üçün müəyyən dərəcədə təhsil almalıdır. Lakin biz bu hədəfə, eləcə də ölkə üzrə yüksək keyfiyyətli təhsilə çatmağımız üçün dövlətin təhsili maliyyələşdirməsindən və bu sektordan bütün maliyyə insentivlərinin çıxarılmasından əl çəkməliyik, çünki hazırkı iqtisadi-siyasi vəziyyətdə bu heç vaxt müsbət nəticə verə bilməz.

Əgər bəşər tarixi bizə bir şeyi öyrədibsə, o da bu danılmaz faktdır: tənzimlənən bazar iqtisadiyyatında (burada fırıldaqçılıq, saxta reklam və sairə qarşı tənzimləmədən söhbət gedir) sırf öz şəxsi maraqlarını qoruyan şəxslər əslində həm özlərinin, həm də bütün cəmiyyətin maraqlarını qoruyurlar.  Hökumət tərəfindən yaradılmış hər hansı bir agentlik və ya yaxşı reputasiyaya malik beynəlxalq QHT-lər belə heç vaxt cəmiyyətin marağını azad bazarın qoruduğu kimi qoruya bilməzlər. Məsələn, yaxınlıqdakı digər bərbərlər ilə rəqabət aparan bir bərbərin daha çox müştəri cəlb etmək üçün ən yüksək keyfiyyətli servisi mümkün olan ən aşağı qiymətdə vermək motivasiyası var. Mövcud hal belədirsə, onda sual ortaya çıxır ki, axı biz bu güclü motivasiyanı niyə təhsil sektorunda öz xeyrimizə istifadə etmirik? Əslində baxdıqda təhsil ocaqları xidmət təklif edən istehsalçı, məktəblilər və onların valideynləri isə bu servisi tələb edən müştərilər deyilmi?

Bu ideyanın (təhsilin özəlləşdirilməsi) çox qeyri-populyar olmasının əsas səbəbi heç də maddi vəziyyəti yaxşı olmayan ailələrin mənafeyinin qorunması deyil. Ümumiyyətlə bu qeyri-populyarlığın səbəbi iqtisadiyyat və ya sosiologiya ilə də əlaqədar deyil. Səbəb sadəcə siyasidir, belə ki siyasətçilər üçün “hamı üçün pulsuz təhsil” şüarı altında populist təbliğat aparmaq çox daha asandır, çünki bu ideya daha humanist və xoşagələn təsir bağışlayır. Reallıqda isə “hamı üçün pulsuz təhsil” siyasəti əhalinin aşağı siniflərinin qeyri-adekvat təhsil almasına, nəticədə cəmiyyətin yuxarı sinifləri ilə aşağı sinifləri arasında həm material həm də intellektual uçurumun daha da genişlənməsinə səbəb olur. Məsələnin istehzalı tərəfi də elə burdadır: yoxsul təbəqənin mənafeyini qorumaq üçün irəli sürülən pulsuz təhsil ideyası əslində yoxsul təbəqəyə xeyirdən çox ziyan verir. Bunun səbəbi aşağıdakılardır:

  •  Maliyyə insenvitinin olmaması

İctimai pulsuz təhsil sistemində məktəblər öz “gəlirlərini” birbaşa mərkəzi hökumət tərəfindən ayrılan vəsait formasında əldə edirlər. Hökumətin isə əksər hallarda məktəbdə verilən xidmətin keyfiyyətindən elə də bir xəbəri olmur. Yəni Bakıda yaşayan bir rəsminin Azərbaycanın ucqar bir kəndidə verilən təhsilin keyfiyyəti haqqında nə qədər məlumatı ola bilər ki? Ola bilsin ki bu işə bir neçə işçinin cəlb edilməsi ilə həmin rəsmi şəxs müəyyən qədər informasiya toplaya bilsin, amma bu metodun xeyri onun üçün çəkilən xərcləri (yəni həmin şəxslərə verilən məvacibi) doğrultmur. Ümumiyyətlə nə qədər üzərinə düşülsə də, Azərbaycandakı məktəblərin hər birinin fəaliyyətini ayrılıqda dəqiqliklə qiymətləndirmək qeyri-realdır. Qiymətləndirmə olmadığı üçün isə təhsil ocaqlarına vəsaitin ayrılması prinsipi pozulur. Uzun sözün qısası, ictimai təhsil sistemində əksər hallarda məktəblərə ayrılan məbləğ ilə həmin məktəbin faktiki keyfiyyəti uzlaşmır, nəticədə təhsil müəssisələrinin rəhbərlərinin məktəbləri inkişaf etdirmək üçün heç bir motivasiyası olmur. Belə olan halda yerli səviyyədə təhsilin keyfiyyətinin artırılması təhsil rəhbərlərinin şəxsi insafına qalır. Bu insanların bəziləri həqiqətən də özlərində bu böyük məsuliyyəti hiss edib bəlkə də əlindən gələni edirlər, lakin gənc nəsillərin təhsili kimi mühüm bir məsələdə fərdi şəxslərin insafına güvənmək fikrimcə heç də yaxşı siyasət deyil. Təhsil üçün ayrılmış məbləği təhsil sisteminə demək olar ki heç bir töhfə verməyən belə işçilərin əmək haqqı kimi xərcləməkdənsə daha effektiv istiqamətlərə yönəltmək olar.

  • Bürokratiya

Sözün əsl mənasında təhsil çox qarışıq bir servisdir. Hərçənd ki azad bazar iqtisadiyyatını subyektləri bu qarışıqlığı öz-özünə tənzimləmə bacarığına malikdir, eyni şeyi ictimai təhsil haqqında demək olmaz. Belə ki, ictimai təhsilin tənzimlənməsi və idarəolunması üçün külli miqdarda vəsait dövlət ayrılmalıdır. Məsələn Azərbaycanda təhsil sahəsi üzrə Təhsil Nazirliyi, Təhsil İnstitutu, hər regionun özünün təhsil şöbəsi, habelə icra hakimiyyəti və bələdiyyələr daxilində fəaliyyət göstərən saysız hesabsız təhsil qurumları mövcuddur. Bu qurumların əksəriyyəti əslində təhsilin keyfiyyətinə hər hansı bir ciddi təsir göstərmək qabiliyyətindən məhrumdur. Digər tərəfdən isə vergiödəyicilərinin “gələcək nəslin təhsili naminə” ödədikləri vergilərin əksər hissəsi isə bu bürokratiya ordusunun cibinə gedir. Elə bu bürokratlar təhsil sahəsində ola biləcək hər hansı müsbət islahatların da qarşısında duran əsas əngəldirlər, çünki adekvat bir reform onların əksəriyyətinin iş yerlərinin ümumiyyətlə ləğv edilməsi ilə nəticələnəcək.

  • Təhsilin siyasiləşdirilməsi

Pulsuz təhsil müzakirələrində çox da fikir verilməyən bir məqam da ictimai təhsilin siyasiləşdirilməsidir. Bu vəziyyət əsasən də demokratiya səviyyəsi yüksək olmayan ölkələrdə baş verir. Sovet dönəmində və ya müstəqillikdən sonra da MDB ölkələrinin əksəriyyətində pulsuz ictimai təhsil almış demək olar ki hər kəs bunun şahidi olub: tarix kitablarının müəyyən şəxsiyyətlərə qarşı qərəzli yanaşımı, digərlərini isə yerə-göyə sığdırmaması, azad fikirli ədiblərin ədəbiyyat kitablarında izinin-tozunun olmaması və ya müəyyən siyasətçilərin dərs vəsaitlərindəki yerli-yersiz sitatları və s. Bir şey dəqiqdir ki, zəif demokratik cəmiyyətlərdə ictimai təhsil demək olar ki bütün hallarda, iqtidardakı siyasi partiyanın kimlik və əqidəsindən asılı olmayaraq, siyasi manipulyasiyaya uğradılıb. 

  1. BƏS BİZ NƏ EDƏ BİLƏRİK?

Ümumi olaraq götürsək biz əvvəla 2 şey etməliyik: ictimai təhsil sisteminə azad bazar ünsürlərini gətirməli və məktəblərin idarəetməsində mərkəzi hökumətin strukturlarına yox, valideynlərə və yerli bələdiyyələrə daha çox hüquq tanımalıyıq. Bu ideyalar haqqında daha ətraflı danışmaqdan əvvəl qeyd edim ki, ilkin mərhələdə onların nisbətən böyük məktəblərdə (məsələn şagird sayı 1,000-dən yuxarı olanlarda) tətbiq edilməsi məqsədəuyğun olardı.

  • Valideynlərə Təhsildə Daha Çox Səlahiyyət Vermək

Yuxarıda təhsil bürokratiyası problemindən danışdım və bu da onun həlli: sözdə təhsilin keyfiyyəti məsələsi ilə məşğul olan lazımsız agentlik və qurumların ləğv edilməsi, onların işinin valideynlərin təhsilin idarəsi prosesinə cəlb edilməsi ilə əvəzi. Ümumiyyətlə aydın məsələdir ki, valideynlər uşaqların təhsili ilə ən yaxından maraqlanan kütlədir. Hərçənd ki, bəzi valideynlər digərlərinə nisbətən bu məsələyə o qədər də önəm vermir, kütləvi olaraq götürdükdə onların maraqları keyfiyyətli təhsil ilə bürokratlardan daha çox üst-üstə düşür. Bundan əlavə biz həm də yerli təhsilin idarə olunmasında səlahiyyətləri mərkəzi hökumətdən yerli bələdiyyələrə ötürülməsini də həyata keçirə bilərik. Belə bir addım da valideynləri təhsil prosesinə daha çox cəlb edəcək, çünki vətəndaşlar mərkəzi hökuməti uzaq, bir növ əlçatmaz bir qurum olaraq gördükləri halda bələdiyyələrə baxış tərzi bunun nisbətən əksinədir.

  • Çek Sistemi

İkinci təklifim isə çek sisteminin qurulmasıdır. Uzun sözün qısası, çek sistemi o deməkdir ki, valideynlərə məktəbdə təhsil alan hər bir övladı üçün müəyyən məbləğə, məsələn illik 700 manata bərabər təhsil çekləri verilir (bu çekin əsl dəyəri orta məktəb üçün ayrılan ümumi xərclərdən ancaq ən vacib təhsil qurumlarının saxlanılmasının xərcini çıxdıqdan sonra məktəblərdə təhsil alan şagirdlərin sayına bölməklə hesablana bilər). Bu çeklər ancaq şagirdin təhsili üçün məktəblərdə istifadə oluna bilər. Sistemə əsasən övladının məktəbini dəyişmək istəyən valideynlər bunu heç bir qanuni və ya praktiki maneəsiz edə bilərlər[1]. Onu da qeyd edim ki, bu təhsil çekləri özəl məktəblərdə də istifadə oluna bilər[2]. Bu plana əsasən, ictimai məktəblər müəyyən limitlər çərçivəsində öz təhsil haqlarını tənzimləyə bilərlər. Minimum limit təhsil çekinin məbləğinə, maksimum isə əvvəlcədən qanunla müəyyən edilmiş məbləğə bərabərləşdirilə bilər. Məsələn, bizim misalımızda ictimai məktəblərin təhsil haqlarının aşağı və yuxarı hədləri müvafiq olaraq 700 və 1,400 AZN ola bilər. Aydın məsələdir ki, bu limitlər özəl məktəblərə şamil olunmur.

Əgər ictimai məktəb tərəfindən təklif olunan təhsil haqqı 700 manatdırsa, onda valideynlər heç bir əlavə ödəniş etməli deyillər. Əgər hər hansı məktəbin təhsil haqqı daha yuxarı, məsələn illik 1,000 manatdırsa, onda valideynlər öz uşaqlarını sırf bu məktəbə göndərmək istəsələr onda öz vəsaitlərindən 300 manatı təmin etməlidirlər.

Əgər ailənin 1-dən çox məktəbli uşağı varsa, onda onlar hər bir uşaq üçün bir ayrıca 1 çek əldə edəcəklər. Bütün çeklər hər bir məktəbli üçün spesifik olmalıdır, yəni çoxuşaqlı ailələr bir neçə çeki birləşdirib 1 övladı üçün istifadə edə bilməzlər. Çeklərin təhsil haqlarını ödəməkdən savayı başqa bir məqsəd üçün işlədilməsi ciddi şəkildə qadağan edilməlidir.

Bəs təklif olunan çek sistemi bizim təhsil sistemimizə necə töhfə verə bilər? Birincisi, çek sisteminin tətbiq edilməsi ilə bütün məktəblər artıq birbaşa rəqabətdə olacaqlar, çünki başqa məktəbə şagird itirmək (yəni valideynlərin şagirdin məktəbini dəyişdirməsi) həm də məktəbin gəlir itirməsi mənasına gəlir. Gəlirini itirməmək və potensial şagirdləri cəlb etmək üçün isə artıq məktəb rəhbərliklərinin güclü motivasiyası olacaq. Əgər məktəb həqiqətən də arzu olunan səviyyədə idarə olunmursa, onda şagirdlər kütləvi şəkildə məktəbi dəyişdirəcək (çünki çek sistemi ilə məktəb dəyişdirilməsi prosesi qarşısındakı qanuni və faktiki maneələri götürməklə asanlaşdırılacaq), nəticədə məktəb maliyyə çətinlikləri ilə üzləşəcək. Bələdiyyələrə təhsil sahəsində səlahiyyətlərin verilməsi nəticəsində onlar maliyyə çətinliyi ilə üzləşən məktəblərin rəhbərliklərini dəyişdirməklə yerli təhsilin keyfiyyətinə faktiki nəzarəti həyata keçirə bilərlər.

Yuxarıda qeyd etdiyim kimi bələdiyyə və valideynlərə daha çox səlahiyyətlərin tanınması bizə təhsil bürokratiyasının böyük bir hissəsini ixtisara salmaq imkanı yaradacaq. Valideynlərin öz övladlarının təhsil alacağı məktəbləri seçməsi ilə bir növ həmin məktəblərə qiymət verməsi, habelə yerli bələdiyyələrin bu məsələdə daha yaxından iştirakı həm də hazırda mövcud olan sistemdən daha yaxşı nəticə verəcək. Deməli çek sisteminə keçid sayəsində həm biz lazımsız təhsil xərclərini (yəni büroktatiyaya çəkilən xərcləri) azalda, eyni zamanda onların gördüyü işi daha yaxşı görən valideyn – bələdiyyə cütlüyü ilə əvəz edə bilərik.

Çek sistemi həm də başqa lazımsız təhsil xərclərinin qabağını kəsə bilər. Məsələn götürək məktəblərdəki laboratoriyalar üçün alınan müasir avadanlıqları. Həmin avadanlıqlar adətən heç vaxt istifadə olunmur, sadəcə olaraq dövlət qurumlarının gözünü boyamaq üçün göndərilən hesabatlarda, və ya dövlət rəsmilərinin məktəbə baş çəkdiyi zaman işlədilir. Digər hallarda məktəb rəhbərliyi hətta şagirdlərə bu avadanlıqlara toxunmağı belə qadağan edir.  Çek sistemində isə məktəb idarəçiləri artıq belə yalançı hesabatlara ehtiyac duymayacağı üçün məktəbə ayrılan vəsait görünüş üçün yox, həqiqi təhsil üçün, məsələn müəllimlərin maaşlarının artırılması üçün xərclənə bilər.

Əhalinin çox və nisbətən sıx olduğu şəhərlərdə çek sistemi məktəblərin fərqli sahələrdə ixtisaslaşması üçün imkan yaradacaq. Bəzi məktəblər humanitar fənlərə fokuslanaraq ali təhsil müəssisələrini hüquq, iqtisadiyyat və siyasət tələbələri ilə təmin edə, digərləri isə texniki müstəvidə ixtisaslaşaraq gələcəyin güclü mühəndis və kimyaçılarını yetişdirə bilər. Düzdür, məktəblər arasında ixtisaslaşma indi də müəyyən dərəcədə var, lakin çek sistemi bu ixtisaslaşmanı həm daha geniş həm də daha effektiv edəcək.

MALİYYƏ MƏSƏLƏLƏRİ

Çek sisteminə qarşı olan arqumentlərdən ən çox səslənəni “çek sistemi tətbiq olunarsa məktəblər maliyyə çətinliyi səbəbindən kütləvi şəkildə bağlanarlar”-dır. Gəlin baxaq ki, faktiki olaraq bu arqument Azərbaycan məktəbləri üçün keçərlimi?.

2019-cu ilin dövlət büdcəsinə əsasən, hökumət orta təhsil üçün 1,289,076,843 AZN xərcləyib[3]. Nəzərə alsaq ki həmin ildə orta məktəblərdə 1,567,016 şagird oxuyub (özəl və ictimai birlikdə[4]), deməli hökumət hər şagird üçün bir il ərzində 822.6 manat xərcləyib. Hazırda ayrılan bu vəsaitin böyük bir hissəsi təhsil bürokratiyasının maaşlarına, onların ofislərinin saxlanılmasına, müşahidəçi orqanlara və s, xərclənir. Çek sistemi bu artıq xərclərin əksəriyyətinin qarşısını ala bilər. Düzdür, bu sistem tətbiq edildikdən sonra da yenə də bizim təhsil nazirliyinə və bəzi yerli təhsil orqanlarına ehtiyacımız olacaq, lakın bu təşkilatların məsuliyyətləri əvvəlkinə nisbətən çox daha az olacaq. Daha az məsuliyyət daşıyan nazirlik və digər təşkilatlara ayrılan vəsaiti təbii olaraq azaltmaq, nəticədə qənaət olunan vəsaiti həqiqi təhsil üçün vacib olan yerlərə yönləndirmək olar.

Gəlin təsəvvür edək ki, biz çek sistemini tətbiq etməyə başlamışıq. Dövlət büdcəsindən təhsil nazirliyi və yerli təhsil orqanlarına onların yeni məhdud səlahiyyətlərini həyata keçirmək üçün 113.8 milyon manat ayrılıb. Geriyə qalan məbləğ təhsil alan hər şagird üçün təxmini 750 AZN ayırmağı mümkün edir. Hər şagird üçün illik 750 manat çox görünməyə bilər, amma nəzərə alın ki 1,000 nəfər şagirdi olan məktəblər üçün (belə məktəblərin sayı kifayət qədər var) bu 750,000 manat deməkdir, hansı ki, kifayət qədər yüksək rəqəmdir. Mən Bakıda fəaliyyət göstərən 100 məktəb haqqında statistik məlumat topladıqdan sonra öyrəndim ki, Bakıdakı məktəblərin 60%-də 1,000 nəfərdən artıq şagird təhsil alır. Onlardan bəzilərində hətta şagird sayı 3,500-ə çatır.

İctimai məktəblər üçün ən əsas xərc əlbəttə pedaqoji heyətin maaşlarıdır. Çek sistemində isə məktəblərin “gəliri” şagirdlərin sayından asılı olacaq. Deməli bu sistemdə hər hansı bir məktəbin maliyyə cəhətdən vəziyyətini müəyyən edəcək əsas faktor məhz məktəbdəki şagirdlərin müəllimlərə nisbətidir.

Aşağıdakı hesablamalarım çərçivəsində mən fərz edəcəm ki, pedaqoji heyətin əmək haqqı məktəbin ümumi xərclərinin 80%-i təşkil edir (tapdığım maliyyə hesabatlarında bu rəqəm 70% ilə 90% arasında dəyişir). Bakıda məktəb müəllimlərinin orta əmək haqqının 682 manat[5] olduğunu nəzərə alaraq biz bir neçə başqa indikatorları hesablaya bilərik. Sadə hesablamalardan istifadə edərək biz Bakıda neçə məktəbin çek sistemi çərçivəsində maliyyə cəhətdən sağlam olacağını öyrənə bilərik.

Bakı və ətrafında olan 100 məktəb haqqında data topladıqdan sonra onların diaqramını qurdum (Diaqram 1). Üfüqi xətdə şagirdlərin sayını, şaquli xətdə isə məktəblərin tərəfimdən təxmini olaraq hesablanan “mənfəətini” görmək olar.

Diaqram 1: Bakıda İctimai Məktəblərin Gəlirliliyi

Diaqram1.png

Mənbə: müəllifin öz hesablamaları

Məktəblərin mənfəəti aşağıdakı sadə düstur ilə hesablanıb. Burada “M” mənfəət, “S” şagirdlərin sayını, “T” isə müəllimlərin sayını bildirir[6]:

dustur1AZ.png

Diaqram bizə bir neçə şey deyir. Əvvəla, aydın şəkildə görünür ki, məktəblərin bəzilərinin mənfəəti mənfi (bir digər sözlə, zərər), başqalarının isə müsbətdir. Dəqiq desək, 43 məktəbin mənfəəti 0-dan yuxarıdır. Bəzi xərclərində cüzi qənaət etmələri halında üfüqi xətdən azca aşağıda yerləşən bir neçə məktəb də zərər yerinə xalis mənfəət ilə çıxış edə bilər.

İkincisi, qrafaya əsasən görə bilərik ki, məktəblərin mənfəət səviyyəsi ilə şagirdlərin sayı arasında müsbət əlaqə mövcuddur, yəni hansı məktəblər daha böyükdürsə, onların mənfəəti də o qədər böyüyür. Bu da başa düşüləndir, belə ki, daha çox şagird olan məktəblərdə 1 müəllim daha çox şagirdə dərs deyə bilər, hansı ki maliyyə cəhətindən təhsil prosesini daha səmərəli edir.

Lakin burada bir məqama toxunmaq lazımdır. Oxuculara elə gələ bilər ki, 53, 26 və 67 nömrəli məktəblərin yüksək mənfəət göstərməsinin səbəbi onların hər sinfində həddən artıq şagirdin təhsil almasıdır. Oxucular beləliklə səhv qənaətə gələrək düşünə bilərlər ki, bu məktəblər mənfəət cəhətdən yüksəkdə dursalar da, onların verdiyi təhsilin keyfiyyəti aşağıdır. Halbuki belə bir fikir faktiki olaraq düzgün deyil. Məsələn, keçən il Azərbaycan KİV-lərindən biri Bakıdakı ən yaxşı məktəblərin siyahısını paylaşmışdı[7].  Həmin siyahıdan iki məktəbi sizin diqqətinizə çatdırmaq istəyirəm: 53 nömrəli məktəb (hesablamalarıma əsasən 590 min manat mənfəət) və 20 nömrəli məktəb (hesablamalarıma əsasən 400 min manat zərər). Hər iki məktəbin də Bakıdakı ən yaxşı məktəblər arasında göstərilməsi bunu sübut edir ki, mənfəət səviyyəsi ilə məktəbdəki təhsilin keyfiyyəti arasında birtərəfli əlaqə mövcud deyil. 53 nömrəli məktəb sübut edir ki, təhsil prosesini daha səmərəli və effektiv qurmaqla həm keyfiyyətli xidmət vermək, həm də müsbət mənfəət ilə fəaliyyət göstərmək mümkündür.

Deməli maliyyə cəhətindən baxdıqda, üfüqi xətdən yuxarıda olan 43 məktəb, habelə həmin xətdən biraz aşağıda olan digər 10 məktəb (hansı ki, azca qənaət etməklə xətdən yuxarıya keçə bilərlər) çek sisteminə keçid halında problem olmayacaqlar. Bəs zərər ilə işləyən digər 47 məktəb necə?

  1. “SƏMƏRƏSİZ” MƏKTƏBLƏRİN MALİYYƏSİ

Hesablamalara daxil etdiyim 100 məktəbdən bəziləri hazırkı hallarında çek sisteminə maliyyə cəhətdən uyğun olmadıqlarını qeyd etdim. Ümumi olaraq bu məktəbləri 3 qrupda yerləşdirmək olar:

  • A Qrupu – Birinci olaraq o məktəbləri qeyd edə bilərik ki, onların zərərlə işləməsinin səbəbi həmin məktəblərin yerləşdiyi coğrafi ərazidir. Abşeronun uzaq ərazilərində, əhalinin nisbətən seyrək yerləşdiyi məntəqələrdəki məktəbləri bura aid etmək olar. Onların zərərlə idarə olunmasının əsas səbəbi məhz ətrafdakı məktəbli uşaqların sayının az olmasıdır.

  • B Qrupu – İkinci kateqoriyaya biz təhsil keyfiyyətinin aşağı olduğu məktəbləri göstərə bilərik. Valideynlər öz uşaqlarını bu məktəblərə həvalə etmək istəmir, nəticədə hətta məktəb əhalinin sıx yerləşdiyi yerdə olsa da, məktəbdə şagirdlərin sayı az olur.

  • C Qrupu – Axırıncı olaraq biz qeyri-adekvat idarə olunma nəticəsində zərər eləyən məktəbləri göstərə bilərik. Bu məktəblərdə problem binaların fiziki çatışmazlığı, maliyyə resurslarının lazımı yerə və düzgün vaxtda yönləndirilməməsi və s, göstərilə bilər.

Çek sistemi daxilində “A” qrupuna daxil olan məktəblərin zərərsiz fəaliyyət göstərməsini gözləmək düzgün olmaz. Çünki bu məktəblər nə qədər əla olsalar da, onların cəlb edə biləcəyi potensial şagird sayı məhduddur. Bu səbəbə görə çek sisteminə keçilsə belə, bu məktəblərə dövlət büdcəsi hesabına subsidiya vermək məcburiyyəti yerində qalacaq. Amma onu da nəzərə almaq lazımdır ki, bu məktəblər əhalinin sayının nisbətən az olduğu yerlərdə olduğundan onların həcmi böyük deyil, yəni onlara verilən subsidiya dövlət büdcəsinə elə də bir yük olmayacaq.

“B” və “C” qruplarınında olan məktəbləri daha yaxşı başa düşmək üçün aşağıda yerləşdirilən və mənim tərəfindən tərtib olunan xəritəyə baxın. Yaşıl nöqtələr müsbət mənfəət ilə, qırmızılar isə zərər ilə fəaliyyət göstərən ictimai məktəbləri bildirir.

Xəritə 1: Bakıdakı ictimai məktəblər və onların gəlirliliyi

mapimage.jpg

Mənbə: müəllifin öz hesablamaları

Məsələn ilkin olaraq paytaxtın Yeni Yasamal adlanan ərazisində bir-birinə xeyli yaxın yerləşən 3 məktəbə baxaq. Xəritədə İnşaatçılar metrosu yaxınlığına baxsanız siz 52, 13 və 38 nömrəli məktəbləri görə bilərsiz. Bu üç məktəbin hərəsi digərindən maksimum 550 metr aralıqda yerləşir. Onların bu qədər yaxın olması bizə onu bildirir ki, hər üç məktəb demək olar ki eyni əhaliyə xidmət edir. Bir digər sözlə, bu məktəblərin özlərinə cəlb edə biləcəyi potensial şagirdlərin sayı eynidir. Maraqlısı ondadır ki, 13 nömrəli məktəb müsbət mənfəət ilə fəaliyyət göstərdiyi halda, digər iki məktəb zərərlə işləyir. Faktiki olaraq 13 nömrəli məktəbin mənfəət edə bilməsi bizə deyir ki, 52 və 38 nömrəli məktəblər ya “B”, ya da  “C” kateqoriyasına daxil olurlar. Uzun sözün qısası, onlar 13 nömrəli məktəbə nisbətən qeyri-adekvat şəkildə idarə olunurlar və bu məktəblərin keyfiyyət səviyyəsi qənaət bəxş etmir. Bakının digər ərazilərindən də belə məktəb “qrup”larını misal gətirmək olar. Məsələn, Həsən Əliyev küçəsində 258 (müsbət mənfəət), 36 (zərər) və 47 (zərər), Yasamalda 53 (müsbət mənfəət) və 21 (zərər), Nərimanov metro stansiyası yaxınlığında isə 82 (müsbət mənfəət), 39 (zərər) və 45 (zərər) nömrəli məktəbləri göstərmək olar.

“A” kateqoriyasına daxil olan məktəblərin əksinə, “B” və “C” kateqoriyasındakı məktəblərin maliyyə cəhətdən zərər göstərməsinin səbəbi məhz bu məktəblərin və ya təhsil bürokratiyasının öz səhvidir. Bu səhv isə dövlət büdcəsindən ayrılan vəsaiti səmərəsiz şəkildə işlədilməsinə səbəb olur. Məhz buna görə də, çek sisteminə keçildikdə, “A” qrupundan fərqli olaraq “B” və “C” qruplarına subsidiya verilməsi müzakirə predmenti olmamalıdır.  Bunun tam əksinə, biz azad bazarın öz qüvvələrinin, habelə bələdiyyə və valideynlərin təşəbbüsləri hesabına bu problemi həll etməliyik. Çünki şəxsi qənaətimə əsasən, hökumətin belə hallarda müdaxiləsi “qaş düzəldərkən göz çıxarmaq” kimi olur. Bəs azad bazar, və ya valideyn/bələdiyyələr nə edə bilərlər? Bu sualın cavabı məhz məktəbdəki problemin nə olduğundan asılıdır. Tutaq ki, məktəbin zərər etməsinin səbəbi müəllim heyətinin sayının lazımından yuxarı olmasıdır. Belə olan halda, çek sistemi çərçivəsində məktəbin idarəçilərin pedaqoji heyətin sayının optimala gətirilməsi üçün birbaşa marağı olacaq, beləliklə də həmin problem aradan qalxacaq.

Mənim demək istədiyim budur ki, məktəbin yerləşdiyi ərazidə əhalinin sayının az olmadığı hallarda, çek sistemi ilə bərabər idarəetmədə valideyn/bələdiyyələrə daha çox səlahiyyətin verilməsi məktəblərin maliyyə cəhətdən daha dayanıqlı olmasına, habelə daha yüksək keyfiyyətdə təhsil verməsinə həvalə olacaq. Və bunların hamısı dövlət büdcəsinin hazırkı təhsil xərclərini ciddi şəkildə artırmamaq fonunda baş verə bilər.

  1. NƏTİCƏ

Azərbaycanda hazırkı ümumi təhsil sisteminin vəziyyətinin pis olması heç kimə sirr deyil. İctimai məktəblərin xidmət səviyyəsi aşağıdır, özəl məktəblərin təhsil haqqı isə əksər Azərbaycan ailələri üçün həddindən artıq çox yüksəkdir. Şəraitin belə olmasında əsas günahkar kimi hökumətin təhsil siyasətini göstərmək olar, hansı ki bütün vətəndaşlar üçün sözdə “pulsuz” təhsil vəd edir. Reallıq isə budur ki, Azərbaycanda ictimai təhsil nə pulsuz, nə də keyfiyyətlidir. Ümumi təhsil sistemindən azad bazar elementlərinin demək olar ki tamamilə çıxarılması məktəblərin səmərəsiz, korrupsiyoner və  maliyyə cəhətdən zəif olması, habelə siyasiləşdirilməsi ilə nəticələnib. Guya təhsil sistemimizə müsbət təsir edən nəhəng təhsil bürokratiyası reallıqda demək olar ki, heç bir tutarlı iş görmür, əvəzində isə büdcədən təhsil üçün ayrılmış vəsaitin ciddi bir hissəsinə bais olur. Deyə bilərik ki, hökumətin “pulsuz təhsil” siyasəti Azərbaycanda iqtisadi elita ilə əhalinin geri qalanı arasında olan maliyyə və intellektual uçurumun biraz da böyüməsində əsas səbəbkarıdır.

Bu problemi aradan qaldırmaq üçün fikrimcə ilk əvvəl 2 ümumi addım atmalıyıq: (1) məktəblərin idarə olunmasında valideyn və bələdiyyələrə daha çox səlahiyyət tanımalı və (2) çek sisteminə keçməliyik. İlkin mərhələdə bu plan nisbətən iri şəhərlərin böyük məktəblərinə şamil olunmalıdır. Bu planın həyata keçirilməsi ictimai məktəblərin verə biləcəkləri ən yüksək keyfiyyətdəki təhsili ən aşağı qiymətdə təklif etmələrinə gətirəcək. Valideyn və bələdiyyələr təhsil sahəsində fəaliyyət göstərən bürokratiyanın əksəriyyətini əvəz etməklə təhsil xərclərinə xeyli qənaət etdirə bilər. Qənaət edilən məbləğ isə, müəllimlərin maaşlarının artırılması kimi daha vacib məqsədlər üçün istifadə oluna bilər.

Bəzi oxucular fikirləşə bilərlər ki, təklif etdiyim sistem dövlət büdcəsinə çox təzyiq göstərər, lakin bu belə deyil. Mənim hesablamalarım göstərir ki, Bakıdakı məktəblərin 40%-i hazırkı vəziyyətlərində belə çek sistemi çərçivəsindən dövlət büdcəsindən heç bir əlavə maliyyə resursu tələb etməyəcəklər. Geriyə qalan 60% məktəbdən əksəriyyəti isə azad bazar insentivlərinin mövcudluğunda zərər etməkdən mənfəətə keçid edə, beləliklə dövlət büdcəsinə əlavə yük olmazlar. Hərçənd ki, hökumət yenə də əhalinin az yerləşdiyi ərazilərdəki məktəblərə (kateqoriya A) subsidiyalar verməli olacaq, dövlət büdcəsi perspektivindən çek sisteminin ümumi maliyyə nəticəsi fikrimcə yenə də müsbət olacaq. Bu müsbət nəticənin əsas memarı isə illərdir təhsil üçün ayrılmış vəsaiti qarşılığında heç bir şey vermədən tükətən, çek sistemi çərçivəsində isə ləğv olunan təhsil bürokratiyasının hesabına formalaşacaq.

QEYDLƏR

[1] Praktikada bugün də valideynlər öz övladlarının məktəblərini dəyişdirirlər, lakin bu adətən yüksək dərəcədə rüşvət tələb edir.

[2] Hazırki ictimai təhsil sistemində valideynlər şagirdləri özəl məktəblərə göndərməkdən süni şəkildə çəkindirilirlər, çünki özəl məktəbin təhsil haqqından əlavə, həm də bu valideynlər uşaqlarını ictimai məktəblərə göndərməməklə dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitdən bir növ kənarda qalırlar. Düzdür, misal çəkdiyim təhsil çeki dəyəri (700 AZN) Azərbaycanda bugün fəaliyyət göstərən özəl məktəblərin təhsil haqqı ilə müqayisədə xeyli aşağıdır, lakin çek sisteminə keçirilməsi halında yeni özəl məktəblər yarana, və onların müəyyən qisminin təhsil haqlarının aşağı düşməsi mümkündür. Belə olan halda  hər şagird üçün 700 manat da rəqabətdə bir xeyli fərq yarada bilər.

[3]https://static.president.az/media/W1siZiIsIjIwMTgvMTIvMjIvOHd1NmkxaTUzaV9RQU5VTl9CVURDRV8ucGRmIl1d?sha=ab18e8fc118dff25

[4] https://edu.gov.az/az/page/418/7331

[5] https://aztehsil.com/news/10172-baki-mekteblerinde-muellimlerin-orta-ayliq-emek-haqqi-682-manatdir.html

[6] Düstürda 682 müəllimlərin aylıq orta əmək haqqını bildirir. Həmin rəqəm 12-ə vurularaq illik orta maaş hesablanır. Kəsrin sürətinin 10-a, məxrəcinin isə 8-ə vurulmasının səbəbi bizim məktəbin pedaqoji xərclərinin ümumi xərclərin nəzəri olaraq 80%-ə bərabər etməyimizdir.

[7] https://oxu.az/society/274006

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s