Azərbaycanın Müqayisəli Üstünlüyü

Modern qlobal iqtisadi nəzəriyyələrdən ən geniş şəkildə yayılanlardan biri də 19-cu əsrin əvvəllərində Britaniyalı iqtisadiyyatçı David Rikardo tərəfindən irəli sürülən Müqayisəli Üstünlük nəzəriyyəsidir. Sadə dildə desək,  həmin teoriyaya əsasən, ölkələr öz sərvətlərini yüksəltmək üçün yerli istehsalın digər ölkələrlə müqayisədə daha ucuz başa gəldiyi məhsullarda ixtisaslaşmalı və daha sonra xarici subyektlərlə ticarət etməlidirlər. Bu prinsipi yadda saxlayaraq soruşa bilərik ki, bəs Azərbaycan məhz hansı məhsullarda Müqayisəli Üstünlüyə malikdir və biz bu üstünlükdən necə istifadə edə bilərik?

Müqayisəli Üstünlüyü sadə şəkildə hesablamaq üçün əsasən Bela Balassa və Marcus Noland tərəfindən təkmilləşdirilən “Ortaya Çıxan Müqayisəli Üstünlük” (İngiliscə Revealed Comparative Advantage – bundan sonra RCA) metodundan istifadə etmək olar. Həmin metoda əsasən, RCA indeksi aşağıdakı düstur vasitəsi ilə hesablanır:

dustur1.png

Bu düsturda, X ixracatı, i fərqli ölkələri (bu yazıda Azərbaycan, Türkiyə və Gürcüstana baxılacaq), j xüsusi məhsul kateqoriyasını, t bütün məhsul kateqoriyalarını, n isə dünyanın bütün ölkələrini təmsil edir. Deməli bu düstur, məsələn, j məhsulunun Azərbaycanın ümumi ixracındakı hissəsini həmin məhsulun dünya ixracatındakı payına bölərək RCA indeksini hesablayır.

Yuxarıda qeyd edilən düsturdan istifadə edərək mən Azərbaycan, Türkiyə və Gürcüstan üçün 2016-cı ildə 30 fərqli məhsul kateqoriyasının RCA indeksini hesabladım. Daha sonra indekslərin 16 il ərzində necə dəyişdiyini izləmək üçün əldə edilən nəticələri 2012, 2008, 2004 və 2000-ci illər üzrə də hesablayaraq daha da genişləndirdim.

Hesablanan indekslərin sayı 450 olduğundan mən bu yazıda bütün indekslər haqqında öz fikrimi verə bilməyəcəm. Ona görə də, ən maraqlı görünən 10 kateqoriyaya fokuslanmaq qərarına gəldim. Aşağıdakı cədvəldə mənim analiz edəcəyim 10 kateqoriyanı və onların kodlarını görə bilərsiniz (kodlar Dünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistemindən götürülüb)[1].

Cədvəl 1: Seçilmiş məhsul kateqoriyaları və onların kodları

Kod Məhsul Kateqoriyası
8 Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları….
17 Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
22 Spirtli və spirtsiz içkilər və sirkə
24 Tütün və tütünün sənaye əvəzediciləri
25 Duz; kükürd; torpaq və daş; suvaq materialları; əhəng və sement
27 Mineral yanacaq, neft və onların qovulma məhsulları….
39 Plastmassa və onlardan hazırlanan məmulatlar
52 Pambıq
61 Maşın və ya əllə toxunulmuş trikotaj geyim əşyaları…
76 Alüminium və ondan hazırlanan məmulatlar

Mənbə: Dünya Gömrük Təşkilatı

Növbəti diaqramda, siz hesablanmış RCA indekslərini Azərbaycan, Türkiyə və Gürcüstan ölkələrində 7 fərqli məhsul kateqoriyası üzrə görə bilərsiniz (üfüqi oxdakı rəqəmlər Cədvəl 1-də verilən məhsul kateqoriyalarının kodlarını təmsil edir).

Diaqram 1: 2016-cı il üzrə RCA İndeksləri

Table1.png

Mənbə: UN Comtrade, Müəllifin hesablamaları

İlkin baxışdan aydın göründüyü kimi, Gürcüstan iki kateqoriya üzrə liderdir: meyvələr (8 nömrəli kateqoriya) və içkilər (kateqoriya 22). Bu heç də təəccüblü deyil, çünki Gürcüstan illərdir ki öz şərab istehsalı ilə tanınan ölkəyə çevrilməklə yanaşı iqlimi və torpaq resursları müəyyən meyvələrin yetişdirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın lider olduğu məhsul kateqoriyalarının sayı da ikiyə bərabərdir: mineral yanacaqlar (kateqoriya 27) və şəkər/şəkər məmulatları (kateqoriya 17). Bir digər tərəfdən, Türkiyə tütün məhsullarında (kateqoriya 24), duz/kükürd/torpaq (kateqoriya 25) və geyim əşyalarında (kateqoriya 61) qabaqdadır. Ümumi baxdıqda, 30 məhsul kateqoriyasının 21-də Türkiyə, 6-da Gürcüstan və yalnız 3-də Azərbaycan liderdir. Tükiyənin bu üç ölkə arasındakı dominantlığı həm yüngül həm də ağır sənayedə hiss edilir. Hətta cəmi 3 ölkənin yer aldığı bu müqayisədə belə neftlə zəngin Azərbaycan iqtisadiyyatının Holland Sindromundan necə əziyyət çəkdiyini görmək elə də çətin deyil.

Növbəti diaqramda isə Azərbaycanın orta RCA indeksinin illər üzrə necə dəyişdiyini görə bilərsiniz[2]. 2000 – 2004-cü illər arasında orta indeks kifayət qədər stabildir və 0.43 – 0.47 arasında dəyişir. Baxmayaraq ki, bu rəqəm özü xeyli aşağıdır, vəziyyətin 2008-ci ildə daha da pisləşməsi orta indeksin 0.18-ə çatmasına çıxarır. Mənim fikrimcə, bu hadisənin baş tutmasının əsas səbəblərindən biri 2005-ci ildə Bakı – Tbilisi – Ceyhan (BTC) kəmərinin tikintisinin bitməsi ilə yaşanan neft “partlayışı” olub (BTC bugünə kimi Azərbaycan xam neftini xaricə daşıyan əsas vasitədir). Neft sektorundan gələn nəhəng gəlirlər effektiv şəkildə qeyri-neft sektorunun gözardı edilməsinə səbəb olub. Lazımı diqqətin və investisiyanın ayrılmamasından əziyyət çəkən sektor yavaş-yavaş çökməyə başlayıb. 2008-ci ildəki minimum nöqtədən sonra orta RCA indeksi 2016-cı ilə qədər yüksələrək 0.79 səviyyəsinə gəlib çatıb. Ola bilsin ki, bu inkişaf neftdən asılı iqtisadiyyatın heç vaxt stabil olmayacağının birdəfəlik dərk edilməsindən sonra aparılan iqtisadi siyasətdəki dəyişikliklərdən qaynaqlanır. Alternativ olaraq həm də demək olar ki, realda elə də bir inkişaf yoxdur, orta indeksin bu qədər yüksəlməsinin əsas səbəbi bizim RCA indeksini necə hesabladığımızdan irəli gəlir. Sözsüz ki, bu indeks neft qiymətlərinin 2009 və 2015-ci illərdəki ciddi düşüşündən təsirlənir (ona görə ki, neft qiymətləri Azərbaycanın ümumi ixracının həcminə çox böyük təsir edir) və nəticədə digər məhsul kateqoriyalarının RCA indekslərində süni artım ortaya çıxır.

Diaqram 2: Azərbaycanın orta RCA indeksinin dinamiki

table2.png

Mənbə: UN Comtrade, Müəllifin hesablamaları

İndi isə 1-ci cədvəldə verilən məhsul kateqoriyalarına və Azərbaycanın 2016-cı il üzrə hesablanmış RCA indekslərinə baxaq. Cədvəldə həm də həmin məhsulların dünya üzrə ixracının həcmi verilib, hansı ki, biz bu informasiyadan daha sonra istifadə edəcəyik.

Cədvəl 2: Azərbaycan üçün hesablanmış RCA indeksləri, 2016 (ABŞ Dolları)

Kod Məhsul Kateqoriyası Dünya İxracı RCA
8 Yeməli meyvələr və qoz-fındıq; sitrus… 105.3 milyard 3.9812
17 Şəkər və Şəkərdən Hazırlanan Qənnadı.. 42.9 milyard 2.4965
22 Spirtli və Spirtsiz İçkilər və Sirkə 105.1 milyard 0.3065
24 Tütün və Tütünün Sənaye Əvəzediciləri 39.2 milyard 0.3904
25 Duz; Kükürd; Torpaq və Daş; Suvaq… 36.0 milyard 0.7231
27 Mineral Yanacaq, Neft…. 1,350 milyard 10.137
39 Plastmassa və Məmulatları 530.6 milyard 0.3208
52 Pambıq 50.6 milyard 0.8228
61 Maşın və ya Əl Toxunuşlu Trikotaj Geyim… 198.2 milyard 0.0062
76 Alüminium və məhsulları 152.6 milyard 1.1051

Mənbə: UN Comtrade, Müəllifin hesablamaları

Dünyanın geri qalanı ilə müqayisədə, Azərbaycan yeməli meyvələrdə (kateqoriya 8), şəkər məhsullarında (kateqoriya 17), mineral yanacaqlarda (kateqoriya 27) və alüminium məhsullarında (kateqoriya 76) müqayisəli üstünlüyə malikdir. Pambıq (kateqoriya 52) və duz/kükürd (kateqoriya 25) kimi məhsulların da müəyyən potensialı var və qısa müddət ərzində müqayisəli üstünlüyə çevrilə bilərlər. Lakin, əgər biz bir neçə məhsulda ixtisaslaşma qərarına gəlsək, onda təbii olaraq həmin məhsulun qlobal ticarətdəki payına da diqqət yetirmək lazımdır. Baxmayaraq ki, şəkər və pambıqda bizim indeksimiz yaxşı görünür, həmin sektorlarda ixtisaslaşmaq o qədər də faydalı olacağını zənn eləmirəm, çünki həmin məhsullar beynəlxalq səviyyədə belə sırası ilə cəmi 42.9 milyard və 50.6 milyard ABŞ dollar dəyərində ixrac edilir. Düzdür, ixtisaslaşma müsbət bir prosesdir, lakin onun nəticəsi heç də həmişə əhəmiyyətli olmur. Məsələn, deyək ki, Azərbaycan çox böyük enerji, vaxt və maliyyə resursları sərf edərək pambıqda ixtisaslaşa bildi və dünya üzrə pambıq ixracının 1%-i öz əlində cəmləşdirdi (qeyd edim ki, 2016-cı ildə bu göstərici cəmi 0.05% olub), bizim bu ixtisaslaşmadan əldə etdiyimiz gəlir cəmi 500 milyon ABŞ Dollarına bərabər olacaq, hansı ki, hətta Azərbaycan iqtisadiyyatı nəzərindən baxdıqda belə xeyli cüzi məbləğdir.

Bir digər tərəfdən isə, mineral yanacaqlar (kateqoriya 27), plastmassa (kateqoriya 39), geyim əşyaları (kateqoriya 61) və alüminium məhsulları (kateqoriya 76) kimi kateqoriyalar var, hansı ki qlobal marketdə ciddi pay sahibidirlər. Bizim prioritetimiz, şübhəsiz ki, beynəlxalq marketlərdə yüksək dəyərə malik olan bu məhsullar olmalıdır, nəinki pambıq və ya şəkər məhsulları. Beləliklə, aşağıda bir daha qeyd eləyəcəyim səbəblərə görə, mənim fikrimcə biz ilkin olaraq plastmassa, geyim və alüminium məhsullarını öz diqqət mərkəzimizə çəkməliyik ki, iqtisadiyyatımızın həm mineral yanacaqlardan diversifikasiyasını, həm də ölkənin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edə bilək.

Plastmassa və alüminium məhsullarının istehsalatı adətən xammalın olub-olmamasından birbaşa asılıdır. Plastmassa üçün əsas xammal neftdir, hansı ki, Azərbaycanda bu təbii resursdan xeyli var.  Alüminiuma gəldikdə isə, Azərbaycan əsasən Daşkəsəndəki Zəylik yatağında tapılan alunitdən istifadə edir, hərçənd ki dünyanın əksər ölkələrində bu məqsəd üçün daha geniş yayılmış bauksit işlədilir (Naxçıvanda bauksit yataqları tapılsa da, onların sənaye əhəmiyyəti yoxdur). Buna baxmayaraq, bizim alüminium məhsullarında yenə də müqayisəli üstünlüyümüz var. Son olaraq, geyim məhsullarının istehsalında da Azərbaycanın müəyyən üstünlüyü ola bilər. Beləki, geyim sektoru üçün ən əsas faktor əmək xərcidir. Xoşbəxtlikdən (!) Azərbaycanda baş verən 2015 devalvasiyalarına görə əmək xərcləri xeyli aşağı düşüb (xarici valyuta ilə denominasiya etdikdə). Geyim sənayesinin başqa bir üstünlüyü də var. Plastmassa və alüminium sənayeləri daha çox kapital intensiv olurlar, yəni bu sahələrin Azərbaycan iqtisadiyyatına yüksək sərmayə və valyuta gətirmə potensialına baxmayaraq əhalinin böyük hissəsi yenə də burada məşğulluq tapa bilməz. Geyim sənayesi isə bunun tam əksinə, böyük rəqəmlərdə iş təminatını dəstəkləyə bilər.

Nəticə

Ümumi olaraq baxdıqda Azərbaycan bir çox qeyri-neft sektorlarını inkişaf etdirməkdə problemlə üzləşməməlidir.  Hesablanmış RCA indekslərini, xammalların mövcudluğunu və məhsulların beynəlxalq iqtisadiyyatdakı önəmini nəzərə aldıqda xüsusi ilə də plastmassa, alüminium və geyim sektorlarının inkişafı iqtisadiyyat üçün yararlı olar.  Bu üç sektor birlikdə həm iqtisadiyyatın tədiyyə balansının qorunmasına, həm də əhalinin məşğulluq səviyyəsini arzuolunan həddlərdə saxlanmasına kömək edə bilər.

Təəssüflər olsun ki mənim Azərbaycandakı mədən hüquqları, ekologiya standartları və s. haqqında praktiki məlumatımın olmadığından yuxarıda qeyd elədiyim sektorların inkişafı üçün dəqiq bir şey deyə bilməyəcəm. Lakin bu aydın məsələdir ki, həmin sektorların inkişafı həm də uyğun infrastrukturun varlığı, özəl şirkətlərin təşviq edilməsi və xarici investisiyanın cəlb olunması üçün müəyyən inklusiv təşkilatların mövcudluğuna əsaslanır (mülkiyyət hüquqlarının  qorunması, qanunun aliliyinin saxlanılması, təhlükəsizliyin təmin edilməsi və s. üçün).

Qeydlər

[1] Kodların Azərbaycan dilində tam siyahısına Dövlət Gömrük Komitəsinin saytından baxa bilərsiniz: http://c2b.customs.gov.az/tnved_public.aspx

[2] Hərçənd ki bu orta RCA bütün 98 məhsul kateqoriyalarının ədədi ortası kimi hesablanmayıb (çünki mən cəmi 30 kateqoriyanı hesablamalarımda istifadə etmişəm), hesablamalardan qıraqda qalan 68 kateqoriyanın Azərbaycanın ümümi ixracındakı ümumi çəkisinin 3.6% olduğundan onları gözardı eləmək o qədər də problem yaratmaz.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s