Proteksionizm yoxsa Azad Ticarət?

Bir müddət qabaq idxal olunan kartoflarla bağlı xəbərə rast gəldim. Nazirlər Kabinetinin qərarı ilə kartoflara şamil edilən rüsumlar mövsumi olaraq iki dəfə artırılaraq 15%-dən 30%-ə qaldırılıb[1]. Bu qərar o qədər də əhəmiyyətli olmaya bilər, çünki Kənd Təsərrüfatı Naziri İnam Kərimovun dediklərinə əsasən Azərbaycanın kartof istehsalı istehlakından iki dəfə artıqdır[2]. Bu statistikanı da nəzərə alaraq, yeni rüsumlar nə məna daşıyır? Və ümumi olaraq, Azərbaycanda proteksionizm (idxalda yüksək rüsum, kvota və s. istifadə etmək) nə səviyyədədir?

Əvvəla, biz həqiqətən də istehlak etdiyimizdən iki dəfə artıq kartof yetişdiririksə deməli bu tərəvəzin yerli bazarlarda qiyməti xeyli aşağı olmalıdır. Buna baxmayaraq, 15% rüsum və nəqliyyat xərclərini üstünə gəldikdən sonra da xarici fermerlər bu tərəvəz üçün daha ucuz qiymət təklif edirdilərsə, deməli onların kartof istehsalında bizə nisbətən çox böyük üstünlükləri var. Biz kartof istehsalında o qədər də inkişaf etməmişik və bu yeni rüsumlar vəziyyəti heç də yaxşıya aparmayacaq. Nəzərə alanda ki, bu məhsul aşağı gəlirli ailələr üçün çox vacibdir, qərarın özü və rəsmilər tərəfindən verilən izahatı başa düşmək çətinləşir. Ya qərar qəbul edilərkən ətraflı düşünülməyib, ya da bizim bilmədiyimiz başqa bürokratik səbəb var. Deyə bilərsiniz ki, Azərbaycanda bir çox insan bu məhsulun əkilməsi ilə məşğuldur və qərar onları qorumaq üçündür. Lakin əgər bizim böyük əlavə istehsalımız varsa, bu artıq məhsullar hara getməlidir?  Yeganə çıxış yolu xarici bazarlardır (Azərbaycanlı ailələrin bir ildə kartof istehlakını 2 dəfə artırmayacaqlarını ehtimal edərək). Lakin çox açıq şəkildə bilinir ki, idxal rüsumları ixracata heç bir şəkildə köməklik göstərmir. Hətta, rüsumlar əksər hallarda iki tərəfli olduğundan (yəni A ölkəsi B ölkəsinin məhsuluna rüsum tətbiq etdikdə adətən B ölkəsi də eyni şeyi A ölkəsinin məhsullarına qarşı edir) bu hətta ixracat üçün maneələr yarada bilər.

Mən bu yazını kartoflara həsr eləmək niyyətində deyiləm, lakin bu misal Azərbaycanda azad ticarətə qarşı illərdir davam edən yanaşmanı büruzə verir.

Azad ticarət bugün də iqtisadiyyatda çox müzakirə olunan mövzudur. Qəbul olunur ki, A və B ölkəsi ayrılıqda fərqli məhsulların istehsalına fokuslanıb daha sonra öz aralarında ticarət aparsalar, ixtisaslaşma sayəsində sonda hər ikisi daha çox məhsula sahib olacaq. Heç kim azad ticarətin meyvələrini danmır, lakin ölkələr yenə də proteksionist alətlərdən istifadə edirlər. Belə hallarda qanunverici orqanların əsas motivləri aşağıdakılardır:

  1. “Körpə” sektorları qorumaq: ölkədə yeni bir sektor yaradıldıqda, onu artıq ixtisaslaşmış xarici şirkətlərin rəqabətindən müəyyən müddətlik qorumaq lazım olur ki, bu “körpə” sənayə rəqabət aparacaq qədər böyüyə bilsin. Başa düşüləndir ki, azad ticarət şərtləri altında bu yeni yaradılmış sənayenin inkişaf etməsi demək olar ki qeyri-mümkündür.
  2. İdxal asılılığını azaltmaq/tədiyyə balansının kəsrinə qarşı mübarizə apartmaq: böyük həcmdə idxal etmək ölkədəki valyutanın xaricə axması deməkdir, hansı ki, milli iqtisadiyyat baxımından arzu edilən deyil. Hökümətlər əksər hallarda rüsumların köməyi ilə idxalın həcmini azaltmağı hədəfləyirlər.
  3. Strateji sənayelərin qorunması: İnkişaf etmiş ölkələr çox zaman öz kənd təsərrüfatı sektorlarını xarici rəqabətdən qoruyurlar ki, beynəlxalq ticarətdə bir problem yaşandığı (müharibə, sanksiya və s) hallarda da öz vətəndaşlarını qida ilə təmin eləyə bilsinlər. Bu ölkənin öz qərarlarını verdiyi zaman daha azad olmasına da zəmanət verir.
  4. Ədalətsiz ticarətin qarşısını almaq: daha mütərəqqi ölkələrin adətən yüksək ətraf mühit, təhlükəsizlik və əmək standartları olur, hansı ki onların istehsalını daha bahalı edir. Bu xərc fərqini bağlamaq üçün proteksionizm geniş şəkildə istifadə edilir.
  5. Büdcə gəlirləri toplamaq: Gömrük rusümları büdcə üçün gəlir mənbəyidir. Lakin 2017-ci ildə Azərbaycanda gömrük rüsumlarından gələn gəlir cəmi 706.9 milyon manat olub, hansı ki ümumi gəlirlərin 4.3%-i təşkil edib[3]. Beləliklə deyə bilərik ki, dövlət büdcəsinə ciddi təzyiq qoymadan da rüsumları əksər məhsullarda azaltmaq mümkündür. Bu səbəbə görə beşinci motivə bu yazının geri qalan hissəsində əhəmiyyət verməyəcəm.

Azərbaycanın proteksionizmini yuxarıdakı 4 motivdən (sonuncusunu çıxmaq şərti ilə) hansına aid etmək olar? Şübhəsiz ki, bu dördüncü motiv (ədalətsiz ticarət) deyil, çünki hər şey bir yana, biz özümüz yüksək standardları olan Avropanın inkişaf etmiş ölkələri üçün ədalətsiz ticarət yarada bilərik. Bunun əsas səbəbləri əlbəttə Qərb ölkələrinə nisbətən xeyli aşağıda olan əmək/təhlükəsizlik standardları və faktiki olaraq idarə edilən məzənnə siyasətidir. Siz deyə bilərsiniz ki, regiondakı Türkiyə, Rusiya və İran kimi ölkələrin valyutalarının son dövrlərdə ciddi dəyər itirməsi Azərbaycan üçün ədalətsiz ticarət mühiti yaranır, lakin unutmamaq lazımdır ki, Azərbaycan Dollar və ya Avro kimi daha stabil valyutaları olan ölkələrdən gələn məhsullara da eyni ölçüdə rüsumlar tətbiq edir.

Dördüncü motivi çıxdıqdan sonra bizdə geriyə üç motiv qalır. Onları daha yaxşı analiz etmək üçün idxal məhsullarını ümumi olaraq iki kateqoriyya bölək: kənd təsərrüfatı istehsal edilmiş məhsullar.

  1. Kənd təsərrüfatı məhsulları: Azərbaycana idxalının böyük əksəriyyəti ya 15% ya da spesifik bir dərəcədə rüsuma məruz qalır. Geriyə qalan üç motivdən birincisi (körpə sektorlar) açıq şəkildə kənd təsərrüfatına şamil edilə bilməz. Belə ki, bu sektor hər nə qədər Azərbaycanda intensiv şəkildə inkişaf etməmiş olsa da, yeni yaranan bir sektor da deyil. Üçüncü motivdə də qeyd olunduğu kimi kənd təsərrüfatının bütovlükdə unutmaq da yaxşı bir ideya deyil, çünki bu ərzaq təhlükəsliyi baxımından ölkə üçün problem yarada bilər. Deməli üçüncü motiv baxımından kənd təsərrüfatındakı rüsumlar müəyyən qədər başa düşüləndir. Bundan əlavə rusümlar ticarət kəsrini azaltmaq niyyəti ilə də tətbiq edilir. Lakin fikrimcə belə qısa müddətli qanunlar azad ticarətin əsas mahiyyətinə zidddir. Bəlkə də bizim inkişaf etməyən qeyri-neft sektorumuzun bu vəziyyətdə olmasının səbəbi də məhz istehsalçıların özlərini inkişaf etdirməyə motivasiyalarının olmamasıdır. Böyük şirkətlər üçün xarici rəqabətlə mübarizə etməkdənsə lobbiçilik vasitəsi ilə proteksionist ölçülərin artırmaq/vaxtını uzatmaq daha dəfələrlə daha asandır.
  2. İstehsal edilmiş məhsullar: nəqliyyat vasitələri, onların hissələri, elektronik aparatlar, əczaçılıq məhsulları və s. Azərbaycanın ən çox idxal etdiyi məhsullardır. Bu məhsulların əksəriyyəti 15% rüsuma şamil olunur. Biz rahatlıqla deyə bilərik ki bunlar stratejik məhsullar deyillər, deməli üçüncü motivi çıxa bilərik. Bəs birinci motiv (körpə sektorlar) necə? Deyə bilərik ki Azərbaycan demək olar ki əczaçılıq və ya avomobillər istehsal etmir. Düzdür, birinci Naxçıvan Avtomobil Zavodu (NAZ) və indi də Azərmaş ASC yerli və MBD bazarları üçün avtomobil istehsal etməyə çalışır, lakin avtomobillərə tətbiq olunan idxal rüsumları həqiqətən də bu “körpə istehsalçılar”-ı qoruyurmu? Mən əminliklə deyə bilərəm ki bu hal belə deyil, çünki NAZ 2017-ci ilin ilk 6 ayı ərzində cəmi 21 maşın istehsal edib[4]. İnsanlar tariflərə görə dəfələrlə daha yaxşı keyfiyyətə malik olan xarici maşınların yerinə NAZ almırlar. Bu proteksionist qanunlar bizim ticarət balansımıza da müsbət təsir göstərməyəcək çünki yenə də, əksər mal qruplarında insanların həqiqi alternativi yoxdur. Bazarda yerli mobil telefon, laptoplar, kameralar, televizor setləri və ya oyun konsolları yoxdursa bu məhsullara yüksək tarif qoyulmasının mənası nədir? Onlar hansı “körpə sektoru” qoruyurlar? Onlar hansı alternativ yerli məshulları daha rəqabətcil edirlər? Bu sualların heyif ki cavabı yoxdur. Bəlkə bu rusümların istifadə edilməsinin məntiqi idxalın həcmini azaltmaqdır? Əgər belədirsə də bu qeyri-effektiv yanaşmadır çünki telefon, laptop və digərləri artıq həyatımızın ayrılmaz parçasına çevrilib. Mən deyərdim ki günümüzdə bu məhsullar qeyri-elastik tələbə malikdirlər (yəni qiymət yüksək dərəcədə dəyişsə belə insanların tələbi o qədər də dəyişmir), hansı ki geriyə qalan son motivi (ikinci – idxaldan asılılığı azatlmaq) də etibarsız edir.

Nəticə

Mən inanıram ki, düzgün şəkildə tənzimlənmiş azad ticarət insanların rifahını ciddi şəkildə yaxşılaşdıra bilər. Burda əsl sual “yaxşı tənzimlənmiş” dedikdə nə başa düşməyimizdədir. Şübhəsiz ki, yerli istehsalatda alternativi olmayan məhsullara sırf büdcəyə gəlir toplamaq məqsədi ilə rusüm tətbiq etmək “yaxşı tənzimlənmə” hesab edilə bilməz. Bu halı biz Azərbaycanda yerli alternativ məhsullara, məsələn avtomobillərə, elektronik məhsullara və başqalarına tətbiq edilən tariflərdə görə bilərik. Mən razılaşıram ki, qida təhlükəsizliyi baxımından kənd təsərrüfatındakı rusümlar müəyyən qədər başadüşüləndir. Lakin onlar həm də daha səmərəli və ixtisaslaşmış istehsalın da qarşısını kəsirlər. Bəlkə də, artıq Azərbaycanın xarici ticarətdəki siyasətini dəyişmə vaxtıdır. Bu bir çox insanlar, əsasən də kənd təsərrüfatı ilə məşğul olanlar üçün asan proses olmayacaq, və müəyyən kütlə azad ticarət nəticəsində öz işinin yox olması ilə üzləşə bilər. Lakin bu itkiləri azad ticarətdən “qazananlardan” “uduzanlara” doğru müəyyən qədər gəlirin yenidən yönləndirilməsi ilə və məşğulluqda çətinlik çəkən əhaliyə düzgün peşələr öyrətmək və ixtisaslaşmaq imkanları yaratmaqla kompensasiya edilə bilər. Mənim fikrimcə, ixracat subsidiyaları vermək, dövlət tərəfindən idarə olunan zavodlar tikmək və ticarətə məhdudiyyətlər qoymaqdansa bu uzun və çətin ticarət liberalizasiyası Azərbaycanın qeyri-neft sektorunu dirçəltmək üçün yeganə çıxış yoludur.

Qeydlər

[1] https://www.cabmin.gov.az/page/doc/3008

[2] https://az.trend.az/azerbaijan/society/2950593.html

[3] http://www.maliyye.gov.az/node/966

[4] http://marja.az/news/10348

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s