Pis Qonşuluq: Manat Təzyiqlərə Tab Gətirə bilərmi?

Türkiyədəki siyasi gərginliklər və Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar Türk lirəsinin (TRY) kəskin şəkildə ucuzlașmasına və Rus rublunun (RUB) müəyyən qədər dəyər itirməsinə səbəb olaraq Azərbaycanda da bir növ devalvasiya abu-havası yaradıb. Bu yazı ilə fərqli amillərə baxaraq öz fikrimcə niyə devalvasiyanin[1] gözlənilən və ya gözlənilməyən olduğunu bildirməyə çalışacam.

  1. Niyə Manat dəyər itirə bilər?

İqtisadiyyatda ölkənin valyuta məzənnəsi ilə ixracı arasında mənfi bir əlaqənin olduğunu iddia edən geniş yayılmış nəzəriyyə var. Məsələn A ölkəsinin valyutası B ölkəsinin valyutasına nisbətən dəyər itirdikdə A ölkəsinin əmtəə və servisləri digərinkilərə nisbətən daha ucuz olacaqdır. Beləliklə güclü valyutaya malik olan ölkə (bu halda B ölkəsi) idxalın artmasına və ixracın azalmasına məruz qalaraq ticarət defisitinə yönələcək.

Bu nəzəriyyəyə əsaslanaraq bu yazıda son üç ay ərzində Azərbaycanın əsas ticarət partnyorlarının valyutalarının necə dəyişdiyini və bu dalğalanmaların bizim iqtisadiyyatımız üçün əhəmiyyətli təsir göstərib-göstərməyəcəklərini araşdıracam. Xatırladım ki analiz əsasən Azərbaycanın qeyri-neft/qaz ixracına fokuslanır, çünki neft və təbii qaz kimi xammal məhsulları məzənnədəki dəyişikliklərdən o qədər də təsirlənmir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin reportuna əsasən, 2018-ci ilin Yanvar – İyun aylarında Azərbaycanın ən çox qeyri neft/qaz məhsulları ixracı etdiyi 5 ölkə bunlardır: Rusiya (319.9 milyon ABŞ Dolları), Türkiyə (180.1 milyon ABŞ dolları), Gürcüstan (74.1 milyon ABŞ dolları), İsveçrə (69.3 milyon ABŞ Dolları) və Çin (23.9 milyon ABŞ dolları)[2]. İdxala gəldikdə isə, Azərbaycanın əsas tərəfdaşlarını aşağıdakı xəritədən görə bilərsiz:

Azərbaycanın əsas idxal tərəfdaşlarının coğrafi paylanması, İyul 2018

xerite.png

Mənbə: Dövlət Gömrük Komitəsi

İndi isə manatın (AZN) son üç ayda Azərbaycanın əsas qeyri-neft ticarət tərəfdaşlarının valyutalarına qarşı necə dəyişdiyinə baxaq:

Valyuta 1 May, 2018 10 Avqust, 2018 Dəyişmə
AZN/CHF 0.583 0.585 0.2%
AZN/GEL 1.441 1.452 0.8%
AZN/CNY 3.723 4.026 8.1%
AZN/RUB 37.037 39.2157 5.9%
AZN/TRY 2.389 3.373 41.2%

Mənbə: Azərbaycan Mərkəzi Bankı

Yuxarıdakı cədvəldən də göründüyü kimi Azərbaycan manatı digər bütün valyutalara qarşı dəyər qazanıb. Lakin aradakı dəyişmənin böyüklüyü müxtəlif valyutalarda ciddi şəkildə fərqlənir. Əvvəla, İsveçrə frankı (CHF) demək olar ki sabit qalıb. Hətta manat frank-a qarşı çox dəyər qazansa belə bu yenə də bizim üçün əhəmiyyətli olmazdı, çünki Azərbaycandan İsveçrəyə ixrac olunan əmtəə və servislərin böyük əksəriyyəti yalnız qızıldan ibarətdir. Gürcü larisi də cəmi 0.8% dəyər itirib, hansı ki elə də bir əhəmiyyət kəsb eləmir.

Digər tərəfdən Çin yuanının məzənnəsindəki düşüş isə müəyyən qədər diqqətəlayiqdir. Lakin mənim fikrimcə bu düşüş də 2 səbəbə görə mühüm deyil: (a) Azərbaycanın qeyri-neft/qaz ixraclarından cəmisi 1.81% Çinə gedir və (b) Azərbaycanın Çindən idxal etdiyi məhsulların böyük hissəsi, məsələn telefonlar, komputerlər və digər elektronikaların yerli istehsalatı yoxdur. Yerli alternativ olmadığından bu idxal məhsullarının yerli istehsalçılara zərər verməsi də mümkün deyil.

Əvvəl qeyd etdiyim kimi, burda baxmalı olduğumuz iki əsas valyuta əlbəttə Rus rublu və Türk lirəsidir.

Rusiya Federasiyası Azərbaycanın meyvə və tərəvəzləri kimi qeyri-neft/qaz məhsulları üçün açıq şəkildə ən böyük bazardır. O həm də Azərbaycanın önəmli ticarət tərəfdaşıdır, çünki ölkəyə gələn bütün məhsulların 15.88%-i Rusiyadan gəlir[3]. Bu idxal məhsullarının böyük bir hissəsini kolbasa, sabun, və yağ kimi gündəlik istehlak malları təşkil edir. Həmin məhsullar həm də Azərbaycanda yerli şəkildə istehsal edilməklə Rus məhsulları ilə rəqabətə girirlər. Ucuzlaşmış Rubl-u nəzərə alaraq Azərbaycanlı istehsalçılar bazarda paylarını itirməmək üçün öz mənfəət marjalarını aşağı salmalı olacaqlar. Lakin Rubl-un dəyər itirməsi sadəcə 5.9% olduğundan məzənnənin hazırdakı səviyyədə qaldığı müddətdə Azərbaycan iqtisadiyyatı üçün risk amili olmayacaq.

Gələk indi əsas məsələyə: Son üç ay ərzində Manata qarşı 41.2% dəyər itirən Türk lirəsi. Türkiyə Azərbaycanın həm idxalda həm də qeyri-neft/qaz ixracında Rusiyadan sonra ikinci sırada yerləşir. Bu o deməkdir ki Azərbaycan məhsulları Türkiyə bazarlarında 40% daha baha, Türk məhsulları isə Azərbaycan bazarlarında 40% daha ucuz olacaq. Rusiyadan gələn məhsullar kimi Türk importlarının da bir hissəsi yerli istehsalat ilə rəqabətə girir. Beləliklə heç bir şübhə yoxdur ki lirənin dəyərsizləşməsi yerli istehsalçılara çox böyük təzyiq göstərəcək. İxraca gəldikdə isə, yeni məzənnə nəticəsində böyük ehtimalla Azərbaycanlı qeyri-neft/qaz eksportları Türkiyə bazarlarında ciddi çətinlik çəkməklə yanaşı Rusiya bazarlarında da öz paylarını itirə bilərlər, çünki bizim kimi Türkiyə də Rusiyanı kənd təsərrüfatı məhsulları ilə təmin edir.

Təbii olaraq sual yaranır ki, görəsən Azərbaycanın bu vəziyyətdən çıxmaq üçün devalvasiyadan başqa yolu varmı? Ticarət partnyorlarının məzənəssi dəyərsizləşdikdə ölkələr adətən proteksionist alətlərdən, yəni yüksək tarif və rüsümlardan istifadə edirlər. Bu tariflər ucuzlaşmış idxal məhsullarının qiymətini müəyyən qədər qaldıraraq onların yerli istehsalçılar üzərində olan mənfi effektini nisbətən zəiflədir. Lakin siyasi əlaqələri nəzərə aldıqda Azərbaycanın Türkiyə və ya Rusiyaya qarşı tariflərdən istifadə etməsi ehtimalı azdır. Hətta belə bir siyasət yeridilsə belə yenə də problem tam şəkildə həll olunmur, çünki proteksionist tədbirlər sadəcə ucuz idxaldan “qoruyur”, yəni xarici bazarlarda rəqabət qabiliyyətini itirmiş ixrac məhsulları üçün heç nə etmir.

Yuxarıda qeyd edilmiş bütün məqamları yadda saxlayaraq deyə bilərik ki rubl və ən əsası da lirənin dəyər itirməsi Azərbaycanın xarici ticarəti üçün bir sıra problemlər yaradır. Bu halda manatın devalvasiya edilməsi ən sadə həll yoludur. Lakin biz həmdə devalvasiyanın gətirdiyi effektlərə və niyə Manatın belə yol getməməsinin vacib olduğuna baxmalıyıq.

  1. Niyə Manat dəyər itirə bilməz?

Manatın devalvasiyaya getməməsini dəstəkləyən bir neçə faktor var. Bunlar əsasən: stabil və nisbətən yüksək neft qiymətləri, maliyyə sektorun xarici valyutalardan yüksək asılılığı və əhalidə yaranmış devalvasiya paranoyasıdır. Gəlin onlara bir-bir baxaq.

15 Avqust tarixində 1 barel BRENT markalı xammal neft 71.70 ABŞ dollarına satılır və gələcək illər üçün olan proqnozlarda da sabit qiymət ehtimal edilir. ABŞ Enerji İnformasiya Agentliyi (EİA) 2019-cu ildə BRENT xammal neftinin bir barelinin 70.58 ABŞ Dollarına satılacağını proqnoz edir[4]. Beynəlxalq Enerji Agentliyinin (İEA)[5] və British Petroleum-un (BP)[6] təxminləri də yaxın gələcəkdə stabil neft qiymətlərini təsdiqləyir. Nəzərə alsaq ki, ixracımızın 80.7%-i xammal nefti təşkil edir (İyul 2018), neftin qiymətinin hazırdakı səviyyəsində qaldığı müddətcə Azərbaycan iqtisadiyyatı manatın məzənnəsini dəstəkləmək üçün xeyli xarici valyuta əldə edəcək. Mərkəzi Bankın xarici rezervlərindəki 2017-ci ilin yanvarından davam edəm yavaş artım da bu iddianı təsdiqləyir[7].

Mənim fikrimcə Mərkəzi Bankı mümkün devalvasiyadan ən çox çəkindirən faktor maliyyə sektorundakı hazırki vəziyyətdir. 2018-ci ilin İyun ayı etibarilə maliyyə təşkilatlarında olan depozitlərin 69.2%-i[8], kreditlərin isə 38.7%[9]-i xarici valyutadadır. Bugün banklar və digər maliyyə təşkilatları manatın ilk devalvasiya olunduğu 2015-ci ildəkindən belə daha ağır vəziyyətdə xarici valyutalardan asılıdırlar (2015-ci ilin Yanvarında rəqəmlər müvafiq olaraq 66.9% və 40.5% idi). Manatın məzənnəsi 3 il əvvəl kəskin şəkildə dəyişdirildikdə xarici valyuta ilə kredit götürmüş əhalinin birdən-birə iki dəfə artan borclarını ödəyə bilməməsindən banklar çətinliklərlə üzləşmişdilər. Onsuzda problemli kreditlərdən əziyyət çəkən sektor bir neçə bankın bağlanmasından sonra əhalinin etimadını itirərək kütləvi şəkildə banklardan depozitlərini çıxarması nəticəsində irihəcmli zərərlə fəaliyyət göstərməyə başladı. Son üç il ərzində devalvasiyalardan sonra Azərbaycanda 11 bank bağlanıb və nəticədə əhalinin ümumi sektora olan inamı aşağı səviyyələrdədir. Hökümət tərəfindən zəmanət və milli valyutada təklif olunan daha yüksək faizlərə baxmayaraq əhalinin böyük əksəriyyəti həm manata həm də maliyyə sektoruna hələ də etimad göstərmir. Növbəti bir devalvasiya (əgər olarsa) daha çox bankların batmasına və ümümiyyətlə maliyyə sektorunun çökməsinə gətirib çıxara bilər. Belə bir halın baş verməsi şübhəsiz ki iqtisadi genişlənməni uzun müddət xeyli yavaşladacaq.

Və son olaraq biz əhalinin gözləntilərini də hesaba qatmalıyıq. Yuxarıda verilən rəqəmlərdən də aydın olur ki, əhali milli valyutaya güvənmir. Əksəriyyət başa düşür ki hazırdakı məzənnə (1 ABŞ dolları = 1.70 AZN) süni olaraq saxlanılıb və birdən-birə ciddi şəkildə dəyişə bilər. Hətta məzənnə 1.70-dən yavaş şəkildə qalxaraq 1.75-ə gəlsə belə insanlar kütləvi olaraq manatlarını dollara dəyişəcəklər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov tərəfindən bu mövzuya aid bir yazıda Azərbaycanda məzənnəyə xırda xəbərlərin belə necə böyük reaksiyaya səbəb olduğunu təsvir edir (qeyd: yazı ingilis dilindədir)[10]. Bu panikaları nəzərə alaraq deyə bilərik ki Mərkəzi Bank cüzi bir devalvasiya zamanı belə ehtiyyatlı olmalıdır.

Nəticə

Mənim fikrimcə burada baxmalı olduğumuz əsas valyuta Türk lirəsidir. Onun dəyərdən düşməsi Azərbaycandakı yerli məhsullara təzyiq göstərməklə yanaşı Azərbaycanın Türkiyə və Rusiyaya olan qeyri-neft/qaz ixraclarına da maneə yarada bilər. Azərbaycan tərəfindən Türkiyə və Rusiyaya yüksək tariflərin qoyulmasının mümkünsüzlüyünü yadda saxlayaraq vəziyyətdən birbaşa çıxış yolu kimi devalvasiya göstərilə bilər. Lakin xatırladaq ki 2015-ci ildəki devalvasiyanın əsas səbəblərindən biri düşən neft qiymətləri fonunda hökümətin öz gəlirləri ilə xərclərini balanslaşdıra bilməməsi idi, yəni səbəb ixracla birbaşa əlaqəli deyildi. Bügün isə büdcənin balanslaşdırılmasıda elə də bir problem yoxdur. Doğrudur ki məzənnədəki son dəyişikliklər Azərbaycanın qeyri-neft/qaz sektorunun ixrac potensialına böyük zərər vurur, lakin bu “indinin problem deyil.” Düşünürəm ki neft sektorundan gələn stabil gəlirlərlə yanaşı yaxın illər üçün olan müsbət qiymət proqnozu, onsuzda kritik vəziyyətdə olan maliyyə sektorunun xarici valyutadan ciddi asılılığı, və əhalinin bugünki zehniyyəti bizə devalvasiyanın hal-hazırda Milli Bankın maraqlarında olmadığını deməyə əsas verir. Nəticə olaraq manatın gələcək aylarda əhəmiyyətli devalvasiyaya məruz qalması ehtimalı aşağıdır (əgər Türk lirəsi kəskin düşüşünü nisbətən yavaşladarsa). Hətta Mərkəzi Bank hər hansı bir səbəbə görə devalvasiyaya getməyə qərar alarsa belə, yəqin ki məzənnə az şəkildə dəyişərək təxminən 1 ABŞ dolları = 1.85 AZN səviyyəsinə gətirilər.

Qeydlər:

[1]Bu yazıda mən manata gəldikdə “dəyərdən düşmək” əvəzinə “devalvasiya” sözünü işlədəcəm, çünki faktiki olaraq Azərbaycanda üzən məzənnə rejimi yoxdur.

[2]http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/2018/iyul/ExportReview2018-7.pdf

[3]http://customs.gov.az/modules/pdf/pdffolder/71/FILE_C9FAFF-4A0744-9A5FD7-65A94F-3F5341-BF6BCA.pdf

[4]https://www.eia.gov/outlooks/steo/

[5]https://www.iea.org/Textbase/npsum/oil2018MRSsum.pdf

[6]https://www.bp.com/content/dam/bp/en/corporate/pdf/energy-economics/energy-outlook/bp-energy-outlook-2018.pdf

[7]https://www.cbar.az/assets/3572/2.2.pdf

[8]https://www.cbar.az/assets/3583/2.12.pdf

[9]https://www.cbar.az/assets/3578/2.7.pdf

[10]http://cesd.az/new/wp-content/uploads/2017/10/CESD_Article_Currency_Market.pdf

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s