Bir neçə gün əvvəl internetdə Azərbaycanın iyul ayındakı idxalının bu il üçün ən yüksək həddində olduğunu oxudum. Hamımız bilirik ki, Azərbaycan daha çox nəqliyyat vasitələri, telefonlar, dizüstü kompyuterlər kimi əşyalar idxal edir, amma yenə də bir neçə sual ağlımda qaldı. Xüsusi olaraq, əgər neft və qaz ixraclarını hesaba qatmasaq ticarət balansımız necə olar?
2018-ci ilin Yanvar – İyul aylarında Azərbaycanın ixracı və idxalı müvafiq olaraq 10,748 milyon ABŞ dolları və 5,776 milyon ABŞ dolları olaraq 4,972 milyon ABŞ dollarına bərabər müsbət ticarət balansına gətirib çıxarmışdır[1]. Yenə də, biz bilirik ki, bu ticarət balansı əsasən neft və qaz sektorunun hesabınadır. Biz bu sektoru kənara qoysaq, əlimizdə yalnız 1,322 milyon ABŞ dollarına bərabər ixrac qalır. Hətta bu məbləğin 25%-i də neft məmulatlarına aid olsa da, xam neft hesab olunmadığı üçün onları bərabərlikdən çıxarmamışam. Xam nefti və təbii qazı çıxartdıqda Azərbaycanın təqribi 5 milyard ABŞ dollarına bərabər olan müsbət ticarət balansı birdən-birə 4.45 milyard ABŞ dollarlıq ticarət kəsrinə çevrilir, hansı ki müvafiq period üçün olan Ümumi Daxili Məhsulun 17%-i təşkil edir. Bu rəqəm təklikdə Azərbaycan iqtisadiyyatının xam mallardan və eləcə də xarici idxaldan nə qədər asılı olduğunu göstərməyə yetərlidir.
Məsələni daha da araştırmaq üçün gəlin idxal və ixrac kategoriyalarına təklikdə baxaq. Bir çox mənbəyə əsasən Azərbaycanda pambıq, tütün, fındıq, şərab, çay və digər meyvə/tərəvəzlər kimi məhsullar inkişaf edib. Təbii olaraq insan fikirləşir ki, adıçəkilən məhsullardan olan ixracımız ticarət balansımıza müsbət təsir göstərməyə yetərli olmalıdır. Başqa sözlə, əgər biz həqiqətən də bu sahələrdə inkişaf etmiş və ixtisaslaşmışıqsa, onları idxal etdiyimizdən daha çox ixrac etməliyik. Gəlin baxaq bu həqiqətən də belədirmi.
Aşağıda Azərbaycanın ən yüksək net ixrac kateqoriyalarına aid cədvəl tərtib etmişəm. Net ixracı (ixrac- idxal) müqayisə üçün standart götürürəm, çünki əgər sektor yerli tələbatı ödəyə bilmirsə, (başqa sözlə əgər sektorda olan məhsulların müəyyən hissəsi xaricdən idxal edilirsə) bu sektoru inkişaf etmiş adlandırmaq məntiqsiz olar. Əvvəlcə mən ən yüksək 20 net ixracı olan sektorların cədvəlini yaratmaq istədim, lakin bu mümkünsüz oldu, çünki Gömrük Komitəsinin təmin etdiyi məlumata əsasən Azərbaycanın xarici ticarətində yer alan 97 kategoriyadan yalnız 12-də müsbət ticarət balansı mövcuddur. Mənim fikrimcə bu qeyri neft/qaz sektorunun necə kasad inkişaf etdiyini təsdiq edən başqa bir göstəricidir. Aşağıda yanacaqları (neft və qaz) çıxmaq şərti ilə Azərbaycanın müsbət ticarət balansına sahib olduğu 11 məhsul kateqoriyasını görə bilərsiniz:
Cədvəl 1: Azərbaycanın əsas ixrac kateqoriyaları, milyon ABŞ dolları
[2]KOD | Məhsul
|
İxrac | İdxal | Net ixrac |
7 | Tərəvəzlər | 185.1143 | 31.70036 | 153.414 |
52 | Pambıq | 59.8902 | 3.01908 | 56.8711 |
8 | Meyvə və Çərəzlər | 116.20148 | 64.27857 | 51.9228 |
76 | Alüminium və məmulatları | 77.76474 | 46.72756 | 31.0372 |
74 | Mis və məmulatları | 25.94762 | 8.57605 | 17.3716 |
41 | Gön və aşılanmış dəri | 8.0155 | 0.67663 | 7.33887 |
26 | Filizlər, slaklar və kül | 7.98087 | 0.86269 | 7.11818 |
78 | Qurğuşun və məmulatları | 6.54768 | 0.20325 | 6.34443 |
29 | Üzvi kimyəvi birləşmələr | 32.68174 | 29.64573 | 3.03601 |
13 | Şellak, qatran və bitki ekstaktları | 0.81485 | 0.26824 | 0.54671 |
5 | Başqa heyvani məhsullar | 0.60645 | 0.30416 | 0.30229 |
Ümumi: | 521.56553 | 186.26242 | 335.303 |
Gördüyünüz kimi, bütün kategoriyaların toplamındakı ümumi net ixrac 335.3 milyon ABŞ dollarına bərabərdir. Bu rəqəmin necə cüzi olduğunu daha yaxşı anlamaq üçün bəzi mənfi net idxala sahib kategoriyaları müqayisə məqsədi ilə qruplaşdırmışam. Aşağıdakı 5 qrupun hər birinin ümumi net idxalı yuxarıdakı 11 kategoriyadakı net ixracın cəmindən daha böyükdür.
Cədvəl 2 – 6: Azərbaycanın əsas idxal kateqoriyaları, milyon ABŞ dolları
Kod | Məhsul- Qrup A | İxrac | İdxal | Net ixrac |
73 | Qara metallardan məmulatlar | 34.94694 | 430.92283 | -395.976 |
Kod | Məhsul- Qrup B | İxrac | İdxal | Net ixrac |
85 | Elektronika | 12.19535 | 366.2989 | -354.104 |
Kod | Məhsul- Qrup C | İxrac | İdxal | Net ixrac |
87 | Nəqliyyat vasitələri və hissələri | 2.63164 | 309.70239 | -307.071 |
32 | Boya, lak, tanninlər | 1.3458 | 33.35493 | -32.0091 |
Ümümi: | 3.97744 | 343.05732 | -339.0799 |
Kod | Məhsul- Qrup D | İxrac | İdxal | Net ixrac |
10 | Dənli bitkilər | 1.94502 | 143.12747 | -141.182 |
90 | Optik və tibbi aparatlar | 5.20514 | 109.07933 | -103.874 |
48 | Kağız və karton məhsulları | 1.02088 | 76.79056 | -75.7697 |
4 | Süd məhsulları, yumurta, bal… | 6.40325 | 73.29643 | -69.6787 |
Ümümi: | 13.4138 | 403.9188 | -390.505 |
Kod | Məhsul- Qrup E | İxrac | İdxal | Net ixrac |
24 | Tütün və əvəzediciləri | 6.40325 | 73.2964 | -66.8932 |
69 | Keramika məmulatları | 0.12638 | 50.1898 | -50.0634 |
31 | Gübrələr | 0.3606 | 49.58 | -49.2194 |
17 | Şəkər və məmulatları | 15.1866 | 61.9471 | -46.7605 |
64 | Ayaqqabı, getrlər və hissələri | 0.10782 | 41.6095 | -41.5017 |
22 | Spirtli və spirtsiz içkilər | 8.06471 | 48.6464 | -40.5817 |
2 | Ət və ət əlavələri | 0.4436 | 37.8274 | -37.3838 |
Ümümi: | 36.1745 | 395.61 | -359.44 |
Bu cədvəllər bizə göstərir ki, Azərbaycanın öndə gedən tərəvəz, pambıq, meyvə, alüminium kimi qeyri-neft/qaz sektorlarından əldə etdiyi bütün “gəlirlər” qara metallardan məmulatların (Qrup A), və ya elektronikanın (Qrup B), və başqa qrupların “xərclərini” ayrı-ayrılıqda ödəməyə belə kifayət deyil. Burada sadə bir səbəbə görə mənə ən vacib görünən qruplar D və E-dir: biz yüksək miqdarda elektronika, nəqliyyat vasitələri, qara metal məmulatları idxal edirik çünki mobil telefonlar, kompyuterler, maşınlar və başqaları yüksək ixtisaslaşma tələb edir, hansı ki, biz bu sahələrdə inkişaf etməmişik. Digər tərəfdən isə Qrup D və E sadə və gündəlik məhsullardan ibarətdir. Xüsusilə Qrup E daha maraqlıdır çünki bu qrupda bizim özümüzün ixtisaslaşmış olduğumuzu iddia etdiyimiz tütün, şəkər, çay və içkilər kimi məhsullar var. Yanvar – İyul aylarında tütün idxalından 66.9 milyon ABŞ dolları itirmişik və bu rəqəm bizim pambıq ixracından əldə etidiyimiz gəlirlərdən daha böyükdür. Bir dəqiqə dayanaq və fikirləşək: son zamanlarda ölkəmizdə pambıq istehsalını ağ qızıl adlandıracaq qədər şişirdilən söhbətlər gedirdi. Doğurdan da, Azərbaycanın pambıq istehsalı son 2 ildə kifayət qədər artıb, lakin hələ də bütün pambıq ixracımız heç tütün və tütün məhsullarının “xərcini” belə qarşılaya bilmir. Məsələnin ciddiyəti tütünün Azərbaycandakı başqa “ənənəvi” sektor adlandırıldığında daha da artır.
Artıq aydındır ki bizim xarici ticarətdə xeyli problemlərimiz var, ancaq neft və qaz sektorunun bizim ticarət itkilərimizi asanlıqla kompensasiya etdiyindən problemlərin üstündən keçmək rahat olur. Ümumilikdə mən Azərbaycanın idxalını 2 kategoriyaya bölərdim:
- Maşın, dizüstü kompyuter, mobil telefon, lokomotiv, əczaçılıq məhsulları, taxta və s. hansı ki, ya yüksək səviyyədə ixtisaslaşma, ya da ki, bizdə aztapılan təbii sərvətlər tələb edir. Əfsuslar olsun ki, ikinci səbəbə dair edilə biləcək çox bir şey yoxdur. Misal üçün, Azərbaycanın yalnız 11%-i meşə örtüyü təşkil edir, bu da o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan kağız və oxşar məhsulları istehsal etməyəcək. Digər tərəfədən isə ixtisaslaşma zamanla nail ola biləcəyimiz bir amildir. Ancaq bir çoxlarımız NAZ (Naxçıvanın maşın istehsal edən şirkəti), Kür (Mingəçevirin kompyuter istehsal edən şirkəti) və başqalarının uğursuzluqları ilə tanışıq. Bu sahələrdə uğurlu şirkətin yaradılmasının tək yolu mənfəət stimullarıdır, hansı ki, faktiki olaraq dövlət tərəfindən idarə olunan NAZ və Kür şirkətlərində ciddi şəkildə çatışmır.
- İçkilər, ət, çay, tütün, süd, bal və digər kənd təsərrüfatı məhsulları. Onlar xüsusi olaraq istehsal edilməsi çətin məhsullar deyil, ancaq neft sektorunun hakimiyyəti digər sektorların fəaliyyətini uzun müddətdir ki sarsıdıb. Hazırki ilin ilk 7 ayı müddətində, bu məhsullar 400 milyon ABŞ dolları dəyərində idxal olunub. Hər kəs bu məhsulların ixrac imkanlarından danışır, lakin biz heç bu məhsullara olan yerli tələbatı belə ödəyə bilmirik. Davamlı olaraq pambığı xarici bazara ixrac etməyi (qeyd edim ki bu bizə yalnız 56.8 milyon ABŞ dolları gətirir) fikirləşmək əvəzinə, bəlkə də artıq başqa kənd təsərrüfatı məhsullarına olan yerli tələbatı ödəmək haqqında fikirləşməyin vaxtıdır? Çünki iqtisadi nöqtəyi nəzərdən baxdıqda 1$ daha az idxal 1$ daha çox ixracla eyni mahiyyəti daşıyır.
Bir sözlə, Azərbaycanın xarici ticarətindəki hazırki vəziyyəti dəhşətlidir. Biz sadəcə texnoloji cəhətdən qabaqcıl məhsulları yox, eləcə də sadə kənd təsərrüfatı məhsullarını idxal edirik. Qısa müddətdə mən inanıram ki, hökumət ixraca yönəldilmiş siyasətindən əl çəkməlidir (bəzi qaynaqlara görə əkinçilərə hətta pambıq əkmələri üçün təzyiq göstərilib[3]) və azad bazar stimulları yaratmalıdır ki, yerli təlabat ödənilsin. Uzun müddətdə isə bizim yeganə ümidimiz özəl sahibkarlara öz sahələrində ixtisaslaşmaları üçün əlverişli şəraitin yaradılmasıdır.
Qeydlər:
[1]Bu yazıda istifadə olunan bütün statistik məlumatlar Gömrük Koimtəsinin reportundan əldə edilmişdir: http://customs.gov.az/modules/pdf/pdffolder/71/FILE_C9FAFF-4A0744-9A5FD7-65A94F-3F5341-BF6BCA.pdf
[2]Məhsul kateqoriyaları haqqında məlumatları asanlıqla tapmaq üçün Gömrük Komitəsinin İyul hesabatındakı kodlar (səhifə 24-dəki əlavə 5) cədvəllərdə verilib.