Azərbaycanın Beton İqtisadiyyatı

Biz tez-tez hökümət xərclərinin artması ilə yaranan iqtisadi artım haqqında hekayələr eşidirik. Büdcə xərclərinin artırılması ilə aparılan genişləndirici fiskal siyasət əksər hallarda resessiya dövrlərində istehlakı stimullaşdırmaq üçün kifayət edir. Lakin bu halda resurslar səmərəli şəkildə istifadə olunmaya və iqtisadi artım uzun müddətdə dayanıqlı olmaya bilər.

Azəbaycanın büdcə xərclərinə baxdıqda görə bilərik ki, 2009 və 2017-ci illər istisna olmaqla büdcə xərcləri dayanmadan artır. İqtisadiyyatın genişləndiyini nəzərə aldıqda əslində artan büdcə xərcləri başadüşüləndir. Lakin 2001 – 2017-ci illər arasında Azərbaycanın iqtisadi artımının ədədi ortası 9.5% olsa da, büdcə xərcləri üçün eyni rəqəm 22.8%-dir. Əksər illərdə (2009 və 2014 – 2017ci illərdən başqa) büdcə xərclərindəki artım iqtisadi artımı üstələyir. Bu halda sual yaranır: Azərbaycanın iqtisadi inkişafı sadəcə olaraq yüksələn hökümət xərcləridirmi?

Büdcə xərcləri haqqında data toplayarkən mən qərara aldım ki, xərcləri Dövlət Statistika Komitəsinin (DSK) təsnif etdiyi kateqoriyalara uyğun olaraq ayrılıqda analiz edim. Bunlar İqtisadiyyat, Səhiyyə, Təhsil, Sosial Müdafiəİncəsənət xərc kateqoriyalarıdır[1] (ElmMəhkəmə kimi bir neçə başqa kateqoriya da var, lakin mən ən əsas bu beş qrupa diqqət yetirməyi qərara aldım). Bu kateqoriyalar içərisindən məni ən çox maraqlandıran isə İqtisadiyyat-dır, çünki bura tikinti üzrə ayrılmış xərclər də daxil edilir. Ümid edirəm ki, bu yazının sonunda tikinti xərclərinin niyə önəmli olduğunu izah edə biləcəm.

İndilik Azərbaycanın iqtisadi artımı ilə İqtisadiyyat xərclərinin qrafikinə baxaq.

Diaqram 1: İqtisadi artım və İqtisadiyyat xərcləri

Qraf001.png

Mənbəə: Dövlət Statistika Komitəsi (DSK)

Diaqrama baxdığımızda bu iki dəyişənin arasında müəyyən asılılığın olduğunu aydın şəkildə görmək mümkündür. Lakin bu Azərbaycan iqtisadiyyatının artan “İqtisadiyyat” xərcləri hesabına böyüdüyünü deməyə əsas vermir, çünki əlaqə əks istiqamətli də ola bilər. Bir başqa sözlə, mümkündür ki, iqtisadiyyat artdığı üçün tikinti xərcləri də artır. Bu mövzunu daha da dərindən analiz etmək üçün Korrelasiya Əmsalı (KƏ) adlı sadə bir ölçüdən istifadə edəcəyik. Ümümi olaraq bu əmsal iki dəyişənin necə əlaqələndiyini göstərir. Bir digər sözlə, dəyişənlər arasında əlaqə varmı və əgər varsa bu əlaqə nə qədər güclüdür? Əmsal -1 ilə +1 arasında dəyişir və aşağıdakı düstur vasitəsi ilə hesablanır[2]:

dustur.png

Burada n nümünə ölçüsü (sample size), x y isə bizim dəyişənlərimizi göstərir. Mənim hesablamalarımda x Azərbaycanın iqtisadi artım faizi, y isə sıra ilə İqtisadiyyat, Təhsil, Səhiyyə, Sosial Müdafiə İncəsənət xərcləri olaraq. Hesablamaların nəticələri aşağıdakı cədvəldə verilib:

Cədvəl 1: Müxtəlif xərc qruplarının Korrelasiya Əmsalları

Xərc Kateqoriyası İqtisadiyyat Təhsil Səhiyyə Sosial Müdafiə İncəsənət
Korrelasiya Əmsalı 0.8038 0.6935 0.8060 0.3200 0.0641

Mənbə: Dövlət Statistika Komitəsi, müəllifin hesablamaları

Bu əmsalları səhv başa düşməmək üçün trendə mütləq fikir verməliyik. Azərbaycan iqtisadiyyatı da Azərbaycan əhalisi kimi son 20 ildə böyüyüb və bu təbii olaraq bir çox büdcə xərclərinin də müəyyən qədər artmasında öz əksini tapır. Yuxarıda qeyd edilən xərclərin və iqtisadi artımın eyni istiqamətdə irəliləməsi o deməkdir ki, bizdə yüksək Korrelasiya Əmsalı olsa belə bu təkbaşına hərhansısa bir əlaqəni sübut etmir. Yüksək əmsalın səbəbi sadəcə olaraq trend də ola bilər.

Mövzunu daha da yaxşı qavramaq üçün mən başqa bir statistik indikatordan, Variasiya Əmsalından (VƏ) (Coefficent of Variation) istifadə eləyəcəm. Bu rəqəm Standart Uzaqlaşmanın ədədi ortaya bölünməsi ilə alınır. Nisbətən yuxarı olan Variasiya Əmsalı həmin dəyişənin ciddi şəkildə dəyişikliyə məruz qaldığından xəbər verir. Aşağıdakı cədvəldən nəticələri görə bilərsiniz:

Cədvəl 2: Müxtəlif xərc qruplarının Variasiya Əmsalları

Xərc Kateqoriyası İqtisadiyyat Təhsil Səhiyyə Sosial Müdafiə İncəsənət
Ədədi Orta 0.008 0.068 0.085 0.133 0.180
Standart Uzaqlaşma 0.216 0.063 0.082 0.181 0.567
Variasiya Əmsalı 27.091 0.935 0.966 1.359 3.151

Mənbə: Dövlət Statistika Komitəsi, müəllifin hesablamaları

Əvvəla, İncəsənət xərcləri ilə iqtisadi artım arasındakı əlaqə gözlənildiyi kimi çox zəifdir (KƏ = 0.064). Bu kateqoriyaya aid olan xərclərin dövlət büdcəsindəki payı da çox kiçikdir (cəmi 1.44%) və buna görə də iqtisadi artım vaxtlarında İncəsənət xərcləri artsa belə, bu Azərbaycan iqtisadiyyatı üçün o qədər də əhəmiyyət kəsb etmir.

Digər üç kateqoriya, Təhsil, Səhiyyə Sosial Müdafiə müəyyən qədər sosial önəm daşıyır və buna görə də büdcə xərclərini azaltmaq lazım olsa belə, hökümət bu üç istiqamətdə olan xərcləri ciddi şəkildə azalda bilməz. Bu xərclər əhaliyə yönəldiyindən son iki onillik ərzində məntiqi olaraq stabil şəkildə artmalıdır. Təhsil Səhiyyə xərcləri həqiqətən də belədir. Yüksək Korrelasiya Əmsalı və aşağı səviyədə olan Variasiya Əmsalı da onların stabil şəkildə artdığı fikrini dəstəkləyir.

Lakin Sosial Müdafiə xərclərində vəziyyət nisbətən fərqlidir, çünki bu kateqoriyanın Korrelasiya Əmsalı cəmi 0.32-ə bərabərdir. Biz bu üç xərcin aşağıda verilən diaqramına də baxdıqda aydın şəkildə görə bilərik ki, Sosial Müdafiə xərcləri TəhsilSəhiyyə xərclərindən dəyişkən olması ilə fərqlənir. Bunun səbəbi isə böyük ehtimalla büdcədəki Sosial Müdafiə xərclərinin yükünü azaltmaq və Sosial Müdafiə Fondunun maliyyə cəhətdən daha azad olması üçün atılan addımlardır. Hökümət tərəfindən azaldılan Sosial Müdafiə xərcləri böyük ehtimalla Fonda digər mənbələrdən gələn gəlirlərin artması ilə kompensasiya edilib.

Diaqram 2: “Sosial” xərclərin illər üzrə dəyişimi

Qraf002.png

Mənbə: Dövlət Statistika Komitəsi (DSK)

Gözlənildiyi kimi, İqtisadiyyat kateqoriyasının yüksək Korrelasiya Əmsalı var, çünki digərlərindən fərqli olaraq o sosial cəhətdən mühüm deyil. Beləliklə nə vaxtsa büdcəni balanslaşdırmaq (xərcləri azaltmaq) lazım gələrsə İqtisadiyyat xərcləri ilk kəsilən kateqoriyalardan biri olur. Büdcə xərcləri azaldıldıqda Azərbaycan iqtisadiyyatının artımı da zəifləyir. Beləliklə xərclərin Korrelasiya Əmsalı 0.80 olmaqla kifayət qədər yüksəkdir. Variasiya Əmsalı isə çox yüksək rəqəmə,  27.1-ə bərabərdir. Rəqəmlərdən açıq şəkildə görünür ki, bu kateqoriya dəyişkən olmaqla yanaşı Azərbaycanın iqtisadi artımı ilə də müəyyən əlaqədədir. Mən inanıram ki bu kateqoriya iqtisadiyyata “kömək” lazım olduqda ən çox artan, hökümət xərclərini azaltmaq lazım olduqda isə ən kəskin azaldılan kateqoriyadır. Bunun bir neçə səbəbi var:

  1. Xərcləri azaltmaq vacib olduqda İqtisadiyyat kateqoriyası kəsilir, çünki digərlərindən fərqli olaraq, onun heç bir sosial önəmi yoxdur. Bu xərclərin azaldılmasının heç uzun müddətli mənfi nəticəsi də demək olar ki mövcud deyil. Düzdür, belə bir halda biz lazımından böyük və təntənəli formada tikilmiş bir neçə park və ya hökümət binasından məhrum ola bilərik, amma bunun əhalinin əksəriyyətinin günlük həyatına hərhansı bir təsir göstərmə ehtimalı demək olar ki, yoxdur. Bu ssenarini bir də alternativ bir vəziyyətlə müqayisə edək, harda ki, İqtisadiyyat yerinə Sosial Müdafiə xərcləri kəsilir. Bu təqaüdçülər, əlilər və s. kimi sabit gəlirdən asılı olan əhalinin ən aztəminatlı qruplarına çox böyük təhlükə yarada bilər.
  1. İqtisadiyyat stabil olduqda hökümət iqtisadi böyümə əldə etmək üçün hansı sektora əlavə xərc (əgər əlavə gəlir varsa) qoyacağına qərar verməli olur. Bir neçə kateqoriya arasından İqtisadiyyat bəlkə də dövlət üçün ən məqsədəuyğun olanıdır. Birincisi, bu kateqoriyaya tikinti xərcləri daxildir, hansı ki Ümumi Daxili Məhsulu qısa müddətdə şişirtmək üçün əla vasitədir. Əgər hökümətin əlavə 100 manatı varsa və bu məbləği təhsilə ya da tikintiyə investisiya etmək seçimi qarşısında qalarsa əksər hallarda ikinci seçimə gedəcəkdir. Səbəb budur ki, əvvəla tikintiyə xərclənmiş 100 manat dərhal “Vuruq effektinə[3]” (multiplier effect) tabe olacaq və ilin sonunda ÜDM-ə daha çox əlavə dəyər qazandıracaq. Lakin təhsilə çəkilən xərclərin həmin effektə məruz qalması daha uzun müddət tələb edir. İkinci olaraq, şübhəsiz ki, təhsilə investisiya edilən 1 manat tikintiyə nisbətən gələcəkdə daha çox gəlir gətirir, lakin bunun üçün xeyli vaxt lazımdır. Məsələn bir bina sıfırdan 2 il müddətində tam tikilib istifadəyə hazır ola bilər, lakin hər hansı məktəblinin iqtisadiyyata güclü töhfə verməsi üçün ən az 10 – 15 il ibtidai, orta məktəb və bakalavr təhsili tələb olunur. Belə uzun müddətli investisiya bəzi səbəblərdən höküməti demotivasiya edir. Sonuncu olaraq da büdcədən tikinti üçün ayrılan xərclərin korrupsiya subyektinə çevrilməsi çox asandır, çünki bu xərclər üzərində ictimaiyyətin nəzarət mexanizmləri həddən artıq zəifdir.

Nəticə

Korrelasiya Əmsalları bizə göstərdi ki İqtisadiyyat, Səhiyyə Təhsil xərcləri Azərbaycanın iqtisadi artımı ilə müəyyən bir əlaqədə ola bilərlər. Təhsil Səhiyyə kateqoriyalarının Variasiya Əmsallarının nisbətən aşağı olması isə bizə onların çox da dəyişkən olmadıqlarından xəbər verir. Diaqram 2-ə baxdıqda bunun həqiqətən də belə olduğunu görmək və yüksək Korrelyasiya Əmsalının sadəcə trendin nəticəsi olduğunu anlamaq olar.

İqtisadiyyat kateqoriyasına gəldikdə isə, onun yüksək Variasiya Əmsalı bu xərclərin daha dəyişkən olduğunu görsədir. İqtisadiyyata təkan vermək, göydən düşmüş neft gəlirlərini harasa xərcləmək və ya hökümət xərclərini azaltmaq lazım olduqda İqtisadiyyat kateqoriyası əsas namizəddir, çünki, (a) onun sosial önəmi yoxdur, (b) digər investisiyalara nisbətən daha tez müddətdə gəlir gətirir və (c) zəif ictimai nəzarətə malikdir.

Deməli, yuxarıda sadalanan bütün faktorları nəzərə alıb deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı həqiqətən də İqtisadiyyat kateqoriyasına daxil olan xərclərdən (bir başqa sözlə tikinti xərclərindən) xeyli dəstək alır və bu heç də arzuolunan situasiya deyil. Başqa bir yazıda bunun niyə arzuolunmaz olduğunu izah etməyə çalışacam…

Qeydlər

[1] https://www.azstat.org/MESearch/details

[2] Mənim istifadə etdiyim düstur Pearson’s correlation coefficient adlanır və əmsalı hesablamaq üçün ən geniş şəkildə tətbiq olunan düsturdur.

[3] Vuruq effekti iqtisadiyyata əlavə olunan hər hansı bir məbləğin il sonuna qədər Ümumi Daxili Məhsula özündən bir neçə dəfə daha artıq təsir etməsidir. Belə ki, hökümətin xərclədiiyi əlavə 100 manat hər hansı bir şəxs və ya şirkətin gəliri olacaq. Bu şəxs/şirkət də əldə etdiyi yeni gəlirin müəyyən hissəsini başqa əmtəə və servislər üçün xərcləyəcək. Beləliklə ilin sonunda həmin 100 manat vuruq effektinə məruz qalaraq ÜDM-ə daha çox əlavə dəyər qatacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s