Azərbaycan nə qədər dünyaya inteqrasiya edib?

2008-2009-cu illərdə qlobal iqtisadiyyat dərin böhran yaşadığı müddətdə, Azərbaycanın illik ÜDM artımı hələ də ortalama 10%-ə bərabər olmaqla yaxşı nəticələr göstərirdi. Təbii olaraq, sual yaranır ki, qlobal böhran yaşandığı halda, Azərbaycan iqtisadiyyatı nəyə görə bundan təsirlənmirdi (bir digər sözlə, niyə iqtisadi artımda ciddi durğunluq yaşanmadı)?

Ortaya qoyulan sual Azərbaycanın dünyanın parçası olub-olmaması barədə yox (bəlli səbəblərə görə, əlbəttə belədir), daha çox Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına hansı dərəcədə inteqrasiya olmasındadır. Bu istiqamətdə ilkin fikrin yaranmasında bəzi elementar faktlar bizə kömək edə bilər, məsələn Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmaması. Lakin, situasiyanı tam başa düşmək və qonşu ölkələrlə müqayisə etmək üçün bizim daha çox göstəricilərə ehtiyacımız var. Bu səbəbdən, mən 3 ölkə üzrə (Azərbaycan, Gürcüstan və Türkiyə) altı istiqamətdə sadə indekslər formalaşdırdım. İndekslərin nəticələrini aşağıdakı cədvəldən görə bilərsiniz. Cədvəldən sonra isə izahata və şərhlərə gələcəyik [1]

Ölkə Ticarət Dövriyyəsi Xarici İnvestisiya Gələn Turistlər Pasportun gücü Birbaşa uçuşlar Biznes dövrü
Azərbaycan 0.229 0.291 0.104 0.355 0.355 -0.165
Gürcüstan 0.287 0.485 0.856 0.570 0.570 0.068
Türkiyə 0.491 0.135 0.188 0.565 0.565 0.220

Mənbələr: Dünya Bankı, Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət Statistika Komitələri, Passport Index, FlightsFrom, OECD, Müəllifin öz hesablamaları

Ticarət Dövriyyəsi: Bu indeks xarici ticarətin göstəricisidir. Yuxarıda qeyd edilən 3 ölkəni müqayisə etməyin ən sadə üsulu idxal və ixracatın cəmini (ticarət dövriyyəsi) həmin ölkənin əhalisinin sayına bölməkdir. Gözlənildiyi kimi, digər ölkələrə nisbətən daha çox inkişaf etmiş istehsal sektoruna malik Türkiyə nəticələrdən göründüyü kimi siyahıda liderdir. Düzünü desək, neft resurslarını nəzərə alaraq Azərbaycanın ikinci olmasını gözləyirdim, lakin Gürcüstan bu sahədə də bizi qabaqlayır. Mövcud statistikalara əsasən, baxmayaraq ki, ölkəmiz neft və qaz resursları ilə zəngindir, Gürcüstan Azərbaycana nisbətən adambaşına illik 580.9 ABŞ Dollarına bərabər daha çox xarici ticarət həyata keçirir.

Xarici İnvestisiya Axını: Ticarət məhdudiyyətlərinin daha az olduğu ölkələrdə istehsal və ölkədən ixracat xərclərinin digərlərinə nisbətən daha aşağı olur. Bunun nəticəsində, qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmuş ölkələr adətən daha çox xarici investisiya cəlb edirlər. Hesablamalardan maraqlı nəticələr meydana gəlir: mən göstəriciləri yenidən xarici investisiya həcmini əhali sayına bölərək əldə etmişəm. Digər iki ölkəyə nisbətən Türkiyənin aşağı nəticəsi 2 faktorla izah oluna bilər: a) Türkiyənin əhalisi Azərbaycana nisbətən 8, Gürcüstana nisbətən 22 dəfə çoxdur və b) artan siyasi qeyri-müəyyənliyə görə Türkiyəyə birbaş xarici investisiyaların həcmi son illər əhəmiyyətli dərəcədə azalmışdır (2015-2017-ci illərdə xarici investisiya axınının həcmi 40% azalıb).

Turizm və Pasport gücü: Daha çox iqtisadi inteqrasiya insanların azad (və ya nisbətən asan) hərəkətinə şərait yaradır. Bu fakt adətən ölkəyə gələn turist sayı və viza tələb etməyən ölkələrin sayında öz əksini tapır. İlk olaraq Turizmə baxaq. Turizm üzrə Gürcüstan, Türkiyəyə nisbətən adambaşı 4, Azərbaycana nisbətən isə adambaşı 8.5 dəfə daha çox turist qəbul edir. Digər iki ölkədən çox daha liberal siyasətin aparılması və Qərbə meyilli olması şübhəsiz ki Gürcüstanın turizm sektoruna öz müsbət təsirini göstərib. Pasportun gücü isə vizasız səyahət edilə bilən ölkələrin sayına əsasən ölçülür. Göstəricilər www.passportindex.com saytından götürülmüşdür. Bu istiqamətdə Türkiyə və Gürcüstan (uyğun olaraq 113 və 114 vizasız səyahət edilə biləcək ölkə) Azərbaycanla müqayisədə çox irəlidədirlər, Azərbaycan pasportu ilə isə yalnız 71 ölkəyə vizasız səyahət etmək  imkanı yaradır.

Birbaşa uçuşlar: Tədqiqatçıların bir ölkənin inteqrasiya səviyyəsini ölçmək üçün istifadə etdikləri göstəricilərdən bir başqası da ölkənin digər ölkələrlə hansı dərəcədə əlaqəli olmasıdır. Bunu ölçməyin bir yolu hava nəqliyyatı ilə ölkəyə birbaşa bağlı olan digər ölkələrin sayıdır (yəni Azərbaycan, Gürcüstan və Türkiyədən neçə ölkəyə birbaşa uçmaq olar) . Bu məqsədlə, 3 ölkənin ən böyük hava limanlarından birbaş uçuşların olduğu ölkələrin sayını tapdım. Nəticələrə əsasən, Azərbaycan və Gürcüstan Bakı və Tbilisidən 25 və 31 birbaşa uçuşla az-çox eyni mövqedədirlər. Gözlənildiyi kimi, Türkiyənin Atatürk Beynəlxalq Aeroportu ev sahibliyi etdiyi böyük beynəlxalq hava yolları sayəsində 98 birbaşa uçuşla rəqiblərini açıq şəkildə üstələyir.

Biznes dövrünün korrelyasiyası: Əvvəlki yazılarımdan birində korrelyasiya əmsalı adlanan sadə statistik göstəricidən istifadə etmişdim, hansı ki, iki dəyişənin nə dərəcədə eyni istiqamətdə hərəkət etdiyinin ölçür. Sadə yolla desək, yüksək korrelyasiya əmsalı 2 iqtisadiyyatın birgə böyüdüyünü və ya kiçildiyini deyir, yəni onlar artıq müəyyən səviyyədə bir-birinə inteqrasiya olublar. Həmin korrelyasiya əmsalının hesablanması üçün mən rüblük Ümumi Daxili Məhsul (ÜDM) artımını istifadə etmişəm, hansı ki, biznes dövrünü təmsil edir. Eyni düsturdan istifadə edərək, dünya iqtisadiyyatını təmsil edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (hansı ki özündə dünyanın ən böyük 34 iqtisadiyyatını birləşdirir) ölkələrinə qarşı Azərbaycan, Gürcüstan və Türkiyənin rüblük ÜDM artımının korrelyasiya əmsallarını hesablamışam. Gürcüstanda lazımi informasiya tam şəkildə açıqlanmadığından, dəyişənlər ancaq 2012-2018 arası dəyişir. Korrelyasiya əmsallarının cədvəldə göstərilən nəticələri gözlənilən kimidir. Xüsusi diqqətə dəyər nöqtə burda odur ki, Azərbaycanın korrelyasiya əmsalı mənfidir, yəni, bizim qlobal iqtisadiyyata inteqrasiya dərəcəmiz o dərəcədə aşağıdır ki, dünya iqtisadiyyatı böyüyəndə bizim iqtisadiyyat daha çox kiçilir.

Aşağıdakı hörümçək diaqramında nəticələrin qrafik təsvirini görə bilərsiniz.

spiderchart.png

Xarici ticarət və Biznes Dövrünün Korrelyasiyası kimi iqtisadi faktorlar və birbaşa uçuşların sayına gəldikdə, Türkiyə 3 ölkə arasında liderdir (yuxarıda sadalanan səbəblərə görə xarici investisiya axını burda istisnadır). Sosial və siyasi istiqamətlərdə, daha açıq desək, Pasportun gücü və Turist axınına görə isə Gürcüstan digər iki ölkəni üstələyir. [2]

Təəccüblü deyil ki, Azərbaycan bu istiqamətlərdən heç birinə ilk sırada yer almır. Xarici investisiyanın həcmini saymasaq (təbii resursların çoxluğuna görə), bütün göstəricilər üzərində Azərbaycan axırıncı yeri tutur.

Bu nöqtədə aydındır ki, Azərbaycanın Dünya İqtisadiyyatına inteqrasiyası aşağı səviyyədədir və bu hədəf üçün hazırda hər hansısa konkret addım aydın müşahidə edilmir. Türkiyə, Gürcüstan, Ermənistan, Ukrayna, Rusiya, Qazaxıstan və bir çox başqa ölkələr ÜTT-ə uğurla üzv olduqları halda, Azərbaycanda danışıqlar prosesi hələ də davam edir. Bu proses hətta məndən cəmi 78 gün daha cavandır (Azərbaycanla ÜTT arasında danışıqlar 16 İyul 1997-ci ildə başlanıb). Keçmiş Sovet ölkələrinə baxdıqda, regional inteqrasiyaya doğru aydın tendensiya görmək mümkündür. Baltik ölkələri çoxdan Avropa Birliyinə qoşulublar, Gürcüstan və Ukrayna AB-ə daxil olmaq prosesində irəliləyirlər. Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan Rusiya tərəfindən dominantlıq edilən Avrasiya İqtisadi Birliyinə daxil olublar, Tacikistanın da yaxın zamanda birliyin ən yeni üzvünə çevrilməsini gözləmək olar. Təcridatçı Türkmənistanı istisna etsək, aydın inteqrasiya siyasətinə malik olmayan yeganə 2 ölkə Azərbaycan və Özbəkistandır.

Nəticə

Bu yazıda istifadə etdiyim sadə göstəricilər və digər faktlar aşkarca nümayiş etdirir ki, Azərbaycan regional və qlobal səviyyədə inteqrasiyadan uzaqdır. Danmaq olmaz ki, inteqrasiya bu gün dayanıqlı iqtisadi inkişafın əsas elementlərindən biridir. İnteqrasiya resursların iqtisadiyyatın aşağı məhsuldarlığa malik hissələrindən daha yuxarı məhsuldarlıq göstərən sahələrinə keçməsinə uyğun şərait yaratmaqla yanaşı həm də texnologiya və biliyin transferini asanlaşdırır. İnteqrasiya ilə birlikdə gələn iqtisadi əlaqələr və qarşılıqlı bağlılıq da öz növbəsində hərbi konfliktlərin baş vermə ehtimalını azaldır. Bu doğrudur ki, prosesin bəzi mənfi tərəfləri də var, (məsələn, daha az məhsuldar sahələrdə işsizlik riski) amma gec və ya tez bu addım atılmalıdır. Mənfi tərəflərinə baxmayarq, inteqrasiyanın nəticəsində yaranan genişləndirilmiş xarici ticarət və ixtisaslaşma ümumi cəmiyyətin rifahını artırır.

Aydındır ki, dünyada olan müasir sosial-iqtisadi vəziyyət daha liberal iqtisadi siyasət tələb edir. Hindistan, Çin, Cənubi Koreya və bu yolu seçən digər ölkələrin uğuru bunun bariz nümunəsidir. Digər tərəfdən, təcrid olunmağı üstün tutan ölkələrdə isə (məsələn Şimali Koreya, Türkmənistan və ya Myanma) dünyanın digər yerlərindən çox daha aşağı yaşayış standartları mövcuddur. Bütün bunları nəzərə alaraq, Azərbaycanın atmalı olduğu ilk addım sözsüz ÜTT ilə danışıqları sürətləndirmək və ticarət məhdudiyyətlərini tədricən aradan qaldırmaqdır. Regional iqtisadi təşkilatlarda aktiv iştirak etmək də iqtisadiyyatı və cəmiyyəti gələcəkdə mümkün ola biləcək daha geniş iqtisadi/siyasi inteqrasiya proseslərinə hazırlaya bilər.

Qeydlər

[1] Nəzərə almağınız xahiş olunur ki, mən bu 6 göstəricini sadəcə bu 3 ölkə arasında müqayisə aparmaq üçün hazırlamışam. İlk 3 göstəricinin kriteriyası mənim tərəfimdən ölkələrin performansına uyğun müəyyən edilib. Məsələn, adambaşına düşən ticarət dövriyyəsi üçün, “0” ümumilikdə heç bir ticarətin olmadığını, “1” isə adambaşına düşən ticarət dövriyyəsinin 10,000 ABŞ dollarına bərabər olduğunu bildirir. Digər tərəfdən, son 3 göstərici (Pasportun Gücü, Birbaşa Uçuşlar və Biznes Dövrü) dünyadakı bütün ölkələri müqayisə etmək üçün istifadə oluna bilər.

[2] Hesab edirəm ki, Turizm sosial və ya siyasi faktordan daha çox iqtisadi faktordur. Lakin, Gürcüstandakı turizm artımının Avropaya meylliliyindən qaynaqlandığını nəzərə alanda, bu göstərici sosial və ya siyasi siyasətin nəticəsi kimi qələmə verilə bilər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s